700 bal toplayan Şəki məktəblisi: "İndiyədək telefonum olmayıb"
25 iyul 2025 14:02 (UTC +04:00)

700 bal toplayan Şəki məktəblisi: "İndiyədək telefonum olmayıb"

Ali məktəblərə qəbul imtahanında 700 bal toplayan iki abituriyentdən biri IV ixtisas qrupu üzrə hazırlaşan Şəki rayonu, Orta Zəyzid kənd məktəbinin məzunu Abdulsəlimli Orxan Fəxri oğludur.

Lent.az Orxanla əlaqə saxlayaraq onun uğurunun sirrlərini və hədəflərini öyrənib.

- Orxan, səni təbrik edirik. 700 bal toplamaq müəyyən qədər zəhm və şans tələb edir. Maraqlıdır, bundan əvvəl I cəhd imtahanında neçə bal toplamışdın?

- Təşəkkür edirəm, mən bundan əvvəlki imtahanda ümumilikdə 693,5 bal toplamışdım.

- Bu bal istədiyin ixtisasda oxumaq üçün kifayət qədər yüksək imiş. Məqsədin maksimum nəticə göstərmək idi?

- Əslində balımı 693-dən bir qədər də artırmaq istəyirdim, amma 700 hədəfimdə yox idi.

- IV ixtisas qrupu üzrə imtahanda ölkə birincisi olmusan. Hədəfin hansı universitet və ixtisasdır?

Mən Azərbaycan Tibb Universitetinin Tibb fakültəsində təhsil almağı düşünürəm. Bakalavrdan sonra xarici ölkəyə getmək planım var, lakin hazırda bu barədə dəqiq söz deyə bilmərəm.

- Həkim olmaq arzun uşaqlıqdan var idi?

- Həmişə həkim peşəsinə çox böyük hörmətim olub.

- Bildiyimiz qədərilə sənin baban da, nənən də savadlı insanlar olub. Səncə uğurunun genetika ilə əlaqəsi varmı?

- Düşünürəm ki, bəli (gülümsəyir).

- Respublika birincisi adı yetərincə böyük statusdur. Bəs bu adı qazanmağın arxasında neçə saat oxumaq dayanır?

- Günün 6-7 saatını fasilələrlə oxumağa həsr etmişəm. Gəzinti və digər hobbilərimi imtahan vaxtı yaxınlaşdıqca məhdudlaşdırırdım. Amma ümumilikdə digər fəaliyyətlərə də vaxt ayırmışam.

- Hazırlıq üçün əlavə məşğələlərdə olmusan?

- Bəli, boşluqlar olan mövzularda hazırlıqlara getmişəm ki, biliklərimi təkmilləşdirim.

- Orxan, imtahana hazırlıq müddətində telefondan istifadə etmisən?

- Qəbul imtahanına qədər özümün telefonum olmayıb. Düşünürdüm ki, telefon istifadə etsəm, dərslərdən yayına bilərəm. Telefona ehtiyac duyanda valideynlərimdən alıb, istifadə edirdim. Artıq imtahanları yekunlaşdırdıqdan sonra telefon istifadə etdim.

- Orxan, imtahandan çıxdıqdan sonra etalon cavablara əsasən neçə bal topladığını hesablamışdın?

- Yoxlamışdım, bilirdim ki, səhvim yoxdur. Təxmini 700 olacağını bilirdim, amma yenə də insan tərəddüd edə bilir.

- Çox gözəl, bəs imtahanda həyəcanın var idi? İstər I, istər II cəhddə.

- Bəli, həyəcanlı idim. Hətta deyərdim ki, I cəhddə bu həyəcan daha çox idi. Yəqin ki, ilk olduğu üçün.

- Ailədə neçə uşaqsınız? Onlar da uğurludur?

- Məndən böyük bir qardaşım var. O da, Bakı Mühəndislik Universitetinin tələbəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1353

Oxşar yazılar