Hər il daşınmaz əmlak bazarında qiymətlər artır. Bəs görəsən, hazırda ev almaq üçün ən münasib ərazilər hansılardır? Haradan alınan mənzillər gələcəkdə daha çox dəyər qazana bilər?
Daşınmaz əmlak işləri üzrə mütəxəssis Fərid Cəfərli Lent.az-a açıqlamasında bildirib ki, bu ilin noyabr ayına olan məzənnəyə görə, daşınmaz əmlak bazarında bahalaşma tendensiyası davam edir:

“Daşınmaz əmlakın qiymətinin artması ilə həmin əmlakın uğurlu investisiya olması eyni anlayış deyil. Əsas məsələ mənzili hansı qiymətə almaq, hansı ərazidə seçmək və gələcəkdə onu nə dərəcədə rahat satmaq və ya icarəyə vermək imkanına malik olmaqdır.
2026-cı ilin noyabr ayına olan bazar mənzərəsi göstərir ki, Bakıda daşınmaz əmlak bazarı əvvəlki illərdəki kimi bahalaşma tendensiyasını qoruyur. Lakin artım bütün ərazilərdə eyni deyil. Artıq bazarda lokasiyaya, nəqliyyat əlçatanlığına, infrastruktur təminatına və ərazinin gələcək inkişaf perspektivlərinə görə ciddi fərqlənmə müşahidə olunur.
İnvestisiya potensialına görə ərazilərin reytinqi
Gələcək infrastruktur və şəhərsalma inkişafı, ərazidə əhalinin və mənzil tələbinin artım potensialı, metro və digər nəqliyyat vasitələrinə əlçatanlıq, icarə bazarının inkişaf imkanları, mövcud qiymətlə gələcək satış qiyməti arasındakı potensial fərq.
1. Xətai rayonu - Xüsusilə Ağ Şəhər, Xətai metrosu, Əhmədli və Həzi Aslanov istiqamətləri diqqətəlayiqdir.
Bu ərazinin üstünlüyü yeni yaşayış komplekslərinin, biznes və xidmət infrastrukturunun inkişafı, nəqliyyat imkanları və müxtəlif büdcəli mənzil təklifləridir.
Xətai rayonunda həm yaşayış, həm də icarə tələbinin qorunması üçün ciddi əsaslar var. Lakin artıq bahalaşmış premium layihələrlə ətraf əraziləri eyni investisiya kateqoriyasında qiymətləndirmək olmaz.
2- Nizami rayonu - Qara Qarayev, Neftçilər və 8-ci kilometr istiqamətləri.
Bu ərazilərin əsas üstünlüyü formalaşmış yaşayış mühiti, metro əlçatanlığı, məktəblər, ticarət və sosial infrastrukturun mövcudluğudur.
Nizami rayonu risk və gəlirlilik balansı baxımından ən maraqlı istiqamətlərdən biridir. Xüsusilə metroya yaxın, sənəd problemi olmayan və bazar qiymətindən münasib təklif edilən mənzillər perspektivlidir.
3 - Binəqədi rayonu - 8-ci mikrorayon, Azadlıq prospekti, Dərnəgül və Avtovağzal ətrafı.
Binəqədi rayonunun üstünlüyü müxtəlif qiymət kateqoriyalarında mənzil tapmaq imkanları və nəqliyyat əlaqələridir. Xüsusilə metro stansiyalarına yaxın ərazilər gələcəkdə də alıcı və kirayəçi tələbatını saxlaya bilər.
Bu rayon orta büdcəli investorlar üçün maraqlı seçimdir. Burada düzgün seçilmiş mənzil həm yaşayış, həm də uzunmüddətli icarə baxımından üstünlük yarada bilər.
4 - Suraxanı rayonu - Yeni Günəşli, Hövsan və Qaraçuxur istiqamətləri.
Bu ərazilər nisbətən aşağı giriş büdcəsi ilə mənzil almaq istəyənlər üçün maraqlıdır. Əhalinin yaşayış tələbatı, yeni layihələr və şəhər mərkəzinə bağlantı imkanlarının yaxşılaşması uzunmüddətli perspektiv yarada bilər.
Suraxanı rayonunda qiymət artımı potensialı var, lakin burada mikro-lokasiya xüsusilə vacibdir. Eyni rayonun müxtəlif hissələrində nəqliyyat və infrastruktur fərqləri əmlakın gələcək likvidliyinə ciddi təsir göstərə bilər.
5 - Abşeron rayonu - Xırdalan və Masazır - Bu rayonlarda qiymətlər artıq yüksək səviyyədədir.
Məsələn, 2026-cı ilin noyabrında elan bazası üzrə Nərimanovda median kvadratmetr qiyməti təxminən 3 229 manat, Nəsimidə 3 140 manat, Yasamalda 2 838 manat, Xətaidə isə 2 700 manat təşkil edib. Bunlar faktiki alqı-satqı qiymətləri deyil, satış elanlarının göstəriciləridir. Mənzili bu gün almaq istəyən şəxslərə tövsiyəm odur ki, qərar verərkən yalnız bugünkü qiymətə deyil, həmin ərazinin 5-7 il ərzində hansı inkişaf mərhələsindən keçə biləcəyinə diqqət yetirsinlər.
Daşınmaz əmlak bazarında ən yaxşı investisiya həmişə ən ucuz mənzil deyil. Ən yaxşı investisiya gələcəkdə tələb görəcək, nəqliyyat və sosial infrastruktura çıxışı olan, hüquqi baxımdan problemsiz və düzgün qiymətə alınmış əmlakdır.
Mənim qənaətimə görə, hazırda orta büdcəli investorlar üçün Xətai, Nizami və Binəqədi rayonlarının müəyyən hissələri daha əlverişli seçimlərdir. Daha yüksək büdcəsi olan və kapitalını qorumağa üstünlük verən şəxslər üçün isə Nərimanov, Nəsimi və Yasamal rayonları aktuallığını saxlayır.
Ən vacib məqam isə budur: mənzil bazarında qazancın böyük hissəsi çox vaxt satış zamanı deyil, alış zamanı düzgün qərar verməklə formalaşır”.