Qadın böyük qüvvədirmi? - ARAŞDIRMA
18 oktyabr 2012 18:38 (UTC +04:00)

Qadın böyük qüvvədirmi? - ARAŞDIRMA

Son illər beynəlxalq səviyyədə tez-tez müzakirəyə olunan gender bərabərliyi problemləri Azərbaycan üçün də xarakterikdir. Təkcə ona görə yox ki, gender bərabərliyi demokratiyanın əsas prinsiplərindədir, həm də insan hüquqları və sosial ədalətin təminatında zəif cinsin nümayəndəliyinin iştirakçılığının daha effektiv nəticə verə biləcəyi hesab olunur. Görünür, elə bu səbəbdəndir ki, indiyədək qəbul olunmuş bir çox beynəlxalq sənədlərdə gender bərabərliyi, xüsusilə siyasi və dövlət əhəmiyyətli qərarların qəbul edilməsində bərabər iştirak imkanları ilə bağlı müxtəlif müddəalar öz əksini tapıb. Qeyd olunan beynəlxalq sənədlər sırasında “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya (CEDAW) gender bərabərliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Konvensiya seçmək və seçilmək hüquqları da daxil olmaqla qadınların siyasi və ictimai həyatda bərabər iştirak imkanlarını təmin etməyə çağırır.

Bəs, görəsən Azərbaycan bu çağırışlara necə cavab verir? Qadınlar dövlət və bələdiyyə orqanlarının idarəçiliyinə nə dərəcə real iştirakçılığa malikdir? Yoxsulluğun aradan qaldırılmasında, qadın problemlərinin həllində qadınların rolu nədən ibarətdir?

Bəri başdan deyək ki, indiyədək Azərbaycanın da təmsil olunduğu Avropa strukturları tərəfindən gender bərabərliyinin əldə olunmasına yönəldilmiş bir sıra mühüm sənədlər qəbul olunub. Bu sənədlərdən biri Avropa Şurası Nazirlər Komitəsi tərəfindən 2003-cü ildə qəbul olunmuş “Siyasətdə və dövlət əhəmiyyətli qərarların qəbul olunmasında qadın və kişilərin balanslaşdırılmış iştirakı” adlı 3 saylı Tövsiyə və izahat memorandumudur. Bu tövsiyə Avropa Şurasına üzv ölkələrin bir çoxunda formal gender bərabərliyi ilə reallıq arasında böyük fərqin mövcudluğu qəbul edilib. Avropa Şurasının Nazirlər Komitəsi hesab edir ki, həqiqi bərabərliyə nail olmaq yolunda ən ciddi maneələrdən biri cinslər arasında sosial rolların bölünməsi haqqında olan davamlı, ənənəvi təsəvvürlərdir. Bu təsəvvürlər, ənənəvi olaraq kişilərin fəaliyyət sahəsi sayılan mühüm siyasi və ictimai qərarların qəbul edilməsi prosesində daha çox kök atıb. Məhz buna görə də siyasətdə və dövlət əhəmiyyətli qərarların verilməsində qadın və kişilərin balanslaşdırılmış iştirakına nail olmaq gender hüquq bərabərliyinin əldə olunması üçün önəmli sayılır.

Beynəlxalq öhdəlik

Gender bərabərliyinin cəmiyyətin demokratik inkişafının və həyatın keyfiyyətinin yaxşılaşdırılmasının ayrılmaz hissəsi olduğuna əsaslanaraq, AŞ Nazirlər Komitəsi üzv ölkələrə bu cür balanslaşdırılmış nümayəndəliyin əldə olunmasına kömək göstərmək öhdəliyi götürməyi tövsiyə edib. Tövsiyə siyasətdə və dövlət əhəmiyyətli qərarların qəbul edilmə prosesində qadınlar və kişilərin balanslaşdırılmış iştirakı üçün minimal dəhliz kimi, hər cinsdən 40 faizlik təmsilolunma şərtini müəyyən edir. Bu isə o deməkdir ki, siyasi və ya dövlət həyatında qərar qəbul edən orqanın tərkibində hər bir cinsi təmsil edənlərin sayı 40 faizdən aşağı olmamalıdır. Ümumilikdə tövsiyə Avropa Şurasına üzv ölkələrin nümayəndələri üçün 8 tapşırıq irəli sürür. Bu tapşırıqlar vətəndaş və siyasi hüquqların bərabər bölünməsi, seçici hüququndan şəxsən istifadə olunması, ictimai həyatda qadınların aktiv iştirakının stimullaşdırılması kimi məsələləri nəzərdə tutur.

Avropa Şurası Parlament Assambleyası tərəfindən 2010-cu ildə qəbul olunmuş “Seçki sistemləri vasitəsilə siyasətdə qadın iştirakçılığının artırılması” adlı 1899 saylı Tövsiyə də üzv dövlətləri seçki sistemlərində islahatlar aparmaqla qadınların siyasi iştirakçılığını artırmağa çağırır. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 2010-cu ildə qəbul etdiyi “Yerli və regional səviyyələrdə siyasi həyatda cinslərin dayanıqlı bərabərliyinin dəstəklənməsi üçün” 288 saylı Tövsiyədə isə qeyd olunur ki, Avropada parlamentlərin aşağı və ya vahid palatalarında qadınların orta təmsilçiliyi 19,3 faiz təşkil edir. Avropa Şurasının yalnız 3 üzv dövləti (Finlandiya, Niderland, İsveç) cinslərin təmsilçiliyində tarazlığı (hər cins üçün 40 faiz) təmin edir, digər 7 ölkə (Almaniya, Belçika, Danimarka, İspaniya, Makedoniya, İslandiya, Norveç) qadınlar üçün 30 faizlik kritik həddi əldə edib. Ona görə də Konqres üzv dövlətlərə qadın və kişilər arasında bərabərliyin təmin olunması siyasətinin aparılması üçün milli, regional və yerli hakimiyyət orqanlarının potensialını artırmağı tövsiyə edir.

Kəmiyyət artır, keyfiyyət dəyişmir

Azərbaycandakı vəziyyətə gəlincə, qadınların ictimai və siyasi həyatda, o cümlədən idarəetmədə və qərarların qəbulunda iştirakçılıq səviyyəsi xeyli aşağıdır. Doğrudur, son illər Milli Məclisdə, bələdiyyə orqanlarında qadınların sayı əvvəlki dövrlərlə müqayisədə artır. Ancaq bu göstərici zəif cinsin nümayəndələrinin qərarların qəbuluna təsir edə bilməsi üçün zəruri olan 30 faizlik həddən çox aşağıdır. Belə ki, Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının (BİNA) apardığı hesablamalara görə, 1990-cı ildə Azərbaycan Parlamentində bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini, 2005-ci ildə 11,2 faizini qadınlar təşkil edib. Hazırda isə Milli Məclisdə qadın deputatların xüsusi çəkisi 16,0 faizdir. Eyni tendensiya yerli özünüidarə orqanlarında da göstərir. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 5 dəfə artaraq 4194 nəfərə çatıb. Hazırda bələdiyyə üzvləri arasında zərif cinsin nümayəndələrinin xüsusi çəkisi 26,1 faiz təşkil edir. Əvvəlki bələdiyyə seçkilərində isə bu göstərici 4,0 faiz olub.

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ümumtəhsil müəssisələrində müəllimlərin 76,0 faizi, kolleclərdə 73,0 faizi, ali məktəblərdə 48,0 faizi, həkimlərin isə 63,0 faizi qadınlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,3 faiz, sahibkarlar arasında isə 16,2 faizdir. Maraqlıdır ki, hazırda Azərbaycanda nazirlər və yerli icra hakimiyyəti başçıları arasında qadın yoxdur. Dövlət komitələrindən isə yalnız birinin (Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi – E.S.) rəhbəri qadındır.

Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin sədri, Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin hüquq komissiyasının rəhbəri Lyudmila Xəlilova hesab edir ki, yerli idarəetmədə və qərarların qəbulunda qadınların bilavasitə iştirakı onların hüququdur. Onun sözlərinə görə, qadın cəmiyyətin ayrılmaz hissəsi olduğundan bu məsələdə vətəndaş mövqeyi də çox vacibdir: “Düşünürəm ki, qadın potensial liderdirsə, müəyyən bilik və bacarıqlara malikdirsə, dövlət və bələdiyyə idarəetməsində təmsil olunmalıdır. 2009-cu ildə Azərbaycanda keçirilən bələdiyyə seçkiləri nəticəsində 1719 bələdiyyəyə 4243 qadın seçilib. Bu, əvvəlki seçkilərlə müqayisədə böyük üstünlükdür. Bu kəmiyyət nailiyyəti ölkədə insan haqlarının qorunması sahəsində görülən işlərin, qadınların özünün ictimai fəallığının artmasının və ən əsası dövlətin özünün siyasi iradəsinin nəticəsidir”.

Bələdiyyəçi qadınlar birləşir

Özünün də 2004-cü ildən bələdiyyə idarəçiliyində fəal iştirak etdiyini deyən Lyudmila xanım bildirir ki, hazırda Qaraçuxur bələdiyyəsində hüquq komissiyasının sədri kimi fəaliyyətini davam etdirir. O, həmçinin 2005-ci ildən yerli özünüidarə orqanlarında təmsil olunan qadınların təşkilatı kimi yaradılmış Qadın Bələdiyyələrin İnkişafı İctimai Birliyinin sədridir. Həmsöhbətimiz deyir ki, qadınlar idarəetmə sahəsində kəmiyyət baxımından müəyyən nailiyyətlər qazansa da, nəticə hələ qaneedici səviyyədə deyil: “Çünki Azərbaycanda bələdiyyə üzvlərinin cəmi 26,7 faizi qadındır. Halbuki, Avropanın tələblərinə görə bu nisbət 40 faiz təşkil etməlidir. Bu gün bizi narahat edən bu təmsilçiliyin keyfiyyət tərəfidir. Bu sayda bələdiyyələrdə təmsil olunan qadınlar böyük bir potensialdır və bu potensial yüksək səviyyədə işi qurmaqla cəmiyyət üçün gözəçarpan xeyirli iş görə bilər. Təəssüf ki, mövcud reallıq belə deməyə əsas vermir. Bu mənada ki, hətta bələdiyyələrdə təmsil olunan qadınlar belə, fəaliyyətlərində kifayət qədər aktiv deyil”.

Lyudmila Xəlilova qadınları ictimai fəallığa çağıraraq bildirir ki, zərif cinsin nümayəndələri qanunvericilikdə olan hüquqlarla yanaşı vəzifələri də anlayıb fəaliyyətlərində onu icra edə bilsələr, daha böyük nailiyyətlər qazana bilər. Onun fikrincə, belə olsa, qadınların idarəetmədəki iştirakçılıq kəmiyyəti keyfiyyət baxımımdan da təsdiqlənər. O, qadınların idarəetmədə zəif iştirakının mentalitetlə əlaqələndirilməsi ilə razılaşmır. Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin sədri hesab edir ki, xanımlar özlərində potensial hiss edirsə və qarşısına məqsəd qoyursa, onlar mütləq məqsədinə nail olur: “Ancaq bizim qadınlar bir qədər passivdir və onlar hansısa çətinliklə rastlaşanda dərhal iddialarından geri çəkilir. Bu da bir gerçəklikdir ki, qadınlarla kişilərin imkanları bərabər deyil. Bu mənada kişilərin qadınlara köməyi və dəstəyinə hər zaman ehtiyac duyulur”.

Qadın fəallığına lobbiçilik

Yeri gəlmişkən, Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyi idarəetmədə və qərarların qəbulunda qadın iştirakçılığının artırılmasına dair müxtəlif layihələr həyata keçirib. Məsələn, hazırda ABŞ-ın İnkişaf Agentliyi USAİD tərəfindən maliyyələşdirilən “Qadın iştirakçılığı proqramı” çərçivəsində “Yerli idarəetmədə qadın liderliyi” adlı layihə hazırda icra olunur. Bu layihədə İctimai Birliyinin əsas tərəfdaşlarından biri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Yerli idarəetmədə qadın liderliyinin gücləndirilməsinə, onların bilik və bacarığının artırılmasına və lobbiçiliyin genişləndirilməsinə xidmət edən layihənin əsas məqsəd isə növbəti bələdiyyə seçkilərində iştirak edəcək xanım namizədlərin sayının artmasına nail olmaqdır.

Bundan başqa, Qadın Bələdiyyələrin İnkişafı İctimai Birliyi bu məqsədlərə çatmaq üçün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ilə sıx əməkdaşlıq edir. Lyudmila Xəlilova deyir ki, rəhbəri olduğu təşkilat bələdiyyə idarəçiliyində zərif cinsin nümayəndələrinin təmsilçiliyinin genişləndirilməsinə dair yerli özünüidarə orqanları üçün tövsiyə sənədinin hazırlanmasını təklif edib. Onun sözlərinə görə, Bələdiyyələrlə İş Mərkəzində bu təklif qəbul olunub və hazırda belə bir tövsiyənin hazırlanması üzərində iş gedir.

Mentalitet, yoxsa inzibati maneə?

O ki, qaldı qadınların idarəetmədə və qərarların qəbulunda zəif iştirakının daha çox cəmiyyətin özündən, yoxsa müvafiq icra hakimiyyəti orqanlarının iradəsindən asılı olmasına, Lyudmila xanım deyir ki, hökumət qadın fəallığının artırılması üçün lazımi addımları atıb. Onun fikrincə, qadınların seçkili orqanlarda təmsilçilik istəyi könüllülük prinsiplərinə əsaslanır və hər kəs öz iddialarını ortaya qoyub bu prosesdə iştirak edə bilər: “Burada nəyisə, yaxud da kimisə günahlandırmaq doğru deyil. Qanunvericilik bazası qadınların da kişilərlə bərabər ictimai proseslərdə iştirakı üçün bütün imkanları yaradıb. Yetər ki, insan o potensialı özündə hiss edib seçkidə aktiv iştirak etsin. Düşünmürəm ki, icra hakimiyyəti, yaxud mentalitet məsələsi qadınların idarəetmədə və qərarların qəbulunda fəal iştirakına mane olsun”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gender şöbəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirirlər ki, ictimai-siyasi dəyişikliklər, sosial-iqtisadi çətinliklər, məişət problemləri qadınlara daha çox təsir göstərir. Belə ki, ən adi məişət qayğılarından tutmuş qlobal sosial problemlərədək bütün məsələlərin həllində Azərbaycan qadınları kişilərlə bərabər, bəzən isə onlardan artıq çalışır: “Bu problemlərin həlli üçün qadınların ictimai-siyasi proseslərdə iştirak etməsi vacibdir. Qadınlar yaşadıqları kənd, qəsəbə və şəhərlərdə rastlaşdıqları problemlərin həllində yaxından iştirak etməlidirlər. Buna görə onların daha təşəbbüskar və fəal, cəsarətli olmaları vacibdir”.

Komitədə hesab edirlər ki, son illərdə qadınların qərar qəbuletmə səviyyələrində iştirakında irəliləyişlər müşahidə olunur. Hazırda bir neçə mərkəzi icra hakimiyyəti orqanları ilə yanaşı ölkənin müxtəlif regionlarında icra hakimiyyəti başçısılarının müavini, səhiyyə, təhsil, mədəniyyət şöbələrinin rəhbərləri, məktəb direktorları, icra nümayəndələri əsasən qadınlardan ibarətdir. Bu isə yoxsulluğun aradan qaldırılmasında, qadın problemlərinin həllində zərif cinsin nümayəndələrinin rolunun artmasına özünü göstərir.

Elxan Salahov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2072

Oxşar yazılar