Britaniyalılar “Bordo”nu  bir avroya   aldılar
30 sentyabr 2026 19:20 (UTC +04:00)

Britaniyalılar “Bordo”nu bir avroya aldılar

0


Britaniya investisiya şirkəti Park Bench Fransanın "Bordo" futbol klubunu simvolik olaraq bir avroya alıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, razılaşma klubun əvvəlki sahibi Jerar Lopeslə bağlanıb. Yeni investor həmçinin "Bordo"nun maliyyə sağlamlığı üçün məsuliyyət daşıyır. Klubun ümumi borcu təxminən 26 milyon avro olaraq qiymətləndirilir.

"Sövdələşmə simvolik olaraq bir avro məbləğində bağlanıb və klubun borc öhdəliklərini öz üzərinə götürmək şərti ilə həyata keçirilib. Bu müqavilənin imzalanması gələcək üçün mühüm bir mərhələdir", - klubun açıqlamasında bildirilir. 

İş adamı Dominik Delpor “Bordo” klubunun yeni rəhbəri, britaniyalı sahibkar Ceyms Bord isə klubun xilasetmə layihəsinə investor olub.

“Bordo” 1881-ci ildə qurulan Fransanın ən qədim futbol klublarından biridir. Eyni adlı şəhərin klubu altı dəfə (1950, 1984, 1985, 1987, 1999, 2009) Fransa çempionu olub və həmçinin 1996-cı ildə UEFA Kubokunun finalına yüksəlib.

2020-ci illərin ilk yarısında "Bordo" ciddi maliyyə böhranı ilə üzləşib. 2021/22 mövsümündə klub Liqa 1-də sonuncu yerdə qərarlaşaraq 31 ildən sonra ilk dəfə yüksək liqadan aşağı düşüb. Liqa 1-də iki mövsüm keçirdikdən sonra klub dördüncü pillədə qərarlaşıb və peşəkar statusunu itirib.

Ötən yay "Bordo" bütün Fransa milli çempionatlarından kənarlaşdırılıb və altıncı ən güclü divizion olan Regional 1-də yer alıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar