31 mart soyqırımı  bəşəri cinayətdir
30 mart 2023 13:55 (UTC +04:00)

31 mart soyqırımı bəşəri cinayətdir

1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyuldu. Sonrakı dövrdə isə həmin torpaqların özgəninkiləşdirmə prosesinə başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail olublar. 

Lent.az xəbər verir ki, süni ərazi bölgüsü, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsinə şərait yaradıb. Azərbaycan torpaqlarında “böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün erməni xalqının tarixinin saxtalaşdırılmasına başlanılıb. Azərbaycanın və ümumilikdə, Qafqazın tarixinin təhrif olunması bu fəaliyyətin mühüm tərkib hissəsini təşkil edib.

Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib. Ermənilərin Bakıdan başlanan kütləvi qırğınları Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Bununla da Azərbaycan torpaqlarında məskən salan ermənilər ilk vaxtdan Qafqazda xalqlar arasında nifaq hisslərinin, seperatizmin, dünyada analoqu olmayan əməllərin əsasını qoymaqla, deportasiya, genosid siyasəti, vandalizm kimi bəşəriyyətin taleyinə ləkə olan ermənilik həm də ədəbi-mədəni abidələrimizi, minilliklərlə xalqımızın zəkasının yaradıcı məhsulu olan mənəvi mədəniyyətimizi məhv etmək yolu tutmuşlar: Bu kontekstdə xalqımızın minilliklər boyu adət-ənənələri, zəngin folklor nümunələrinin bəşəriyyətə verdiyi töhfələrin erməni vandalizminə məruz qalması isə bəşəri cinayətdir. 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər üzə çıxarıldı. İlk belə addım Ulu Öndər Heydər Əliyevin Azərbaycanlıların soyqırımı haqqında 1998-ci il 26 mart tarixli Fərmanı  ilə atıldı. Soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara və həqiqətlərin üzə çıxarılmasına imkan yaratdı. Azərbaycan xalqına qarşı törədilmiş  soyqırımı “31 mart Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Çünki Fərmanda deyildiyi kimi "1918-ci ilin mart günləri bolşeviklərin siyasətinin labüd nəticəsi olan soyqırımı  Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi”. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncamdan sonra isə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunmağa bu istiqamətdə mütəşəkkil fəaliyyətə böyük stimul verdi.

Quba Soyqırımı Memorial Kompleksi fəaliyyətə başladığı 2013-cü ildən indiyə kimi ümumilikdə 1 milyondan çox ziyarətçi qəbul edib. Onlardan 178 min nəfəri əcnəbilərdir. Onların arasında öz təşəbbüsü ilə gələn turistlərdən tutmuş, yüksək səviyyəli nümayəndə heyətləri, respublikamızda olan bütün xarici ölkələrin səfirləri və səfirlik əməkdaşları da var. Xarici qonaqlar üçün xatirə kitabında yazılan qeydlərdən məlum olur ki, Memorial Kompleksə ziyarət bu insanların Azərbaycan həqiqətləri haqqında fikirlərinin nə dərəcədə dəyişməsinə təsir edir.

Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Həmin mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, - onların da mənfur adları orada göstərilir, - Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1563
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar