Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboyda kriminal aləm üzvünü qətlə yetirməkdə təqsirləndirilən Tarzan Şamilovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Tarzan Şamilov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il iyulun 16-da Hindarx-Borsunlu avtomobil yolunun Goranboy rayonu Veyisli kəndi ərazisindən keçən hissəsində 1984-cü il təvəllüdlü Əhməd Ərəbovun avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərdən bir gün sonra xəstəxanada ölməsi faktı ilə bağlı Goranboy Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
İstintaq zamanı 1988-ci il təvəllüdlü Tarzan Şamilovun avtomobillə hərəkətdə olarkən, onunla eyni istiqamətdə hərəkət edən Əhməd Ərəbovun idarə etdiyi avtomobili vurması, daha sonra nəqliyyat vasitəsindən enən Əhməd Ərəbovu avtomobillə vurub çox sayda bədən xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Tarzan Şamilova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Əhməd Ərəbov kriminal aləmdə "Kürd Amo", "Kürd Əhməd" kimi tanınıb. Onun mərhum kriminal avtoritet "Lotu Quli"nin yaxın adamlarından biri olduğu qeyd olunurdu./Pravda.az