ABŞ-ın Ermənistanda keçmiş səfiri olmuş Con Evans Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri növbəti təxribat əməli kimi qiymətləndirib
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ-ın Ermənistanda keçmiş səfiri olmuş Con Evans Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri növbəti təxribat əməli kimi qiymətləndirib.
Nazirlikdən Lent.az-a daxil olan məlumata görə, H.Hacıyev qeyd edib ki, səfir, ABŞ erməni lobbisinin diktəsi altında və müəyyən maliyyə maraqları müqabilində bu qərəzli addımı ilə xüsusilə indiki həssas durumda qəsdən vəziyyətin gərginləşdirilməsinə cəhd göstərir:
"Con Evansın kriminal mənşəli irqçi və radikal erməni lobbi təşkilatı olan Amerika erməni milli komitəsi ilə uzunmüddətli sıx əlaqələri heç kimə sirr deyildir.
ABŞ-ın Ermənistanda səfiri olarkən vəzifəsindən sui-istifadə edən bu şəxs qatı ermənipərəst və irqçi mövqeyi ilə seçilmiş, təmsil etdiyi ölkənin deyil daha çox erməni lobbisinin maraqlarından çıxış etmişdir. Qeyri-peşəkarlığa və yol verdiyi xidməti qüsurlara görə vaxtından əvvəl səfir vəzifəsindən geri çağrılmışdır.
Onun adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək".
15:38
ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans Dağlıq Qarabağa səfər edib.
APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, o, “Ermənistan uşaqları” Fondunun Direktorlar Şurasının müşaviri qismində fondun sədri ilə birlikdə özünü Dağlıq Qarabağdakı qondarma rejimin lideri adlandıran Bakı Saakyanla görüşüb.
Xatırladaq ki, Con Evans 2004-2006-ci illərdə ABŞ-ın Ermənistanda səfiri olub.