İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib.
Lent.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib.
Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədardır.
Eniş icazəsi ala bilməyən təyyarə İrana qayıdaraq Abadan hava limanına enib. İranın Bəsrədəki konsulluğunun nümayəndəsi bildirib ki, futbolçular İraqa quru yolu ilə gedəcəklər.
Qeyd edək ki, İran millisi Bəsrədə keçiriləcək dörd ölkənin futbol turnirində iştirak etməyə hazırlaşır. Yarışda İranla yanaşı, İraq, Livan və Fələstin yığmaları da mübarizə aparacaq.
İraqın mülki aviasiya rəsmisi bildirib ki, ölkəsi ABŞ sanksiyalarını pozmaq riskinə getmək istəmir.
Xatırladaq ki, sentyabr ayında İraq ABŞ-ın ikinci dərəcəli sanksiya xəbərdarlığından sonra İran aviaşirkətlərinin Bağdad hava limanına uçuşlarını dayandırıb.
ABŞ maliyyə naziri Skott Bessent İran aviaşirkətlərinə xidmət göstərən hava limanlarının da sanksiyalarla, o cümlədən dollar sistemindən kənarlaşdırılmaqla üzləşə biləcəyini açıqlayıb.