İyunun 25-də Beynəlxaq Mətbuat Mərkəzində Azərbaycan Gənc Diplomatlar Birliyinin təşkilatçılığı ilə "Auditoriyada səfirdir" layihəsi çərçivəsində İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo ilə görüş keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov İtaliya –Azərbaycan əlaqələrindən söz açaraq, iki ölkə arasındakı münasibətlərin inkişafında gənclərin rolunun mühüm olduğunu qeyd edib: “Azərbaycanlı tələbələrin sizin ölkədə təhsil alması bizi çox sevindirir, onlar həm oxuyur, həm də diaspor fəaliyyətinin genişlənməsinə öz töhfələrini verirlər. Bu, bizim üçün qürur vericidir”.
Azərbaycanın bütün sahələri əhatə edən dinamik inkişafından danışan Milli Məclisin üzvü, professor Elman Nəsirov bildirib ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsində dünyanın aparıcı ölkələri ilə yüksək səviyyəli əlaqələr qurulub.
İtaliyanı Azərbaycanın önəmli ticarət tərəfdaşı adlandıran deputat, ölkələr arasında siyasi əlaqələrin hazırkı vəziyyətini yüksək qiymətləndirib. O, vurğulayıb ki, hər iki ölkə münasibətlərin daha da möhkəmlənməsində maraqlıdırlar.
Diplomatik fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına qısa məlumat verən İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo bildirib ki, ölkəsi Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. Azərbaycanın son illər əldə etdiyi uğurları yüksək qiymətləndirən səfir, iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edib. O, Azərbaycanı multikulturalizm dəyərlərinin mövcud olduğu ölkə adlandırıb.
Ölkələrimiz arasında əlaqələrin inkişafına toxunan səfir qeyd edib ki, Azərbaycanla İtaliya arasında əməkdaşlığın böyük tarixi var. Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu enerji layihlərinə toxunan italiyalı diplomat, Cənub Qaz Dəhlizinin önəmini vurğulayıb.
Azərbaycan dövlətinin apardığı uğurlu gənclər siyasəti barədə danışan Birliyin məsləhətçisi Taleh Quliyev, belə görüşlərin keçirilməsinin gənclər üçün vacib olduğunu söyləyib. O, Azərbaycan həqiqətlərinin, onun ədalətli mövqeyinin dünyaya çatdırlılmasında gənclərin vacib rol oynadığını bildirib.
Sonda səfir tədbir iştirakçılarının suallarını cavablandırılıb.