Gözəl, təzə, bənövşəyi... narazılıq – ARAŞDIRMA
22 iyun 2011 16:43 (UTC +04:00)

Gözəl, təzə, bənövşəyi... narazılıq – ARAŞDIRMA

- Bunlar kasıb təbəqənin dolanışığı üçün harada balaca bir imkan varsa, oranı da tuturlar. Qoymurlar ki, camaat öz zəhməti ilə bir tikə çörək qazanıb ailəsini dolandırsın.

- Nəqliyyat Nazirliyi iritutumlu avtobusları şəhərə gətirəndən sonra taksiləri də öz monopoliyasına alır. İstəyir ki, onların nəzarətindən kənarda heç kim bir addım da atmasın. Az qalırlar yatıb-durmağa görə də camaatdan hesab soralar.

- Təzə gətirilən taksilərin indiyə qədər işləyənlərdən nə üstün cəhəti var ki?! Sadəcə, bilmirlər dövlətin pulunu necə mənimsəsinlər...

Nəqliyyat Nazirliyi “London taksiləri”nin ilk partiyasını Bakıya gətirəndən bəri köhnə taksi sürücülərinin narazılığı artıb. İndi dayanacaqlarda bir neçə dəqiqə dayanmaq kifayətdir ki, taksi sürücülərinin ittiham, hətta qarğış və söyüşlərinin şahidi olasan. Hətta iş o yerə çatıb ki, Nəqliyyat Nazirliyinin müfəttişləri paytaxtın müxtəlif nöqtələrində şəxsi avtomobilləri ilə taksi xidməti göstərən sürücüləri, necə deyərlər, dayanacaqlardan dağıtmağa başlayıb. Onlara açıq şəkildə deyirlər ki, bundan sonra paytaxtda yalnız dövlətin xərc çəkib xaricdən gətirdiyi yeni taksilər xidmət göstərəcək. Köhnə taksilər, daha doğrusu, şəxsi avtomobilləri ilə taksi xidməti göstərən sürücülər isə özlərinə başqa iş tapmalıdırlar.

17 ildir şəxsi “Jiquli”si ilə taksi xidməti göstərən Habil Səfərov işini itirmək təhlükəsi ilə üzləşən sürücülərdən biridir. O, son iki həftədə nəqliyyat müfəttişliyinin qovhaqovundan artıq bezdiyini deyir: “İndiyə qədər çətinliklə də olsa, beş-on manat qazanıb ailəmizi dolandırırdıq. Hələ üstəlik az-çox müfəttişlərə də verirdik ki, narazılıq olmasın. Amma bu təzə taksilər gələndən bəri rahatçılığımız yoxdur. Heç müfəttişlərlə də dil tapmaq olmur. Buradan ora qovurlar, oradan bura. Minlərlə mənim kimilərin çörəyinə bais oldular. Bəs, bu qədər camaat necə dolansın – heç bunu fikirləşən yoxdur”.

Xatırladaq ki, Nəqliyyat Nazirliyi yeni yaradılan “Baku Taxi Company” MMC-nin xətti ilə Böyük Britaniyanın “Manganese Bronze Hildings PLC” firması ilə bağlanmış müqavilə əsasında iyunun 6-da paytaxta 100 ədəd taksi avtomobili gətirib. İlin sonunadək daha 900 taksi gətirmək və paytaxtda “London taksiləri”nin sayını 1000-ə çatdırmaq nəzərdə tutulur. Nəqliyyat Nazirliyində bildirirlər ki, Bakı şəhərinin taksi xidmətlərinin təkmilləşdirilməsi proqramı Böyük Britaniyanın “TX4 London Taxis” qrupu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. “Manganese Bronze Hildings PLC” və Çinin avtomobil istehsalçısı “Geely Automobile Holdings Limited”in birgə müəssisəsi “Shanghai LTI” şirkətinin bu taksiləri 2011-ci ildə Bakıya gətirilməsi üzrə saziş London şirkəti üçün ən iri müqavilədir. Sifarişin ümumi dəyəri 27 milyon dollara yaxındır. Nəqliyyat Nazirliyinin bir müddət əvvəl yaydığı açıqlamada bildirilirdi ki, Bakıya ümumilikdə 3000-dək yeni taksi avtomobilləri gətiriləcək. Bakı şəhərinin taksiləri üçün bənövşəyi rəngdə avtomobillər seçilib. Bakı, Gəncə, Sumqayıt və digər iri şəhərlərin taksi ilə təmin olunması üçün ümumilikdə 7-8 min ədəd avtomobilin alınması planlaşdırılır.

Bəs, “London taksiləri” hansı şərtlərlə xidmət göstərəcək? Hər sürücü bu taksiləri icarəyə götürüb işlədə bilərmi? Ənənəvi taksi ordusunun taleyi necə olacaq?

“London taksiləri”ndə işləməyin şərtləri

Lent.az bu və ya digər suallara aydınlıq gətirmək məqsədilə kiçik araşdırma aparıb. Məlum olub ki, “London taksiləri” və onların sürücüləri ənənəvi taksilərdən fərqli olaraq, xüsusi şərtlər əsasında xidmət göstərəcəklər. İndiyədək paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına xidmət göstərən köhnə taksilərin taleyi isə necə deyərlər, elə taleyin ümidinə buraxılacaq.

Əvvəlcə “London taksiləri”ndə sürücülük edəcək şəxslərin seçimi barədə. Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəhbəri Namiq Həsənov bildirir ki, əsas şərt həmin sürücülərin ən azı bir xarici dil bilməsi, Bakının yollarını, körpü və keçidləri mükəmməl şəkildə tanıması, yüksək davranış və müştərilərlə ünsiyyət qurmaq bacarığına malik olmasıdır. Şərtlərə sürücülərin xüsusi geyimdə olmaları da aiddir. Həmçinin yeni taksilərdə işləyənlərin ən azı 1 il sürücülük təcrübəsi olmalıdır. Onun sözlərinə görə, bu tələblərə cavab verən hər bir sürücü paytaxta gətirilən yeni taksilərdə işləmək üçün müraciət edə bilər. Şifahi müsahibədən sonra seçilmiş sürücülər “Tədris Kurs Təminatı” tədris müəssisəsində xüsusi kurslara cəlb olunacaq: “Artıq Bakıya gətirilmiş taksilərdə çalışacaq sürücülər müəyyənləşdirilib və onlar kurslara cəlb olunublar. Həmin sürücülər müxtəlif testlərdən – alkodispanserdən, psixotestdən və zəruri təlimləri keçiblər. Bu sürücülərin əksəriyyəti rus və ya ingilis dillərində danışa bilir”.

Köhnə taksilərin qaranlıq taleyi...

Köhnə taksi sürücülərinin taleyinə gəlincə, Nəqliyyat Nazirliyinin rəsmisi deyir ki, nazirlik köhnə taksi sürücülərinə lisenziya vermək niyyətində deyil. Özbaşına taksi xidməti göstərənlər isə sərt şəkildə cəzalandırılacaq. Hətta belələrinin sürücülük hüquqlarının məhdudlaşdırılması da nəzərdə tutulur. Namiq Həsənov bildirir ki, nəzərdə tutulan daha 900 “London taksiləri” ölkəyə gətirildikcə köhnə, əsasən də sovet istehsalı olan avtomobillərin taksi kimi fəaliyyəti dayandırılacaq: “Yalnız xarici markalı və saz vəziyyətdə olan avtomobillər taksi fəaliyyətini davam etdirə bilər. Bir şərtlə ki, onlar da lisenziya almalıdır”.

Xatırladaq ki, qeyri-rəsmi məlumatlara görə, hazırda təkcə Bakı şəhərində 30 mindən çox taksi fəaliyyət göstərir. Paytaxtətrafı ərazilər də nəzərə alındıqda sərnişinlərə gündəlik xidmət göstərən bu nəqliyyat vasitəsinin sayının 40 mini ötdüyü bildirilir. Nəqliyyat Nazirliyi isə bildirirlər ki, Bakıda taksilərin sayı 5-7 min arasındadır. Ancaq “London taksiləri” tam şəkildə istifadəyə verdikdən sonra sərnişinlərə xidmət göstərəcək taksilərin sayı maksimim 3 min olacaq. Bu isə hətta minimum rəqəmlərlə götürdükdə o deməkdir ki, hazırda Bakıda taksi xidməti göstərən 5 min sürücüdən 2 mininin bir neçə aydan sonra nə işlə məşğul olacağı sual altındadır.

Maraqlıdır ki, Bakıda və regionlarda taksilərin sayı barədə dəqiq məlumat yoxdur. Dövlət Statistika Komitəsində bildirirlər ki, hazırda Azərbaycanda fiziki şəxslərlə yanaşı, 15 ixtisaslaşdırılmış şirkət taksi xidməti göstərir. Onların il ərzində sərnişindaşımadan əldə etdiyi gəlir 40-45 milyon manat civarındadır. Taksi xidmətindən istifadə edənlərin sayı isə ay ərzində orta hesabla 3 milyon nəfər təşkil edir. Komitənin hesablamalarına görə, bu ilin ilk ayında Azərbaycanda taksilərdən istifadə edənlərin 2 926,9 min nəfər taksidən istifadə edib. Bu, 2010-cu ilin yanvar ayı ilə müqayisədə 10,7 faiz artım deməkdir.

Dövlət Statistika Komitəsində onu da bildirirlər ki, ölkədə taksi xidməti göstərən nəqliyyat vasitələrinin ayrıca hesabatı aparılmır. Buna səbəb isə fərdi avtomobilləri ilə taksi xidməti göstərənlərin rəsmi qeydiyyatdan yayınmasıdır. Bununla belə, komitədə hesab edirlər ki, qeydiyyatdan yayınma halları da nəzərə alınmaqla, Bakı şəhərində 5 min taksinin olması reallığa uyğun sayıla bilər.

...11-12 min sürücünü işsizliyə aparır

Namiq Həsənov bildirir ki, hazırda Bakı şəhəri üçün maksimum 3500 taksinin olması sərnişin tələbatının ödənməsinə kifayət edir. Ancaq hazırda paytaxtda təkcə rəsmi qeydiyyat və lisenziya əsasında fəaliyyət göstərən taksilərin sayı 7 mindən çoxdur. Onun fikrincə, təxminən bu qədər də qeyri-rəsmi fəaliyyət göstərən taksilər var. Bu isə o deməkdir ki, hazırda Bakı şəhərində 15 minə yaxın, yaxud real tələbatdan 11-12 min artıq taksi fəaliyyəti göstərir.

Bu hesabla, yaxın zamanlarda 10 mindən artıq taksi sürücüsü məcburi qaydada öz işini və qazancını itirməli olacaq. Elə Namiq Həsənov da təsdiqləyir ki, ilin sonunadək Bakıya gətiriləcək 1000 ədəd taksilərdə işləmək üçün təxminən 1200 nəfərə yaxın sürücü cəlb olunacaq. Sürücülər xüsusi qrafikə uyğun olaraq çalışacaq və onlar tabe olduqları qurumla razılaşdırılmış məbləğdə əməkhaqqı alacaqlar. Hətta taksi sürücüləri ilə işəgötürən arasında rəsmi əmək müqaviləsi də bağlanacaq və sürücülər həmin əsasında sosial hüquqlarla təmin olunacaqlar: “Yeni taksilər tam fəaliyyətə başlayandan sonra Bakıda qanunsuz taksilərin biri də qalmayacaq. Fəaliyyətinə son qoyulacaq sürücülər isə ya gəlib qanuni əsaslarla yeni taksilərdə işləməlidir, ya da başqa məşğuliyyət tapmalıdır”.

Nazirlik rəsmisi bu qədər sürücünün birdən-birə işsiz qalmasının sosial partlayışa səbəb ola biləcəyi barədə deyilənlərə də münasibət bildirib. Namiq Həsənovun sözlərinə görə, Nəqliyyat Nazirliyi köhnə avtomobillərlə fərdi taksi xidməti göstərənlərin sonrakı taleyinə məsuliyyət daşımır: “Onlar şəxsi məqsədlər üçün fəaliyyət göstərirlər, buna görə də öz avtomobillərindən istifadə edənlərin fəaliyyəti dərhal dayandırılacaq. Həmin şəxslərə lisenziya verilməyəcək” .

Nazirliyə inhisarçı ittihamı

Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri Natiq Ələkbərov isə nazirliyin məsələyə bu cür yanaşması taksi xidmətlərində inhisarçılıq meyllərinin güclü olmasının göstəricisi kimi dəyərləndirir. Onun sözlərinə görə, Nəqliyyat Nazirliyinin Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni avtobusların və taksilərin alınması planları dövlət vəsaiti hesabına həyata keçirildiyindən ictimai maraqlar maksimum şəkildə qorunmalıdır: “Dövlətin vəsaiti ilə həyata keçirilən layihə sərnişinlər üçün rahatlıq yaradırsa, digər tərəfdən on minlərlə insan işini itirirsə, onda bu layihənin hansı ictimai səmərəsindən danışmaq olar? Ona görə də bu problem hökumət səviyyəsində geniş müzakirə olunmalı, ətraflı öyrənilməli və yekunda ədalətli qərar çıxarılmalıdır. Əks halda on minlərlə sürücünün birdən-birə öz işini itirməsi əlbəttə ki, yaxşı heç nə vəd etmir. Əksinə, bu qədər adam sabah çıxıb küçələrə hökumətdən iş istəyəcək”.

Natiq Ələkbərov hazırda Bakıda taksi xidməti göstərənlərin sayı barədə Nəqliyyat Nazirliyinin açıqladığı rəqəmlərə də şübhə ilə yanaşır. Onun fikrincə, indi Bakıda rəsmi və qeyri-rəsmi şəkildə bu xidmət növü ilə məşğul olanların sayı nazirliyin elan etdiyi rəqəmlərdən ən azı 2 dəfə çoxdur: “Məncə, “London taksiləri”nin Bakıya gətirilməsi ilə işini itirəcək sürücülərin sayı 35-40 mi nəfərə yaxın olacaq”.

Qanunvericilikdəki boşluq

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov Nəqliyyat Nazirliyinin “London taksiləri”ndə işləmək istəyən sürücülər üçün müəyyən etdiyi şərtlərin çox ağır olduğu qənaətindədir. Üstəlik həmin şərtlərdəki tələblərin bir hissəsinin hüquqi əsası da yoxdur. Onun sözlərinə görə, qanunvericiliklə taksi sürücüləri qarşısında xarici dil bilmək tələblərin qoyulmasına dair müddəa yoxdur. Ona görə də Nəqliyyat Nazirliyi praktikada tətbiq etdiyi belə tələblər hüquqa əsaslanmır: “Ümumiyyətlə, bu tip məsələlərlə bağlı qanunvericilikdə çoxlu boşluqlar var. Biz hələ 10 il əvvəl nazirlər kabinetinə təklif vermişdik ki, işçilərin xarici dil bilmə səviyyəsi, davranışı, görkəmi, boyu və digər belə parametrlər tələb olunan iş yerlərinin siyahısı hazırlansın. Bu, həm də ona görə lazımdır ki, belə hallarda həm işəgötürən öz tələblərini hüquqi normalara uyğunlaşdıra bilsin, həm də işçinin hüquqlarını təmin etmək mümkün olsun. Amma Nazirlər Kabineti belə iş yerlərinin siyahısını qərar şəklində hazırlamadı”.

Sahib Məmmədov deyir ki, hazırda işini itirmək təhlükəsi ilə üzləşmiş on minlərlə taksi sürücüsü istəsələr belə, öz hüquqlarını sonadək müdafiə edə bilməyəcək. Çünki qanunvericilik bunu tənzimləmir: “Yəni, bu, təkcə praktika ilə bağlı yox, həm də normativ sənədlərlə bağlı məsələdir. Ona görə də hər bir işçi imkan olan yerdə əmək müqaviləsi tələb etməlidir. Amma indi 40-50 min nəfərlik ailə ac qalmaqdansa, taksi sürücüləri müqaviləsiz işləsin, çünki bu məsələ daha çox hökumətin problemidir”.

Eltac İsazadə



1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1315

Oxşar yazılar