Ailəsi tibb istəyirdi, o baytarlığı seçdi – 617 bal toplayan Xaliqlə MÜSAHİBƏ
31 avqust 2026 12:06 (UTC +04:00)

Ailəsi tibb istəyirdi, o baytarlığı seçdi – 617 bal toplayan Xaliqlə MÜSAHİBƏ

0

Lənkəran şəhər 8 saylı tam orta məktəbin məzunu Xaliq Zeynallı qəbul imtahanlarında 617 bal toplayaraq Xəzər Universitetinin bayratlıq ixtisasına qəbul olub.

Lent.az-ın əməkdaşı Xaliqlə həmsöhbət olub, yüksək bal toplamasına baxmayaraq niyə məhz keçid balı 373 olan baytarlıq ixtisasını seçdiyini öyrənib.

- Xaliq, niyə məhz baytarlıq?

- Mənim uşaqlıqdan heyanlara qarşı xüsusi marağım, sevgim olub. Bir ara fikrim dəyişmişdi, onun səbəbi də ətrafımdakı insanlar idi. Onlar mənim yanımda tez-tez baytarlıqda iş tapmağın çətin olduğunu, pul problemlərini səsləndirirdilər. Amma bir müddət sonra gördüm ki, Azərbaycanda bu sahədə inkişaf var.

- Maraqlıdır, bu ixtisası seçimlərdə neçənci yerə yazmışdın?

- Bu bir az problemli məsələdir (gülür). Mən ilk dəfə ixtisas seçiminə gedəndə baytarlığı birinci yerə yazmışdım. Amma evdəkilər narazı olduqları üçün yenidən seçimimi dəyişdim, tibb ixtisasını birinci, baytarlığı ikinci yerə yazdım. Çünki doqqunuzuncu sinifdə evdəkilərə söz vermişdim ki, nə olsa belə, birinci yerə tibb ixtisasını yazacam. Onlar bilirdilər ki, insan həkimi olmağa marağım yoxdur. Ona görə də "bir il oxu, həvəsin olmasa, başqa universitetə dəyişərsən, ya da bir il daha hazırlaşarsan, o da olmasa, xaricdə baytarlıqda oxuyarsan", deyirdilər. Mən onsuz da inanmırdım ki, tibb ixtisasında uğur qazanacam, oranın keçid balı mənim topladığım baldan yüksək idi. Yaxşı ki, ikinci yerə Xəzər Universitetinin baytarlıq ixtisasını yazmışdım, öz istədiyim oldu.

 - Bəs niyə Xəzər Universitetində oxumağı seçdin?

- Mənim ingilis dili biliyim o qədər də yüksək səviyyədə deyil. Bakıda həmin dili inkişaf etdirə biləcəm. Ünsiyyət vasitəsilə ingilis dilini maksimum səviyyəyə çatdıracam.

- Xaliq, sən yüksək bal toplamısan, amma tələbə yoldaşların səndən çox aşağı balla universitetə qəbul olunub. Bu hal sənə qəribə gəlir?

- Tələbə yoldaşlarım bu ixtisasa qəbul olmaq üçün nə qədər oxuyub, bilmirəm. Bundan sonrakı həyatımda elə insanlarla dostluq edəcəm ki, onların heyvanlara marağı olsun.

- Bəs özün evdə, həyət-bacada heyvan saxlayırsan?

- Həyətdə toyuq-cücə saxlayıram, amma evdəkilər it-pişik saxlamağa icazə vermir.

- Bəs indidən belə necə olacaq? Ailən baytar olmağına sevinir?

- Nəticələr açıqlananda ailəmdən başqa heç kim bilmirdi. Ona görə də çox da isti münasibət bəsləmirdilər. Amma xəbər saytları paylaşandan sonra girib rəyləri oxuyub gördülər ki, seçimim həqiqətən də doğru olub. Ona görə də mənə dəstək olurlar.

- Ailəndə sənin kimi yüksək bal toplayanlar var? Səndəki savad genetikdir?

- Böyük bacım Azərbaycan Tibb Universitetinin tibb ixtisasında, ortancıl bacım Bakı Dövlət Universitetinin tarix ixtisasında oxuyur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 102

Oxşar yazılar