“Beynəlxalq ictimaiyyətin susqunluğu erməni vandalizminin genişlənməsinə səbəb oldu” - Nigar Məmmədova
17 sentyabr 2026 16:17 (UTC +04:00)

“Beynəlxalq ictimaiyyətin susqunluğu erməni vandalizminin genişlənməsinə səbəb oldu” - Nigar Məmmədova

0

"Azərbaycan uzun illər ərzində həm işğal siyasəti, həm də tarixi-mədəni irsin məhv edilməsilə mübarizə aparıb. Qarabağ və ətraf rayonlarda dağıdılmış şəhərlər, kəndlər, məscidlər, qəbiristanlıqlar və digər tarixi obyektlər münaqişənin ən ağır nəticələrindən biri olaraq qalır. 30 il ərzində işğalın davam etməsi, mədəni-tarixi irsin məhv edilməsi və ya saxtalaşdırılmasının əsas səbəblərindən biri də beynəlxalq ictimaiyyətin bu vandallıq qarşısında susqunluğu idi".

Lent.az xəbər verir ki, bu barədə deputat Nigar Məmmədova bildirib.

Onun sözlərinə görə, beynəlxalq irsin qorunmasında da ikili standartlara yer yoxdur:

"Halbuki beynəlxalq sənədlərdə də Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsin dağıdılması ilə bağlı məlumatlar qeydə alınmışdı. Beynəlxalq təşkilatlar ərazi bütövlüyünü və işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasını tələb edən sənədlər qəbul etsələr də, onların həyata keçirilməsi üçün təsir mexanizmlərinin olmaması işğalçının daha da azğınlaşmasına səbəb olurdu. Bu baxımdan 30 ilə yaxın davam edən münaqişə həm də beynəlxalq sistemin qəbul etdiyi qərarların icrası məsələsini aktuallaşdırırdı.

Mədəni irslə bağlı məsələ də bu prosesin tərkib hissəsi idi. Beynəlxalq irs təşkilatları Qarabağ münaqişəsi zamanı baş verənləri görməzdən gəlir və ya ədalət prinsipini pozaraq guya ermənilərə məxsus abidələrin dağılmasını iddia edirdilər. Məlum olduğu kimi, məscidin, kilsənin, qəbiristanlığın və ya başqa dini-mədəni obyektin hansı etnik qrupa məxsusluğundan asılı olmayaraq qorunması beynəlxalq hüququn və ümumbəşəri dəyərlərin tələbidir. Bu xüsusda beynəlxalq irsin qorunmasında da ikili standartlara yer yoxdur.

Cənab Prezident müsəlman dini liderləri ilə görüşdə də bildirdi ki, Qarabağda 65 məscid tamamilə dağıdılıb, bəzi məscidlər isə yarıdağıdılmış vəziyyətdə olub: "Bütün bunları dünya bilməlidir. Amma dünya 30 il ərzində buna göz yumub".

Təsadüfi deyil ki, dövlət başçımız Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyəti, eyni zamanda ATƏT-in Minsk Qrupunun yarıtmaz missiyasına da toxunaraq bildirdi ki, Azərbaycanın əsas tələblərindən biri Qarabağ münaqişəsinə siyasi qiymət verilməsi olub. Rəsmi Bakı Avropa Şurasından hərbi müdaxilə deyil, siyasi qərar  - işğalçının öz adı ilə çağırılmasını gözləyirdi. Lakin təəssüf ki, bu, baş vermədi.

Azərbaycan öz tarixi təcrübəsindən çıxış edərək birlik məsələsinə xüsusi əhəmiyyət verir. Türk dünyası, Qafqaz və İslam aləminin birliyi bu gün həm də siyasi və təhlükəsizlik amilidir. Öz ərazi bütövlüyü və suverenliyini öz gücü hesabına bərpa edən Azərbaycan bu təcrübəyə əsaslanaraq hesab edir ki, beynəlxalq sistemdə öz mövqeyini müdafiə etmək üçün yalnız hüquqi arqumentlər kifayət etmir. Dövlətin siyasi, iqtisadi və hərbi imkanları, eləcə də regional və beynəlxalq tərəfdaşlıqları da əhəmiyyət daşıyır. Cənab Prezidentin də bəyan etdiyi kimi, “bizim birliyimiz hər birimizi gücləndirəcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar