Meksika və ABŞ-dan Azərbaycana heyvan və heyvan mənşəli məhsulların idxalına qadağa
27 aprel 2009 11:00 (UTC +04:00)

Meksika və ABŞ-dan Azərbaycana heyvan və heyvan mənşəli məhsulların idxalına qadağa

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Meksika və ABŞ-da “donuz qripi”nin aşkarlanması ilə əlaqədar bu gündən həmin ölkələrdən baytarlıq nəzarətində olan yüklərin, o cümlədən heyvan və heyvan mənşəli məhsulların Azərbaycana gətirilməsinə müvəqqəti məhdudiyyət qoyub.

DBX-nın mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya bildirib ki, hazırda Azərbaycan Meksikadan heyvan və heyvan mənşəli məhsul idxal etmir. ABŞ-ın isə bir neçə vilayətindən Azərbaycana yalnız quş əti məhsulları gətirilirdi. Y. Xanvəli bu gündən ABŞ-dan quş əti məhsullarının gətirilməsinə qadağanın qoyulduğunu da söyləyib.

DBX rəsmisinin sözlərinə görə, hazırda “donuz qripi” ilə əlaqədar ölkədə donuzçuluq təsərrüfatının saxlanılması üçün heç bir qadağa yoxdur. Donuzçuluq təsərrüfatı ilə məşğul olanlara xüsusi göstəriş verilib ki, onlar bu heyvanları qapalı şəraitdə saxlasınlar, hər hansı problem baş verərkən dərhal DBX-ya müraciət etsinlər.

Y. Xanvəli deyib ki, “quş qripi”dən daha təhlükəli sayılan “donuz qripi” hava, qida, insanların donuzla əlaqəsi nəticəsində insanlara yoluxa bilər.

Ötən ilin yanvarın 28-də Qəbələ rayonunun Niç kəndində aşkarlanmış “Afrika taunu” ilə əlaqədar həmin kənddə qoyulmuş karantinə gəlincə, Y. Xanvəli bildirib ki, burada donuzların saxlanılmasına 1 il müddətinə qoyulmuş qadağa artıq baş çatıb. Aprelin 1-dən artıq Nic kəndində yalnız qapalı şəraitdə donuzların saxlanılmasına icazə verilib. Bu virusun 3 ildən 5 ilədək sağ qalma ehtimalı olduğu üçün Niç kəndində donuzların açıq şəkildə saxlanılmasına yalnız 3 ildən sonra icazə verilə bilər.
# 1125

Oxşar yazılar