İran İslam Respublikasının Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçilunun APA-ya müsahibəsi
- Cənab səfir, İran və Azərbaycan arasında son dövrlərdə siyasi münasibətlərin dinamikasını necə qiymətləndirirsiniz?
- İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında son dövrdə siyasi münasibətlər müsbət, konstruktiv və qarşılıqlı mənafelərə söykənən inkişaf yolu keçib. Mütəmadi şəkildə həyata keçirilən qarşılıqlı heyət mübadilələri, yüksək səviyyəli rəsmi görüşlər və davamlı siyasi dialoq platformaları həm Tehranın, həm də Bakının ikitərəfli münasibətlərin hərtərəfli genişləndirilməsinə müstəsna əhəmiyyət verdiyini aydın şəkildə nümayiş etdirməkdədir.
Qarabağ münaqişəsinin uğurlu həlli ilə bütövlükdə region davamlı sülhün, dayanıqlı sabitliyin və iqtisadi tərəqqinin başlanğıcı olan yeni bir eraya qədəm qoyub. Bu əlamətdar amil, xüsusilə iki qardaş və dost dövlət arasında mehriban qonşuluq prinsiplərinə əsaslanan əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı faydalı münasibətlərin inkişafı üçün əvəzsiz və tarixi fürsət kimi qiymətləndirilir. Regional müstəvidə yaranmış bu yeni şərait tranzit, enerji təhlükəsizliyi, ticarət, investisiya və humanitar mübadilə sahələrində iqtisadi əməkdaşlığın hərtərəfli genişləndirilməsi və regionda möhkəm həmrəyliyin təsis edilməsi üçün əlverişli zəmin formalaşdırıb.
- İki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün hansı yeni təşəbbüslər planlaşdırılır?
- Planlaşdırılan mühüm təşəbbüslər sırasında ticarət subyektləri və sahibkarlar arasında əlaqələrin sadələşdirilməsi, yükdaşımaların sürətləndirilməsi, eləcə də iqtisadi əməkdaşlıqda müasir kommunikasiya texnologiyalarından istifadəni nəzərdə tutan yeni və səmərəli mexanizmlərin təsis edilməsi prioritet təşkil edir. Həmçinin hər iki tərəfin iqtisadi potensialının daha dərindən öyrənilməsi, mal və xidmətlərin mübadiləsinin daha operativ şəkildə reallaşdırılması məqsədilə yeni ikitərəfli razılaşmaların imzalanması bu prosesin əsas strateji vəzifələri sırasında yer almaqdadır.

Azərbaycan qazının İran ərazisindən keçməklə Naxçıvana çatdırılması layihəsi icraatdadır
- Enerji, sənaye və kənd təsərrüfatı sahələrində birgə layihələrin perspektivlərini necə görürsünüz?
- Enerji sektorunda ikitərəfli əməkdaşlıq elektrik enerjisinin istehsalı və ötürülməsi istiqamətlərində uğurla inkişaf etməkdədir. Hər iki tərəf yeni elektrik istehsalı və mübadiləsi layihələrini təşviq edir. Eyni zamanda, İran, Azərbaycan və Rusiya Federasiyası arasında elektrik şəbəkələrinin üçtərəfli inteqrasiyası üzrə proqram yekunlaşma mərhələsindədir, bu da tələbat yarandığı təqdirdə, enerji mübadiləsinin qarşılıqlı əsaslarla reallaşdırılmasına imkan yaradacaq. Qaz mübadiləsi - swap əməliyyatları da uğurla davam etdirilir. Xüsusilə, Azərbaycan qazının İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına çatdırılması layihəsi icraatdadır.
Bundan əlavə, Xəzər dənizindəki karbohidrogen yataqlarının birgə işlənməsi və istismarı ilə bağlı müzakirələr davam etməkdədir. İran və Azərbaycan Xudafərin və Qız Qalası su elektrik stansiyalarının tamamlanması və istismara verilməsi məsələsini gündəmdə saxlayır. Qeyd olunan bu layihələr yalnız elektrik təchizatına töhfə verməklə məhdudlaşmır, eyni zamanda, su ehtiyatlarının səmərəli idarə olunması və kənd təsərrüfatı sektorunda da mühüm strateji rol oynayır.
İran şirkətləri Qarabağda bərpa layihələrində fəal iştiraka maraq göstərir
Sənaye sahəsində isə iki ölkənin şirkətləri arasında əməkdaşlıq uğurla güclənməkdədir. İran şirkətləri, xüsusilə Azərbaycanın Qarabağda azad edilmiş ərazilərin sənaye infrastrukturunun bərpası layihələrində fəal iştirak etməyə xüsusi maraq göstərməkdədir. Həmçinin İran şirkətlərinin Bakıdakı sənaye və tikinti sərgilərində, o cümlədən "Baku Build 2025" sərgisində iştirakı, mal və xidmətlərin ixracı ilə bağlı aparılan danışıqlar iki ölkə arasında sənaye sektorunda əməkdaşlığın dayanıqlı inkişafının əsas göstəricisidir.

- Azərbaycan-İran Hökumətlərarası Komissiyasının son iclasında hansı konkret razılaşmalar əldə olunub?
- 2025-ci ilin yanvar ayında Tehran şəhərində keçirilmiş son Birgə Komissiya iclasında iki ölkə arasında əməkdaşlığın geniş spektri diqqətlə nəzərdən keçirilib. Tərəflərin əsas diqqət mərkəzində enerji təhlükəsizliyi və tranzit sahələrindəki strateji əməkdaşlıq durub. Bundan əlavə, gömrük prosedurları, səhiyyə, kənd təsərrüfatı, investisiya, turizm, elm və mədəniyyət mübadiləsi sahələrində bir sıra əhəmiyyətli konsensuslar əldə edilib. Lakin əldə olunmuş razılaşma və anlaşmalardan daha vacib və önəmlisi, onların ardıcıl şəkildə təqib edilməsi və tam icrasının təmin olunmasıdır. Bu, hər iki ölkənin vətəndaşlarının sosial rifahına birbaşa töhfə verməklə yanaşı, ikitərəfli münasibətlərin etibarlılığını daha da möhkəmləndirəcək.
Araz dəhlizi İranın son 30 il ərzində Naxçıvanın Azərbaycanla əlaqəsinin təmin edilməsi məqsədilə yaratdığı imkanların daha da dərinləşdirilməsi deməkdir
- Araz dəhlizi üzrə işlərin cari vəziyyəti barədə nə deyə bilərsiniz? İran tərəfində işlər hazırda hansı mərhələdədir?
- Araz dəhlizi adlandırılan strateji layihə İran İslam Respublikasının son otuz il ərzində Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının digər bölgələri ilə əlaqəsinin təmin edilməsi məqsədilə yaratdığı imkanların daha da dərinləşdirilməsi deməkdir. Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi yekunlaşma mərhələsinə yaxınlaşıb və gözlənilir ki, cari ilin sonunadək istismara veriləcək. Körpünün istismara təhvil verilməsi iki ölkə arasında yeni sərhəd keçid məntəqəsinin təsis edilməsinə şərait yaradır və bu, nəqliyyat və ticarət əməkdaşlığının potensialını əhəmiyyətli dərəcədə artıracaq. Körpüdən Naxçıvan istiqamətinə uzanan avtomobil yolunun genişləndirilməsi, yenilənməsi və bərpası işləri də uğurla davam etdirilməkdədir. Bu yol üzərində yerləşən bir neçə tunelin inşası mürəkkəb mühəndislik həlli və əhəmiyyətli resurs tələb edən bir proses olsa da, işlər müvəffəqiyyətlə irəliləyir.
- Bu dəhliz regionda iqtisadi və siyasi münasibətlərə necə təsir göstərəcək?
- Qeyd olunan bu dəhliz Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər regionları ilə birləşdirilməsi ilə bərabər, həm də beynəlxalq Şimal-Cənub nəqliyyat marşrutlarının mühüm strateji seqmentini təşkil edir. Bu xüsusiyyətinə görə, həm ikitərəfli əsasda, həm də regional müstəvidə ticarət və nəqliyyat əlaqələrinin inkişafında və dayanıqlılığının təmin edilməsində son dərəcə əhəmiyyətli və fundamental rol oynamaq potensialına malikdir.

- Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində İran-Azərbaycan əməkdaşlığında hansı əsas infrastruktur layihələri həyata keçirilir və ya planlaşdırılır?
- Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üç əsas marşrut üzrə təşəkkül tapıb: Şərq Marşrutu İran İslam Respublikasını Türkmənistan vasitəsilə Qazaxıstan və Rusiya Federasiyasına, oradan isə Avropa qitəsinə birləşdirir, Orta Marşrut Xəzər dənizindən istifadə edərək İranı Rusiya Federasiyasına və sonradan Avropa istiqamətinə bağlayır, Qərb Marşrutu isə İranı Azərbaycan Respublikası ərazisindən keçməklə Rusiya Federasiyası və Şimali Avropa ölkələri ilə inteqrasiya edir.
Qərb marşrutu üzrə həm avtomobil, həm də dəmir yolu daşımalarının həyata keçirilməsi nəzərdə tutulub. Avtomobil yolu hazırda tam şəkildə fəaliyyət göstərir və müxtəlif ölkələr tərəfindən fəal şəkildə istismar olunur.
Dəmir yolu seqmentinə gəldikdə isə, Rəşt-Astara xəttinin inşası uğurla davam etdirilməkdədir. Bu xətt üzrə Astara şəhərində iki mühüm infrastruktur layihəsi mövcuddur: Astara yük terminalı hazırda effektiv şəkildə fəaliyyət göstərir. Bu istiqamətdə yaxın günlərdə Rusiya və Azərbaycan Respublikası Baş nazir müavinlərinin, habelə İranın yol və şəhərsalma nazirinin iştirakı ilə bu obyektə baxış keçirilib.
Rəşt-Astara dəmir yolu xəttinin təsis edilməsi Şimal-Cənub layihəsinin əsas strateji komponenti hesab olunur və gözləntilərə əsasən, gələn ilin əvvəlindən, təxminən mart-aprel aylarından ilkin tikinti mərhələsinə start veriləcək.
İranla Azərbaycan arasında əməkdaşlıq yalnız ikitərəfli formatla məhdudlaşmır
- Bakıda Azərbaycan-İran-Rusiya üçtərəfli görüşün nəticələrini necə qiymətləndirirsiniz?
- İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq yalnız ikitərəfli formatla məhdudlaşmır. Hər iki ölkə çoxtərəfli platformalarda da fəal və məqsədyönlü şəkildə əməkdaşlıqlarını davam etdirirlər. Son üçtərəfli görüş çərçivəsində İranın yol və şəhərsalma naziri, Azərbaycan və Rusiya Baş nazir müavinlərinin iştirakı ilə gömrük və nəqliyyat sahəsində müvafiq işçi qruplar təsis edilib, üçtərəfli əməkdaşlığın inkişafı üzrə detallı yol xəritəsinin hazırlanması barədə prinsipial razılıq əldə olunub.
Bakı şəhərində aparılan intensiv danışıqlardan sonra nümayəndə heyətləri Astara bölgəsinə səfər edərək, hər iki ölkənin – İran və Azərbaycanın Astaradakı mövcud şərait və logistika infrastrukturu ilə yerində tanış olublar. Yük avtomobillərinin hərəkətinin sadələşdirilməsi və malların ixrac-idxal əməliyyatlarının sürətləndirilməsi məqsədilə razılıqlar əldə olunub.

- İran bu dəhliz vasitəsilə beynəlxalq yükdaşımalarda hansı hədəflərə nail olmağı planlaşdırır?
- Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistandan Rusiya Federasiyasına və Şimali Avropa istiqamətinə qədər uzanan, müstəsna strateji əhəmiyyət kəsb edən marşrutdur. Bu dəhliz İran və Azərbaycan ərazilərindən keçməklə, hər iki ölkə üçün geniş spektrli və mühüm əməkdaşlıq imkanları formalaşdırır. Əməkdaşlığın əsas hədəflərindən biri yükdaşıma müddəti və xərclərin optimallaşdırılması və əhəmiyyətli dərəcədə azaldılmasıdır. Bununla bərabər, bu transregional təşəbbüs marşrut üzərində yerləşən ölkələrin nəqliyyat infrastrukturunun gücləndirilməsinə, qarşılıqlı faydalılıq səviyyəsinin yüksəldilməsinə və nəticədə bütün regionda iqtisadi inkişafın sürətlənməsinə xidmət edən fundamental amil rolunu oynayır.
- İrana qarşı beynəlxalq sanksiyaların İran-Azərbaycan iqtisadi əlaqələrinə təsiri barədə nə deyə bilərsiniz?
- Təəssüf hissi ilə qeyd edilməlidir ki, bəzi dövlətlər siyasi hədəflərinə nail olmaq və öz tələblərini diktə etmək məqsədilə, hətta sadə vətəndaşların rifahına təsir edən sanksiya alətindən istifadə etməyə üstünlük verir. Lakin beynəlxalq təcrübə aydın şəkildə göstərir ki, bu kimi qeyri-qanuni və birtərəfli məhdudlaşdırıcı tədbirlər müstəqil dövlətləri öz strateji yolundan döndərməkdə acizdir. Bu gün İran İslam Respublikasına səfər edən hər bir şəxs açıq-aydın müşahidə edə bilər ki, ən sərt sanksiya rejiminə baxmayaraq, ölkədə normal yaşayış şəraiti təmin olunub və bazarda hər hansı bir əsaslı çatışmazlıq müşahidə olunmur. Eyni zamanda, iki ölkə arasında əməkdaşlıq prosesinin davamlı xarakter daşıması sübut edir ki, bu cür sanksiyalar dostluq və qarşılıqlı mənafelərə əsaslanan etibarlı əlaqələrin inkişafını dayandıra bilməyib. Şübhəsiz ki, iki ölkə arasındaı münasibətlər bundan sonra da uğurla genişlənəcək və daha da dərinləşəcək.

İran özünün ali mənafelərini qorumaq üçün müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır
- İranın nüvə obyektlərinə qarşı son hücumlar barədə Tehran rəsmilərinin mövqeyini necə ifadə edərdiniz?
- İran İslam Respublikası elm və texnologiya sahələrində əhəmiyyətli nailiyyətlər əldə edib. Bu nailiyyətlərin vacib istiqamətlərindən biri nüvə enerjisinin tamamilə dinc məqsədlərlə istifadəsidir. İranın bu sahədəki fəaliyyəti bütün beynəlxalq normalara uyğun və Beynəlxalq Atom Enerjisi Agentliyinin müvafiq nəzarəti altında həyata keçirilir.
Təəssüflə bildirirəm ki, İsrailin təcavüzkar və işğalçı rejimi Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə kobud beynəlxalq hüquq pozuntusu törədərək İranın nüvə obyektlərinə və eyni zamanda, iranlı alimlərə qarşı hərbi hücumlar təşkil edib. Bu hücumlar nəticəsində çoxsaylı mülki vətəndaşlar, o cümlədən qadınlar və uşaqlar şəhid olublar. Son hücumlar qanunsuz, məsuliyyətsiz və beynəlxalq hüququn, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin fundamental prinsiplərinə zidd olan bir hərəkətdir.
Eyni zamanda, İran İslam Respublikası bəyan edir ki, bu kimi terror və təxribat xarakterli addımlar ölkənin elmi və texnoloji tərəqqi yolunu dayandıra bilməz, əksinə İran xalqının dinc nüvə texnologiyaları sahəsində irəliləmə əzmini daha da gücləndirir. Bu hücumların məsuliyyəti onların planlaşdırıcıları və himayədarlarının üzərindədir. İran özünün qanuni müdafiə hüquqları çərçivəsində milli təhlükəsizliyini və ali mənafelərini qorumaq üçün müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Bununla yanaşı, İran beynəlxalq ictimaiyyətə bəyan edir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə şəffaf əməkdaşlığı davam etdirməyə və nüvə enerjisindən müstəsna olaraq sülh məqsədilə istifadə prinsiplərinə qətiyyətlə sadiq qalmağa əzmlidir.

- Bu cür hadisələr regionun ümumi təhlükəsizliyinə və sabitliyinə hansı şəkildə təsir edə bilər?
- Şübhəsiz ki, regionda gərginliyi artıran hər bir hərəkət, o cümlədən təxribat xarakterli hücumlar, qanunsuz hərbi əməliyyatlar və terror fəaliyyəti bütövlükdə bölgənin dayanıqlı təhlükəsizliyi və sabitliyi üçün ciddi təhdid təşkil edir. Qərbi Asiya regionu artıq kifayət qədər uzunmüddətli böhranlar və sabitliyi pozan xarici müdaxilələrlə üzləşib, bu kimi hərəkətlərin təkrarlanması isə vəziyyəti daha da gərginləşdirmək potensialına malikdir.
İran İslam Respublikasının konseptual baxışına görə, regional təhlükəsizlik bölünməz bir anlayışdır. Bu, heç bir ölkənin qonşularının dayanıqlı təhlükəsizliyinin təmin olunmadığı şəraitdə özünü tam şəkildə təhlükəsiz hesab edə bilməyəcəyi anlamına gələn fundamental prinsipdir. Buna görə də İran hər zaman kollektiv təhlükəsizlik prinsipini və ümumi təhdidlərə qarşı regional əməkdaşlığı qətiyyətlə dəstəkləyir.
Belə addımlar beynəlxalq ictimaiyyətin sükutu və ya biganəliyi ilə qarşılaşarsa, bu, region və dünya üçün təhlükəli bir hal yaradır. Bu baxımdan gözlənilir ki, bütün ölkələr, xüsusilə qonşu dövlətlər, sionist rejimin və Amerika Birləşmiş Ştatlarının məsuliyyətsiz hərəkətlərinə qarşı prinsipial və birmənalı mövqe nümayiş etdirsin və davamlı sülh ilə sabitliyin qorunması üçün səmərəli dialoq və konstruktiv əməkdaşlıq mexanizmlərini dəstəkləsin.
İran İslam Respublikasının strateji baxışına görə, təhlükəsizliyin uzunmüddətli təmin edilməsinin yeganə real yolu qarşıdurma və dağıdıcılıqdan deyil, qarşılıqlı hörmətdən, səmimi dialoqdan və region ölkələri arasında konstruktiv əməkdaşlığın hərtərəfli genişləndirilməsindən keçir.

İran-Azərbaycan münasibətləri dövlətlərarası əlaqələrlə məhdudlaşmır
- İranın Azərbaycandakı səfirliyi ikitərəfli münasibətlərin inkişafına konkret hansı sahələrdə töhfə verir?
- Azərbaycandakı İran səfirliyi iki ölkə arasında hərtərəfli münasibətlərin inkişafını özünün əsas strateji vəzifələrindən biri hesab edir və siyasi, iqtisadi, mədəni və elmi sahələrdə fəal və konstruktiv rol oynamağa səy göstərir.
Səfirlik siyasi və diplomatik sahədə dövlət qurumları arasında davamlı dialoqun təşviqinə, müxtəlif səviyyələrdə rəsmi görüşlərin təşkilinə, həmçinin məsləhətləşmə mexanizmlərinin gücləndirilməsinə xüsusi önəm verir. Biz əminik ki, birbaşa təmasların davamlılığı və qarşılıqlı hörmətə əsaslanan açıq dialoq etimadın möhkəmləndirilməsinin ən səmərəli və effektiv yoludur.
Səfirlik iqtisadi sahədə ticarət əlaqələrinin hərtərəfli genişləndirilməsi, nəqliyyat sektorunda ortaq fəaliyyətlərin təşviqi və birgə investisiya layihələrinin aktiv həyata keçirilməsi üçün intensiv səylər göstərir. İş adamları və iqtisadi nümayəndə heyətləri ilə keçirilən görüşlər, iki ölkə arasında iqtisadi əlaqələrin və birgə layihələrin inkişafı üçün əlverişli strateji zəmin formalaşdırır.
Səfirlik mədəni və elmi sahələrdə xalqlar arasında qarşılıqlı tanınmanın dərinləşdirilməsinə və ictimai bağların möhkəmləndirilməsinə çalışır. Bizim üçün İran-Azərbaycan münasibətləri təkcə dövlətlərarası əlaqələrlə məhdudlaşmır, bu münasibətlərin əsasında iki qardaş xalqı birləşdirən dərin tarixi, linqvistik və mədəni yaxınlıq dayanır.
Bununla yanaşı, səfirlik konsulluq xidmətlərinin genişləndirilməsi, vətəndaşların gediş-gəlişinin sadələşdirilməsi, turizmin və humanitar əlaqələrin inkişafı sahələrində də fəal fəaliyyət göstərir və iki xalqın yaxınlaşmasına xidmət edən bütün səmərəli təşəbbüslərə hərtərəfli dəstək verməyə hazırdır.
Ümumilikdə, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əsas məqsədi iki xalq arasında yaxınlığın artırılması, iki ölkə arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi və bu əməkdaşlığın həm xalqların sosial rifahına, həm də regionun sülh, sabitlik və tərəqqisinə xidmət etməsinin təmin edilməsidir.

- Təhsil, mədəniyyət və humanitar sahələrdə qarşılıqlı əməkdaşlıqla bağlı hansı yeni təşəbbüslər planlaşdırılır?
- İranla Azərbaycan arasında təhsil, mədəniyyət və humanitar sahələrdə qarşılıqlı əməkdaşlıq iki qardaş xalqı birləşdirən dərin tarixi, dini və sivilizasiya bağlarına əsaslanaraq, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi məqsədilə ardıcıl şəkildə həyata keçirilir və planlaşdırılır. Qeyd olunan bu yeni təşəbbüslər, əsasən İranın strateji xarici siyasəti çərçivəsində qonşu ölkələrlə, xüsusən də dost və qardaş Azərbaycanla münasibətləri hərtərəfli inkişaf etdirmək məqsədilə ardıcıl şəkildə icra olunur.
Hər iki ölkənin zəngin irsinin, mədəniyyətinin və incəsənətinin təqdim olunması yolu ilə qarşılıqlı mədəni anlaşmanın dərinləşdirilməsi üçün addımlar atılır. Bakı, Gəncə və Naxçıvan şəhərlərində İran mədəniyyət həftəsinin, Tehran, Təbriz, Ərdəbil və Urmiya şəhərlərində isə Azərbaycan mədəniyyət həftəsinin təşkili barədə prinsipial razılıq əldə edilib.
Hər iki ölkənin tanınmış rəssam və sənətkarlarının iştirakı ilə ortaq sərgilərin təşkili, informasiya sahəsində əməkdaşlığın genişləndirilməsi və media nümayəndə heyətlərinin qarşılıqlı rəsmi səfərlərinin artırılması, bundan başqa, universitet heyətləri, alimlər və ziyalıların İran və Azərbaycana qarşılıqlı səfərlərinin təşviqi və elmi-akademik əməkdaşlığın sistemli şəkildə dərinləşdirilməsi, Bakıda keçirilən beynəlxalq təhsil, mədəniyyət və media tədbirlərində İranın fəal və yüksək səviyyəli iştirakının təmin edilməsi gündəmdədir.
Bu təşəbbüslər iki ölkə rəhbərlərinin əlaqələrin daha yüksək səviyyəyə qaldırılması və tarixi bağlılıqlardan istifadə edərək bölgədə davamlı sülh və dayanıqlı sabitliyin möhkəmləndirilməsi məqsədilə nümayiş etdirdikləri güclü siyasi iradə və qətiyyətə tam uyğunlaşdırılır.
İki ölkənin müxtəlif şəhərlərinə uçuşların sayının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur
- Gələcəkdə İran və Azərbaycan arasında qarşılıqlı turizm axınının artırılması istiqamətində hansı addımların atılması nəzərdə tutulur?
- Tarixi, mədəni, dini, linqvistik və etnik yaxınlıqlar nəzərə alınaraq, iki ölkə xalqları arasında qarşılıqlı səfərlərə böyük və davamlı maraq müşahidə olunur ki, son illərin statistik göstəriciləri bu faktı təsdiqləməkdədir. Turizmin hərtərəfli inkişafı üçün xalqların bir-birini daha yaxından tanıması ilə yanaşı, vətəndaşların gediş-gəlişinin sadələşdirilməsi əsas və zəruri şərtdir.
Səyahət vaxtı və xərclərin optimallaşdırılması və azaldılması turizmin inkişafının əsas təkanverici amillərindəndir. Bu məqsədlə İran Azərbaycan vətəndaşları üçün viza tələbini ləğv edib və onlar heç bir əlavə çətinlik olmadan İrana səfər edə bilirlər.
Bundan əlavə, bu yaxınlarda iki ölkə arasında birbaşa aviareyslərin bərpası reallaşdırılıb və gələcəkdə iki ölkənin müxtəlif şəhərlərinə uçuşların sayının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Həmçinin ümidvarıq ki, quru sərhədlərinin tam şəkildə açılması iki ölkə vətəndaşları arasında qarşılıqlı səyahətlərin sadələşdirilməsinə və genişlənməsinə şərait yaradacaq.