Bişkek sammit rejimində:  küçələrdə postlar, hotellərdə gücləndirilmiş nəzarət - REPORTAJ
31 avqust 2026 16:26 (UTC +04:00)

Bişkek sammit rejimində: küçələrdə postlar, hotellərdə gücləndirilmiş nəzarət - REPORTAJ

0

Xəbər verdiyimiz kimi, Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirləri keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gedib.

Bişkekdə şəhərin adi ritminə bu günlərdə fərqli bir ab-hava qarışıb. Paytaxtın əsas küçələrində hərəkət edərkən bunu ilk növbədə yol kənarlarında qurulan təhlükəsizlik postlarından, hotellərin qarşısında növbə çəkən əməkdaşlardan və tez-tez rast gəlinən rəsmi kortejlərdən hiss etmək olur.

Şanxay Əməkdaşlıq Təşkilatının tədbirləri Qırğızıstan paytaxtında təhlükəsizlik rejimini nəzərəçarpacaq dərəcədə sərtləşdirib.

Lent.az-ın Bişkekə ezam olunmuş əməkdaşının müşahidələrinə görə, xüsusilə xarici nümayəndə heyətlərinin yerləşdiyi hotellərin və tədbirlərin keçiriləcəyi məkanların ətrafında nəzarət daha güclüdür. Şəhərin müxtəlif nöqtələrində hüquq-mühafizə orqanlarının əməkdaşları fasiləsiz xidmət aparırlar.

Qırğızıstanın Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər dövlət qurumlarının ümumilikdə 15 minə yaxın əməkdaşı gücləndirilmiş iş rejiminə keçirilib.

Hotellərin qarşısında qurulan postlarda növbələr hər 12 saatdan bir dəyişir. Ərazidə təkcə polis əməkdaşlarına deyil, digər dövlət strukturlarının nümayəndələrinə də rast gəlmək mümkündür. Hətta hotellərin mühafizəsinə vergi xidmətinin əməkdaşları da cəlb olunub.

Diqqət çəkən məqamlardan biri də hotellərin yaxınlığında elektrik şəbəkələrinin əməkdaşlarının növbə çəkməsidir. Onlar mümkün texniki problemin operativ şəkildə aradan qaldırılması üçün ərazidə hazır vəziyyətdə saxlanılırlar.

Gecə saatlarında təhlükəsizlik tədbirləri daha aydın görünür. Küçələrdə növbə çəkən əməkdaşların geyimlərinə qırmızı və mavi rəngdə yanıb-sönən xüsusi işıq siqnalları bərkidilib. Məqsəd onların rəsmi kortejlərin sürücüləri tərəfindən uzaqdan görünməsini təmin etməkdir.

Bişkekin əsas yollarında gün ərzində müxtəlif nümayəndə heyətlərinə məxsus avtomobil kortejlərinə də rast gəlmək olur. Sammitdə iştirak üçün Qırğızıstana 21 ölkədən nümayəndə heyətlərinin gəlməsi şəhərin gündəlik həyatına da təsirsiz ötüşməyib.

Bu dəyişikliklər təkcə küçələrdə hiss olunmur. Şəhərdəki ticarət mərkəzlərindən biri sammit günlərində ziyarətçilər üçün bağlanıb və jurnalistlərin fəaliyyətinə ayrılıb. Burada müxtəlif ölkələrdən gəlmiş media nümayəndələri üçün iş şəraiti yaradılıb.

Bişkekdə olduğumuz müddətdə şəhərin demək olar ki, hər əsas nöqtəsində böyük tədbirə hazırlığın izlərini görmək mümkündür. Bir tərəfdə yolboyu düzülən təhlükəsizlik postları, digər tərəfdə hotellərin qarşısında dayanan əməkdaşlar, arada isə şəhərin küçələrindən keçən rəsmi kortejlər...

Qırğızıstan üçün sıx tədbir proqramı bununla yekunlaşmır. Ölkə eyni zamanda Dünya Köçəri Oyunlarının açılışına hazırlaşır. Məlumata görə, oyunlarla əlaqədar Qırğızıstana təxminən 100 min iştirakçı və qonağın gələcəyi gözlənilir.

Bu səbəbdən yaxın günlərdə Bişkekin həm siyasi, həm də beynəlxalq tədbirlərin əsas mərkəzlərindən birinə çevriləcəyi gözlənilir. Şəhərdəki hazırkı mənzərə isə göstərir ki, Qırğızıstan buna təkcə protokol səviyyəsində deyil, təhlükəsizlik və infrastruktur baxımından da ciddi hazırlaşır.

 

Faiq Mahmudov, xüsusi olaraq Lent.az üçün

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 130

Oxşar yazılar