Tayvan məsələsində “qırmızı xətti” keçən istənilən təxribat qəti cavabla qarşılanacaq - Çin səfiri ilə MÜSAHİBƏ
16 yanvar 2026 13:34 (UTC +04:00)

Tayvan məsələsində “qırmızı xətti” keçən istənilən təxribat qəti cavabla qarşılanacaq - Çin səfiri ilə MÜSAHİBƏ

0

Çin və Azərbaycan arasında münasibətlər son illərdə siyasi, iqtisadi və humanitar sahələr üzrə ardıcıl və dinamik şəkildə inkişaf edərək hərtərəfli strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. Yüksək səviyyəli qarşılıqlı səfərlər, ticarət dövriyyəsinin davamlı artımı, nəqliyyat-logistika sahəsində əməkdaşlıq və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində həyata keçirilən layihələr ikitərəfli əlaqələri daha da möhkəmləndirib. Bununla yanaşı, mədəniyyət, təhsil, turizm və humanitar mübadilələr xalqlar arasında qarşılıqlı etimad və anlaşmanı gücləndirib. Beynəlxalq və regional məsələlərdə nümayiş etdirilən qarşılıqlı dəstək, xüsusilə əsas milli maraqlara hörmət prinsipi Çin–Azərbaycan münasibətlərinin etibarlı və uzunmüddətli xarakter daşıdığını təsdiqləyir.

Lent.az xəbər verir ki, Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey APA-ya müsahibəsində Çin-Azərbaycan münasibətləri və gələcək əməkdaşlıq perspektivləri barədə danışıb.

2025-ci il Çin–Azərbaycan münasibətlərinin inkişafı baxımından “məhsuldar” il olub

– Xanım səfir, Çinlə Azərbaycan arasında siyasi dialoq və strateji əməkdaşlığın mövcud vəziyyətini necə qiymətləndirirsiniz?

– 24 dekabr 2025-ci il tarixində Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovun müəllifi olduğu “Azərbaycan və Çin – Prezident xronikası (2003–2025)” adlı yeni kitabın təqdimatında iştirak etdim. Bu kitabda İlham Əliyevin Azərbaycan Prezidenti vəzifəsinə başlamasından etibarən Çin–Azərbaycan münasibətlərində baş vermiş əsas hadisələr diqqətlə sənədləşdirilib və kitabın bütün məzmununda Prezident Əliyevin Çinlə səmimi dostluğu əks olunub.

Prezidentlər Heydər Əliyev və İlham Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində Çinlə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətinə çevrilib və bu xətt bu günədək davam edir. 1994-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyev Çinə tarixi səfər edib və həmin səfər çərçivəsində o dövrdə Çin Xalq Respublikasının Sədri olan Tsyan Tszemin ilə danışıqlar aparıb ki, bu da Çin–Azərbaycan münasibətlərinin inkişafının əsasını qoyub. Azərbaycandakı Çin səfirliyinin hazırkı binası da Heydər Əliyevin Çinlə dostluğunun mühüm rəmzidir. Məhz 2000-ci ildə Azərbaycan Prezidenti olan Heydər Əliyev və Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin o zamankı sədri Li Pen birgə şəkildə səfirlik binasının təməl daşını qoyublar. Demək olar ki, Heydər Əliyev təkcə Çinin Azərbaycandakı səfirliyinin bünövrəsini deyil, eyni zamanda, Çin və Azərbaycan arasında müxtəlif sahələrdə dostluq münasibətləri və əməkdaşlıq üçün möhkəm təməl yaradıb. Bu yaxınlarda Naxçıvan Muxtar Respublikasına səfərim zamanı Heydər Əliyev Muzeyini ziyarət etdim. Muzeyin direktoru mənə Azərbaycan Respublikası Prezident Administrasiyası tərəfindən Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 10 illiyi münasibətilə nəşr edilmiş xatirə albomunu göstərdi və bu, Heydər Əliyevin Çin və Çin xalqı ilə möhkəm dostluğunu dərindən hiss etməyə imkan verdi.

2003-cü ildə vəzifəyə başladıqdan sonra Prezident İlham Əliyev Heydər Əliyevin Çinlə bağlı dostyana xarici siyasətini davam etdirərək, Çinlə münasibətlərin inkişafını diplomatik prioritet kimi qiymətləndirib. O, Çinə səkkiz dəfə səfər edib və Azərbaycanda Çin nümayəndə heyətləri ilə dəfələrlə görüşüb. Xüsusilə qeyd etmək lazımdır ki, 2025-ci il Çin–Azərbaycan münasibətlərinin inkişafı baxımından “məhsuldar” il olub və dövlət başçıları arasında misilsiz dərəcədə sıx diplomatik təmaslar və yüksək səviyyəli qarşılıqlı fəaliyyətlə yadda qalıb. Prezident İlham Əliyev il ərzində iki dəfə Çinə səfər edib və iki ölkənin dövlət başçıları hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında Birgə Bəyannamə imzalayıblar ki, bu da Çin–Azərbaycan münasibətlərinin inkişafında yeni səhifə açıb. Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin Çinə hər iki səfərində onu həyat yoldaşı və ailə üzvləri müşayiət edib. Bir azərbaycanlı dostum mənə dedi ki, insan ailəsini yalnız dostlarını ziyarət edərkən özü ilə aparır. Bu isə Prezident İlham Əliyevin Çini etibarlı dost hesab etdiyini açıq şəkildə nümayiş etdirir. Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevlə görüş zamanı Azərbaycan liderini Çin xalqının uzunmüddətli dostu adlandırıb.

Məhz dövlət başçılarının diplomatiyasının rəhbərliyi altında il ərzində Çin və Azərbaycan arasında bütün səviyyələrdə və bütün sahələrdə tez-tez qarşılıqlı səfərlər həyata keçirilib və qarşılıqlı səfər edən nümayəndə heyətlərinin sayı yeni tarixi maksimuma çatıb. 2025-ci ilin sentyabr ayında Ümumçin Xalq Siyasi Məşvərət Şurası Komitəsi sədrinin müavini Su Xuey Azərbaycana səfər edərək Baş nazir Əli Əsədov və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə danışıqlar aparıb, dövlət başçıları tərəfindən əldə olunmuş razılaşmaların icrası, siyasi qarşılıqlı etimadın dərinləşdirilməsi və praqmatik əməkdaşlığın gücləndirilməsi məsələləri üzrə geniş fikir mübadiləsi aparıb. Azərbaycan–Çin ticarət-iqtisadi əməkdaşlığının koordinatoru qismində Baş nazirin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin göstərişlərini fəal şəkildə icra edərək, 2025-ci ildə Çinə iki dəfə səfər edib və Çinlə praqmatik əməkdaşlığın təşviqinə töhfə verib. Hər iki ölkənin hökumət qurumları, hakim partiyaları, müəssisələri və yerli idarəetmə orqanları dövlət başçıları tərəfindən əldə edilmiş mühüm razılaşmaların həyata keçirilməsi üçün fəal şəkildə əlaqələndirilmiş fəaliyyət göstərib və əhəmiyyətli nəticələr əldə ediblər.

Yeni ildə Çin Azərbaycanla birlikdə iki ölkə arasında ənənəvi dostluğun qorunub saxlanılması, dövlət başçıları tərəfindən əldə edilmiş mühüm razılaşmaların qətiyyətlə icrası, müxtəlif sahələrdə səmərəli əməkdaşlığın təşviqi və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində birgə çalışmağa hazırdır.

Çin–Azərbaycan ticarət dövriyyəsinin həcmi artmaqda davam edib

– Çin–Azərbaycan ticari-iqtisadi əməkdaşlığı və Çinin Azərbaycandakı investisiya layihələri barədə nə deyə bilərsiniz?

– İkitərəfli münasibətlərin keyfiyyət və səviyyəsinin yüksəlməsi fonunda iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq sürətli inkişaf dinamikası nümayiş etdirib. Çin–Azərbaycan ticarət dövriyyəsinin həcmi artmaqda davam edib. 2025-ci ilin yanvar–oktyabr aylarında Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 2,44 milyard ABŞ dollarına çatıb ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 21,9 faiz çoxdur. Gözlənilir ki, ilin yekun göstəricisi yeni tarixi rekord müəyyən edəcək. Bu, eyni zamanda, ikitərəfli ticarət həcminin ardıcıl üçüncü il rekord qırması olacaq.

İki ölkə arasında investisiya, iqtisadi və texnoloji əməkdaşlıq daha da dərinləşir. Çin şirkətləri Azərbaycanda tikinti materiallarının istehsalı, pərakəndə ticarət, avtomobil sənayesi və fotoelektrik elektrik stansiyaları kimi sahələrdə layihələri fəal şəkildə həyata keçirirlər. Azərbaycanda BYD zavodunda istehsal olunan 50 ədəd elektrobusdan ibarət ilk partiya artıq uğurla təhvil verilib. Keçən il həmin zavodda istehsal edilmiş 300 elektrobus Bakı, Naxçıvan və Qarabağda istismara buraxılaraq Azərbaycan sakinləri üçün ekoloji təmiz nəqliyyat imkanları yaradıb.

Yeni enerji sektoru üzrə iki ölkə arasında əməkdaşlıq da məhsuldar olaraq qalır. Bir neçə Çin şirkəti fotoelektrik elektrik stansiyaları və külək enerjisi daxil olmaqla yeni enerji sahəsində beş layihənin icrası üçün Azərbaycanla əməkdaşlıq sənədləri imzalayıb. Bu layihələrin ümumi quraşdırılmış gücü 1570 MVt təşkil edəcək. Tam istismara verildikdən sonra bu layihələr Azərbaycanın bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı gücünü iki dəfə artıracaq. Azərbaycanın ilk iri miqyaslı külək enerjisi layihəsi – gücü 240 MVt olan və Çin şirkəti tərəfindən həyata keçirilən külək elektrik stansiyası artıq istismara verilib. Çin şirkətləri, həmçinin, Ələt azad iqtisadi zonasında gücü 3 QVt olan günəş panelləri istehsalı layihəsini özəl kapital hesabına inşa edəcəklər ki, bu da Azərbaycanın yüksək texnoloji emal sənayesinin inkişafı üçün geniş imkanlar açacaq.

Çin və Azərbaycan arasında əməkdaşlıq təkcə qarşılıqlı faydalı deyil, həm də hər iki ölkənin xalqlarına real fayda gətirir. Dövlət başçılarının iştirakı ilə imzalanmış humanitar minatəmizləmə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumunun icrası çərçivəsində Çin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə maliyyə yardımı göstərib. Bu yardım azad edilmiş ərazilərdə minatəmizləmə potensialının artırılmasına və bərpa işlərinə dəstək verməklə yerli əhalinin həyat təhlükəsizliyinin təmin olunmasına töhfə verib. Çin, eyni zamanda, Heydər Əliyev Fondu vasitəsilə Bakı şəhərinin Xəzər rayonunda yerləşən iki uşaq evinə Çin istehsalı olan elektron avadanlıqlar təqdim edərək “Çin–Azərbaycan dostluğunun rəqəmsal sinif otaqları”nı yaradıb. Bu layihə məhdud imkanlı azərbaycanlı gənclərin rəqəmsal dövrə daha yaxşı uyğunlaşmasına kömək edib. Keçən ilin noyabr ayında mən Naxçıvan Muxtar Respublikasında Çin tərəfindən maliyyələşdirilən məsafədən təhsil avadanlıqlarının təhvil verilməsi mərasimində də iştirak etdim. Bu layihə çərçivəsində Çin Naxçıvandakı 216 məktəbi məsafədən təhsil üçün avadanlıqla təmin edərək yerli şagirdlərin təhsil şəraitini yaxşılaşdırıb. Azərbaycan tərəfi də Çinin ucqar dağlıq bölgələrində təhsilə diqqət göstərərək Yunnan əyalətinin Malipo rayonunda yerləşən İkinci ibtidai məktəb üçün oyun meydançasının tikintisinə vəsait ayırıb. Çin tərəfi bunu unutmur. Yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlmiş bu layihələr Çin və Azərbaycan dostluğunun səmimi və təsirli nümunələridir və əməkdaşlığın bəhrələri hər iki ölkənin sadə vətəndaşlarına, xüsusilə gənc nəslə real fayda gətirərək Çin–Azərbaycan dostluğu haqqında ictimai rəyin möhkəmlənməsi üçün daha dayanıqlı zəmin yaradıb.

Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünə ilk reaksiya verən və ona qoşulan ölkələrdən biri olub

– Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsündəki rolu və gözlənilən təsirlərinə toxunmaq istərdim...

– Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünə ilk reaksiya verən və ona qoşulan ölkələrdən biri olub. Son illərdə iki ölkənin dövlət başçılarının strateji rəhbərliyi altında Çin və Azərbaycan arasında “Bir kəmər, bir yol” təşəbbüsünün birgə həyata keçirilməsi sahəsində əməkdaşlıq mühüm irəliləyişlər əldə edib. Bu təşəbbüs çərçivəsində tərəflər arasında siyasi qarşılıqlı fəaliyyət daha da sıxlaşıb, infrastruktur əlaqəliliyi davamlı şəkildə dərinləşib, ticarət prosedurlarının sadələşdirilməsi təkmilləşib, maliyyə inteqrasiyası optimallaşdırılıb, xalqlar arasında qarşılıqlı anlaşma isə tədricən möhkəmlənib. Bütün bunlar ikitərəfli münasibətləri yeni səviyyəyə yüksəldib.

Orta Dəhliz “Bir kəmər, bir yol” təşəbbüsü ilə yüksək dərəcədə uzlaşır və regional əlaqəliliyin gücləndirilməsi, regional iqtisadi inkişafın təşviqi, eləcə də qlobal istehsal və təchizat zəncirlərinin sabitliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Hazırda qarşılıqlı əlaqəlilik sahəsində əməkdaşlıq Çin–Azərbaycan praqmatik əməkdaşlığının yeni mühüm istiqamətinə və artım nöqtəsinə çevrilir. 2025-ci ilin yanvar–noyabr aylarında Çindən Azərbaycana 351 Transxəzər yük qatarı göndərilib ki, bu da əvvəlki illə müqayisədə 34 faiz artım deməkdir. 2025-ci ildə Çjetszyan əyalətinin Cinhua və İu şəhərlərindən, eləcə də Pekin və Şençjendən yola düşən ilk Transxəzər yük qatarları istifadəyə verilib. Çindən daşınan yüklər Orta Dəhliz üçün əsas yük mənbəyinə çevrilərək onun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırıb. Çin qatarları Orta Dəhliz boyunca diqqətçəkən bir mənzərə yaradıb. Çin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanla yüksək səviyyəli əməkdaşlığı davam etdirəcək və yük resursları, texnologiya və kapital sahəsində üstünlüklərindən istifadə edərək Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsi istiqamətində səylərini dəstəkləməyə hazırdır.

Azərbaycanda Çin dilinin və Çinin özünün öyrənilməsinə maraq artmaqda davam edir

– Çin və Azərbaycan arasında mədəni, təhsil və humanitar sahələr üzrə yeniliklər gözlənilir?

– Dövlətlər arasında yaxşı münasibətlərin açarı xalqların bir-birinə yaxınlığında, insanlar arasında yaxınlığın açarı isə qarşılıqlı anlaşmadadır. Ötən il ərzində Çin və Azərbaycan arasında mədəniyyət, təhsil, turizm və digər sahələr üzrə mübadilələr fəal və məhsuldar olub. Keçən ilin aprel ayında Prezident İlham Əliyevin Çinə səfəri zamanı iki ölkənin dövlət başçıları Çin Xalq Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslər üçün vizaların qarşılıqlı ləğvi haqqında Sazişin imzalanmasının şahidi olublar. Vizadan azad rejim sayəsində hər iki ölkədən turistlərin qarşılıqlı səfərlərinin sayı artmaqda davam edir. 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycana səfər edən Çin turistlərinin sayı 57 min nəfəri ötüb ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə təxminən 50 faiz çoxdur və iki ölkə xalqları arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsi üçün əlverişli şərait yaradır.

Azərbaycanda Çin dilinin və Çinin özünün öyrənilməsinə maraq artmaqda davam edir. Hazırda Azərbaycanda 8 mindən çox insan Çin dilini öyrənmək üçün qeydiyyatdan keçib və getdikcə daha çox Azərbaycan universiteti Çin dili kursları təklif edir. Hər iki ölkənin universitetləri, analitik mərkəzləri, kütləvi informasiya vasitələri və incəsənət kollektivləri qarşılıqlı səfər və mübadilələrdə fəal iştirak edir, regional əməkdaşlıq getdikcə daha da möhkəmlənir, həmçinin hər iki ölkədə cəmiyyətin bütün təbəqələrindən olan insanlar arasında ünsiyyət platformaları genişlənir.

Çin Tayvan, Sincan və Çində insan hüquqları ilə bağlı məsələlərdə Azərbaycanın qəti dəstəyini yüksək qiymətləndirir

– Çinlə Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı barədə nə deyə bilərsiniz?

– 2025-ci ilin aprel ayında dövlət başçılarının görüşü zamanı Sədr Si Cinpin vurğuladı ki, bir-birinin əsas maraqlarına dair məsələlərdə qəti qarşılıqlı dəstək Çin və Azərbaycan üçün yaxşı ənənə olmaqla yanaşı, strateji tərəfdaşlığın zəruri elementidir.

Son illərdə Çin və Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq qurumlar çərçivəsində sıx əməkdaşlıq və qəti qarşılıqlı dəstək nümayiş etdirirlər. Çin Tayvan, Sincan və Çində insan hüquqları ilə bağlı məsələlərdə Azərbaycanın qəti dəstəyini yüksək qiymətləndirir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin, əvvəlki kimi, Azərbaycanın milli suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında, eləcə də Azərbaycanın milli şəraitinə uyğun inkişaf yolunun davam etdirilməsində dəstəyini davam etdirəcək. 2024-cü ilin noyabr ayında Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Çin və Azərbaycan nümayəndə heyətləri sıx əməkdaşlıq və qarşılıqlı fəaliyyət göstərərək 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyələşdirilməsi məqsədinin formalaşdırılmasını və bununla bağlı işi birgə irəli aparıblar və tarixi “Bakı sıçrayışı”na nail olublar. Çin Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəkləyir, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi çərçivəsində fəaliyyətini dəstəkləyir və Azərbaycanın beynəlxalq işlərdə fəal iştirakını alqışlayır ki, bu da Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır. Çin Azərbaycanla çoxtərəfli əməkdaşlığı daha da gücləndirməyə, Qlobal Cənub ölkələrinin ümumi maraqlarını qorumağa və bəşəriyyətin vahid taleyi icmasının qurulmasına töhfə verməyə hazırdır.

Çin bu məqsədlərə nail olmaqda özünə əmindir və buna qadirdir

– Keçən il Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 20-ci çağırışının IV plenumunun keçirildi. Bu iclasın əsas nəticələri nədən ibarət oldu?

– Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 20-ci çağırışının IV plenumu 2025-ci ilin oktyabr ayında Pekində keçirilib. Bu, həmin il Çinin siyasi həyatında mühüm hadisə olub və beynəlxalq ictimaiyyətin geniş diqqətini cəlb edib. Plenumun ən mühüm nəticəsi Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin milli iqtisadiyyatın və sosial inkişafın 15-ci beşillik proqramının hazırlanmasına dair təkliflərinin müzakirə edilərək qəbul olunmasıdır. Bu sənəd qarşıdakı beş il və daha uzun perspektiv üçün Çinin iqtisadi və sosial inkişafının ümumi çərçivəsini və strateji planını müəyyən edir. Beşillik proqramların uğurla icrası sayəsində Çinin ÜDM-i 1952–2024-cü illərdə orta hesabla illik 7,9 faiz artıb. Çin təkcə dünyanın ikinci ən böyük iqtisadiyyatı deyil, eyni zamanda, dünyanın ən böyük istehsal dövləti və əmtəə ticarəti üzrə ən böyük ölkəsinə çevrilərək qlobal iqtisadi artıma təxminən 30 faiz sabit töhfə verib. Çində süni intellekt, rəqəmsal iqtisadiyyat və “yaşıl” inkişaf sahələrində davamlı olaraq innovativ nailiyyətlər ortaya çıxır və bu, qlobal innovasiyalara daimi impuls verir.

Təkliflərdə növbəti beş il üçün Çinin iqtisadi və sosial inkişafının əsas məqsədləri müəyyən edilib: yüksək keyfiyyətli inkişafda nəzərəçarpan nəticələrin əldə edilməsi, elmi-texnoloji müstəqillik və özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə artırılması, islahatların hərtərəfli dərinləşdirilməsində yeni irəliləyişlər, cəmiyyətin mədəni səviyyəsinin yüksəldilməsi, əhalinin həyat keyfiyyətinin davamlı yaxşılaşdırılması, “Gözəl Çin”in qurulmasında yeni mühüm dəyişikliklər və milli təhlükəsizlik təminatının möhkəmləndirilməsi. Bu əsasda, 2035-ci ilə qədər Çinin iqtisadi, elmi-texnoloji, müdafiə və ümumi milli gücünün, eləcə də beynəlxalq təsirinin əhəmiyyətli dərəcədə artırılması üçün daha bir beşillik gərgin səylər mərhələsi keçilməlidir. Adambaşına düşən ÜDM orta inkişaf etmiş ölkələr səviyyəsinə çatmalı, insanların həyatı daha xoşbəxt və firavan olmalı, əsasən sosialist modernləşməsi reallaşdırılmalıdır. Çin bu məqsədlərə nail olmaqda özünə əmindir və buna qadirdir.

Qlobal iqtisadiyyatın zəif bərpası, tez-tez baş verən geosiyasi münaqişələr və artan qeyri-müəyyənlik şəraitində bu təkliflər dünyanın qarşısında Çinin güclü inkişaf impulsunu açıq şəkildə nümayiş etdirir və beynəlxalq ictimaiyyətə Çinin imkanları bölüşməyə və birgə inkişafa can atdığı barədə aydın siqnal verir. İslahatların hərtərəfli dərinləşdirilməsi, açıqlığın davamlı genişləndirilməsi və əhalinin gəlirlərinin artırılması yolu ilə Çin şübhəsiz ki, dünyaya daha çox imkanlar gətirəcək. Çinlə Azərbaycan inkişaf və dirçəliş yolunda tərəfdaşlardır. Təkliflərdə əks olunan konsepsiyalar və məqsədlər “Azərbaycan Respublikasının 2027–2030-cu illər üçün sosial-iqtisadi inkişaf Strategiyası” ilə böyük ölçüdə uzlaşır. Hesab edirəm ki, Çinin “15-ci beşillik planı” Azərbaycanın modernləşməsi üçün də ideyalar təqdim edəcək və Çin–Azərbaycan arasında müxtəlif sahələrdə praqmatik əməkdaşlıq üçün istiqamətverici rol oynayacaq.

Dünyada yalnız bir Çin mövcuddur və Tayvan qədim dövrlərdən bəri Çinin ayrılmaz tərkib hissəsidir

– Tayvanla bağlı hazırkı vəziyyət nə yerdədir?

– Dünyada yalnız bir Çin mövcuddur və Tayvan qədim dövrlərdən bəri Çinin ayrılmaz tərkib hissəsidir. Bu, həm tarixi, həm də hüquqi baxımdan aydındır. BMT Baş Assambleyasının 1971-ci ildə qəbul etdiyi 2758 saylı qətnamə açıq şəkildə təsdiq edib ki, dünyada yalnız bir Çin var, Tayvan Çinin ayrılmaz ərazisidir və Çin Xalq Respublikasının hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir. Bu qətnamə “vahid Çin” prinsipinin beynəlxalq münasibətlərin fundamental prinsiplərindən birinə və beynəlxalq ictimaiyyətin ümumi konsensusuna çevrilməsinə töhfə verib.

Son zamanlar ABŞ-ın Tayvana genişmiqyaslı silah satışı elan etməsi “vahid Çin” prinsipini və Çin–ABŞ arasında imzalanmış üç birgə kommunikeni ciddi şəkildə pozur, Çinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurur, Tayvan boğazında sülh və sabitliyi təhdid edir və separatçı qüvvələrə yanlış siqnallar göndərir. Buna cavab olaraq Çin “ÇXR-in xarici sanksiyalara qarşı mübarizə haqqında Qanunu”nun müddəalarına uyğun olaraq cavab tədbirləri görmək qərarına gəlib. Çin tərəfi vurğulamaq istəyir ki, Tayvan məsələsi Çinin əsas maraqlarının təməl daşıdır. Çinin milli suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq əzmi sarsılmazdır. Tayvan məsələsində “qırmızı xətti” keçən istənilən təxribat qəti cavabla qarşılanacaq və Çinin birləşməsinə mane olmağa yönəlmiş istənilən cəhd uğursuzluğa düçar olacaq. Çin milli suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünü qətiyyətlə qorumaq üçün bundan sonra da lazımi tədbirlər görəcək.

ABŞ-ın Tayvana genişmiqyaslı silah satışı elan etməsindən dərhal sonra Azərbaycan Xarici İşlər Nazirliyi açıq bəyanatla çıxış edərək “vahid Çin” prinsipinə birmənalı və sarsılmaz dəstəyini, eləcə də “Tayvan müstəqilliyi”nin tanınmamasını təsdiqlədi. Azərbaycan bu mövqeyi açıq şəkildə dəstəkləyən ilk ölkələrdən biri oldu. Çin tərəfi Azərbaycanın Tayvan məsələsində ardıcıl və obyektiv mövqeyini yüksək qiymətləndirir.

Sədr Si Cinpinin vurğuladığı kimi, bir-birinin əsas maraqlarına dair məsələlərdə qəti qarşılıqlı dəstək Çin və Azərbaycan arasında yaxşı ənənə olmaqla yanaşı, strateji tərəfdaşlığın zəruri elementidir. Prezident İlham Əliyev 2025-ci ildə Sədr Si Cinpinlə keçirdiyi iki görüş zamanı Azərbaycanın “vahid Çin” prinsipinə sadiqliyini bir daha təsdiqləyib. Azərbaycan tərəfi ardıcıl şəkildə Tayvanın Çinin ayrılmaz ərazisi olduğunu bəyan edir və Çin hökumətinin milli birləşməyə nail olmaq istiqamətində atdığı bütün səyləri dəstəkləyir. Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında Birgə Bəyannamədə də qeyd olunur: “Dünyada yalnız bir Çin mövcuddur, Tayvan Çinin ayrılmaz ərazisidir, Çin Xalq Respublikasının hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qəti şəkildə qarşı çıxılır və Çin hökumətinin ölkənin birləşməsini həyata keçirməsi dəstəklənir”. Çin tərəfi bundan sonra da dövlət başçıları arasında əldə edilmiş mühüm razılaşmaları rəhbər tutaraq Azərbaycan tərəfi ilə birgə dövlət suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi məsələlərində qarşılıqlı qəti dəstəyi davam etdirməyə, beynəlxalq ədalət və bərabərliyi birgə qorumağa hazırdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar