Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib.
Lent.az xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub.
Laboratoriya analizləri taxta materiallarının karantin zərərvericisi ilə yoluxduğunu təsdiqləyib.
Araşdırma zamanı Vereşşagino şəhərində fəaliyyət göstərən “Tayqa” şirkətinin yoluxmuş məhsulları sağlam materiallardan ayrı saxlamadığı və bu barədə nəzarət orqanlarına məlumat vermədiyi üzə çıxıb.
Vereşşagino Rayon Məhkəməsi şirkəti karantin qaydalarını pozmaqda təqsirli bilərək onun ağac materiallarının saxlanılması, emalı, idxalı və ixracı üzrə fəaliyyətini 30 sutka müddətinə dayandırıb.
Qeyd edək ki, 2020-ci ildən fəaliyyət göstərən “Tayqa” şirkətinin təsisçisi və baş direktoru İrina Ustinovadır. Şirkətin 2025-ci ildə gəliri 90 milyon rubl, xalis zərəri isə 377 min rubl olub.