İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz Gəncəyə səfəri çərçivəsində Gəncə Memorial Kompleksini ziyarət edib. Lent.az xəbər verir ki, səfir kompleksdə APA-ya müsahibəsində ziyarətdən aldığı təəssüratlar, Azərbaycan–İsrail münasibətlərinin perspektivləri, tarixi yaddaşın qorunmasının əhəmiyyəti və iki ölkə arasında əməkdaşlığın gələcək istiqamətləri barədə danışıb.
– Cənab səfir, Gəncəyə səfəriniz və burada Gəncə Memorial Kompleksini ziyarət etməyiniz Sizdə hansı təəssüratlar yaratdı?
– İlk növbədə, yenidən Gəncədə olmağımdan çox məmnunam. Bu, mənim Gəncəyə üçüncü səfərimdir. Bundan əvvəlki səfərlərim təxminən 12–13 il əvvəl baş tutmuşdu və yenidən burada olmaq mənim üçün böyük sevincdir. Bu abidə-kompleksini ziyarət etmək mənim üçün olduqca təsirli və duyğusal bir an idi. Çünki bu məkan Gəncəyə edilən hücumlar zamanı həyatını itirən və xəsarət alan insanların xatirəsinin yaşadılması baxımından son dərəcə mühüm əhəmiyyət daşıyır. İsraildən gələn bir insan olaraq, hər kəsin bildiyi kimi, təəssüf ki, biz də bu cür dəhşətli hadisələrdən əziyyət çəkirik. Azərbaycanın yaşadığı ağrı ilə İsrailin yaşadığı ağrı arasında mövcud olan bu mənəvi bağlılıq hər iki ölkənin dərindən anladığı və böyük dəyər verdiyi bir hissdir. Biz həyatını itirmiş insanların xatirəsini hər zaman ehtiramla yad edəcəyik.

Bu memorial kompleksi ziyarət etmək mənim üçün böyük bir şərəf oldu. Hesab edirəm ki, Azərbaycanın həyatını itirmiş insanların xatirəsinin yaşadılmasına və onların hekayəsinin müharibəni və münaqişə dövrünü yaşamamış yeni nəsillərə çatdırılmasına sərmayə qoyması son dərəcə mühüm əhəmiyyət kəsb edir. İnsanların yaddaşında və həyatında tarixi yaddaşın qorunub saxlanılması böyük dəyər verilməli olan bir məsələdir. Bu məkanı ziyarət etmək, Azərbaycanın bu tarixi yaşatmaq və onu dünya ictimaiyyətinə çatdırmaq istiqamətində səylərini yaxından görmək imkanı əldə etdiyim üçün özümü çox xoşbəxt və dərin hörmət hissi ilə qürurlu hesab edirəm.
– Gəncə Memorial Kompleksində Sizi ən çox təsirləndirən məqam nə oldu?
– Düşünürəm ki, dağıdılmış binaların qalıqlarını, onların üzərinə qoyulmuş oyuncaq ayıları görmək və burada uşaqların xəsarət aldığını, o cümlədən hücumlar zamanı altı uşağın həyatını itirdiyini bilmək, bir ata olaraq mənə ən çox təsir edən məqamlardan biridir. Biz hamımız övladlarımız və ailələrimiz üçün daha yaxşı bir gələcək qurmağa ümid edərək gələcəyə baxırıq. Təəssüf ki, bu mənzərələri görmək mənə çox dərin və şəxsi mənəvi təsir bağışladı.
– Azərbaycan ilə İsrail arasında mövcud əməkdaşlığı və iki ölkə arasındakı münasibətlərin gələcəyini necə qiymətləndirirsiniz?
– Qeyd edildiyi kimi, ölkələrimiz arasında münasibətlər son dərəcə dostluq xarakteri daşıyır. Hər iki ölkə bu münasibətlərin potensialını ən yüksək səviyyədə reallaşdırmaq baxımından bir-birini çox yaxşı anlayır və bu məsələdə ortaq baxışa malikdir. Ölkələrimiz arasında əməkdaşlıq enerji və müdafiə sahələrindən başlayaraq kibertəhlükəsizlik və süni intellekt, turizm, kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması və bir çox digər istiqamətləri əhatə edir. İnanıram ki, qarşıdakı dövrdə də bu münasibətləri daha da inkişaf etdirməyə davam edəcəyik. Xüsusilə qeyd edilməli olan mühüm məqamlardan biri Azərbaycanda yaşayan yəhudi icmasıdır. Bu icma əsrlər boyu burada sülh və qarşılıqlı hörmət şəraitində yaşayaraq ölkələrimiz arasındakı münasibətlərin inkişafına öz töhfəsini verib. Eyni zamanda, İsraildə yaşayan Azərbaycan diasporu da bu əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Məhz bu iki amil ölkələrimiz arasında möhkəm bir körpü yaradır və Azərbaycan ilə İsraili bir-birinə daha da yaxınlaşdırır.
– Gəncəyə səfəriniz çərçivəsində hansı istiqamətlərdə əməkdaşlığın inkişafı üçün yeni imkanlar görürsünüz?
– İlk növbədə, Gəncənin Azərbaycanın ikinci ən böyük şəhəri olduğunu nəzərə alsaq, bu şəhərə səfər etmək, onun tarixi və zəngin mədəni irsi, xüsusilə də dahi Nizami Gəncəvinin irsi, eləcə də digər görkəmli şəxsiyyətlərin irsi ilə yaxından tanış olmaq böyük əhəmiyyət daşıyır. Eyni zamanda, İsrail ilə Azərbaycan arasında biznes və iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanların araşdırılması da olduqca vacibdir. Ümid edirəm ki, bu səfərin nəticəsi olaraq akademik sahədə də əməkdaşlığımız daha da genişlənəcək. Xüsusilə Gəncədə fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti ilə İsrailin müxtəlif qurumları arasında artıq mövcud olan əməkdaşlığın daha da inkişaf edəcəyinə inanıram. Həmçinin ümid edirəm ki, bu səfər yeni təşəbbüslərin həyata keçirilməsinə təkan verəcək və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə və zənginləşməsinə mühüm töhfə verəcək.



