Oğuz rayonunun ucqar dağ kəndində qarın hündürlüyü bir metrə çatır.
Yeni tikilmiş iki fərdi yaşayış evinin dam örtüyü qarın ağırlığına tab gətirməyərək uçub.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, martın 9-dan bu günə kimi ölkənin şimal-qərb bölgəsində qarlı şaxtalı hava şəraiti hökm sürür.
Qar yağışı bölgəni əhatə edən Oğuz, Şəki, Qax və Zaqatala rayonlarının dağ ətəyi və yüksək dağ kəndlərində özünü göstərib. Bölgədə qar ən çox Oğuz rayon mərkəzindən 50 km uzaqlıqda yüksək dağlıq ərazidə yerləşən Filfilli və Qax rayonun yüksək dağlıq ərazidə yerləşən Sarıbaş kəndlərinə yağıb.
Yerli sakinlərin APA-ya verdiyi məlumata görə, bu kəndlərdə martın 9-dan bu günə kimi yağan qarın hündürlüyü artıq 1 metrə yaxınlaşır. Hal hazırda da bu kəndlərə qarın yağması davam edir.
Oğuz rayonunun Filfilli kəndində iki nəfər kənd sakinləri - Qalib Əliyev və Elşən Məmmədova məxsus yeni tikilmiş və hələ ki, yaşayış olmayan evlərin dam örtüyü qarın ağırlığına tab gətirməyərək uçub.
Yerli sakinlərin sözlərinə görə, kəndə elektrik enerjisinin verilməsini təmin edən elektrik naqillərin vaxtında kabelləşdirilməsi həyata keçirildiyi üçün hazırda kəndə elektrik enerjisinin verilməsində heç-bir problem yoxdur.