"Məndən 360 min manat istədi" - Zal Yusifovun oğlunun MƏHKƏMƏSİ
30 sentyabr 2026 16:53 (UTC +04:00)

"Məndən 360 min manat istədi" - Zal Yusifovun oğlunun MƏHKƏMƏSİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Yusifov İslam Zal oğlu və tanışı İlham Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənlərdən R.H-un ifadəsi ilə davam edib:

"Mənim pulu vermək səbəbim o idi ki, oğlumu dövlət qurumuna işə düzəldəcəyini vəd vermişdi. İlham Abbasov məndən 360 min manat istədi və dedi ki, 350 min işin həll olunması üçün həmin dövlət qurumuna veriləcək, 10 min manat onun özünə qalacaq. Obyekti satmaq barədə sonra razılaşmışıq. Obyekt satılacaq, mənim də pulum qaytarılacaqdı. Obyektim satılandan və müəyyən xərclər çıxandan sonra mənə 150 000 nağd pul qaldı. Pulu İlhama vermişəm, çünki ona inanmışam. Deyib ki, yaxşı tanışları var, bu işi görəcəklər. İlhama verdiyim 360 min pulu Rusiyada işləyib qazanaraq, obyektimi sataraq qazanmışam. Mən həmin vaxt Rusiyada olduğumdan oğullarım pulu verib İlhama. Özüm beş aydan sonra Azərbaycana qayıtdım".

Zərərçəkən M.R borcu səbəbindən İslam Yusifovla yolunun kəsişdiyini bildirib:

"Borcuma görə bağ evimi satmaq qərarına gəldim. Tanışlara xəbər saldım. Qohumum Ceyhun dedi ki, İslam adlı bir nəfər kömək edə bilər. Görüşdük, İslam mənə dedi ki, "Sənə kömək edəcəm amma bir şərtim var ki, neçəyə, kimə satacam sənə aidiyyatı yoxdur, heç nə soruşmayacaqsan". Bu şərt məni qane etmədi, razılaşmadım. Durumum ağırlaşdığı üçün məcbur qalıb İslama zəng edib şərtlərini qəbul etdiyimi dedim. 16 avqustda 51 saylı notariatda görüşdük. İslam 170 000 manata baş tutan satışdan 100 000 manatı mənə verdi, qalan 180 000-lə bağlı borc müqaviləsi bağladıq ki, altı ay içində mənə   borcunu ödəyəcək. Çox gözlədim, amma borcunu ödəmədi, zənglərimə cavab vermədi. Sonra Yusifovun həbsə alındığını eşitdim".

Növbəti proses 28 oktyabra təyin olunub.

İttihama görə İ.Yusifov tanışı İ. Abbasovla birlikdə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirib. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2, 178.4 maddələri ilə ittiham irəli sürülüb.

Polisin apardığı istintaq zamanı İslam Yusifovla əlbir olan İham Abbasov da cinayət məsuliyyətinə cəlb olunub, lakin həbs edilməyib. Zərərçəkənlərə dəymiş ziyan ödənilməsə, onlara 14 ilədək həbs cəzası verilə bilər.

Xatırladaq ki, 2010-cu ildə "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifov 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində təqsirli bilinmişdi. Oğlu İslam da həmin iş üzrə dələduzluqda iştirakçı hesab olunmuş və Zal Yusifov 15 il, İslam Yusifov isə 8 il həbs cəzası almışdı. Milyonlarla manatlıq əmlakları müsadirə edilən ata və oğul illər sonra azadlığa buraxılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar