Eşşək və dünyanın hərb təcrübəsi
09 iyun 2009 20:00 (UTC +04:00)

Eşşək və dünyanın hərb təcrübəsi

Uznuqlaqlar ordu üçün dözümlü, sakit və az məsrəfli xidmətçi sayılır

Ötən il Azərbaycana xaricdən idxal edilmiş və hər birinin qiyməti 14-18 min dollar aralığında olan uzunqulaqlar region dövlətlərində maraqla qarşılanıb. İş o yerə çatıb ki, hansı qurum tərəfindən və hansı məqsədlər üçün alındığı açıqlanmayan uzunqulaqlar Ermənistanda müzakirə mövzusuna çevrilib. Artıq Ermənistan mətbuatı bu uzunqulaqların hansı məqsədlər üçün alınması barədə müxtəlif versiyalar yürüdür, bəzi internet saytları isə onların hərbi təyinatlı işlərə cəlb edildiyini yazmağa başlayıblar.

Eşşək olaraq tanıdığımız bu dördayaqlıların əslində dünya ordularında istifadəsi ilə bağlı çoxlu sayda faktlar mövcuddur. Hələ qədim zamanlarda orduların eşşək və qatırlardan ibarət “logistik” qrupları mövcud olub. Qiyməti ucuz, saxlanılması az xərc tələb edən bu dözümlü heyvanlar qoşunun ardınca əsgərlərin çadırlarını, ərzaqlarını və s. daşıyıblar.

Maraqlısı odur ki, müasir dövrdə də müxtəlif ölkələr uzunqulaqlardan hərbi məqsədlər üçün istifadə edirlər. Əfqanıstanda 1979-1988-ci illərdə mücahidlər, hazırkı əməliyyatlarda isə həm Taliban yaraqlıları, həm də koalisiya qüvvələri istifadə edir.

1999-cu ildən Rusiya ordusu da Çeçenistanda və İnquşetiyada eşşəklərin xidmətindən yararlanmağa başlayıb. Qafqaz respublikalarından orduya çoxlu sayda eşşəklər cəlb olunub və bu canlı “transportyorlar” dağlıq-meşəlik sahələrdə ordu hissələrinin təchizatında istifadə edilib. 2003-cü ildə Rusiya Müdafiə Nazirliyinin Təchizat idarəsi tərəfindən yazılı surətdə eşşəklərə “qürurlu hərbi heyvan” statusu verilib.

Rus ordusunda 10 eşşək bir qrupda birləşdirilib. Qrupa eyni cinsdən olan heyvanlar cəlb olunub ki, əməliyyat zamanı eşşəklərin diqqəti başqa yerə yayınmasın. Hər 10 eşşəyə bir feldşer, hər 3 eşşəyə isə bir əsgər bələdçi təyin olunub.

Hərbi əməliyyat bölgələrində aparılan tədqiqatlar göstərib ki, hamının eşşək olaraq düşündüyü bu canlılar piyada əleyhinə minaların basdırıldığı ərazilərdən çox asanlıqla keçir və minaya düşmürlər. Minalı ərazidən keçirilən 10 eşşəkdən maksimum 3-nün partladığını müəyyən edən rusiyalı mütəxəssislərin araşdırmaları hələlik yekunlaşmasa da, ehtimala görə, eşşəklər buna özlərinə yaraşmayan “zərif addımlarının” sayəsində nail olurlar.

Qarabağda hərbi əməliyyatlar zamanı da eşşəklərdən istifadə olunub. Bu heyvanlar yüksəklikdə yerləşən postlara sursat, yemək və su daşıyıb. İlk dəfə olaraq uzunqulaqların hərbi əməliyyatlara cəlbi o zaman Ağcabədi rayonuna dislokasiya olunmuş artilleriya briqadasının sabiq komandiri, polkovnik Əli Bağırovun əmri ilə həyata keçirilib. Haramı düzündə və Xocavənd ərazisindəki postlara sursat və yemək daşımaq üçün ətraf bir neçə rayonun Hərbi Komissarlığı tərəfindən əhalidən eşşəklər alınaraq, orduya göndərilib.

Xatırladaq ki, 2-3 il əvvəl Ümumdünya Gömrük Təşkilatının baş katibi Mişel Dane Azərbaycanda səfərdə olarkən İran-Azərbaycan sərhədində narkotik qaçaqmalçılığında eşşəklərin xidmətindən geniş istifadə olunduğunu bildirmişdi. Belə ki, İranda eşşəyin üzərinə narkotik dolu çanta yüklənir və sərhəddən buraxılır. Eşşək öz başına Azərbaycandakı sahibinin evinə gəlir, buradan da əks istiqamətə yola salınır.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1194

Oxşar yazılar