Oktyabrın 22-də Səbail Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib.
Lent.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları, bələdiyyə sərdləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və SİƏD üzrə nümayəndəliklərin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov rayon ərazisində xüsusi Qərargah yaradıldığını, eyni zamanda, rayonun idarə və müəssisələrdə, kommunal xidmət sahələrində mövsümə hazırlıqla bağlı Tədbirlər planının təsdiq olunduğunu bildirib, 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülən işlərin vəziyyəti, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. Eyni zamanda şəhər təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı bütün təsərrüfat obyektlərində, eyni zamanda elm, təhsil və səhiyyə müəssisələrində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin görülməsi, yarana biləcək çatışmazlıqların aradan qaldırılması üçün operativ işlərin aparılması və sakinlərin qış fəslində rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyyə və tapşırıqlarını diqqətə çatdırıb.
Tədbirdə payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonun mərkəzi küçə, prospekt və məhəllədaxili yollarında səkilərin qardan təmizlənməsi işinin təşkili, eləcə də yaşayış binalarında istilik sistemlərinin payız-qış mövsümünə hazırlıq səviyyəsinin araşdırılması və texniki vəziyyətinin aidiyyəti təşkilatlarla birlikdə işlək vəziyyətə gətirilməsi, rayonun küçə və prospektlərində yağış barmaqlıqlarının tutulmasına səbəb olan tullantıların qarşısını almaq məqsədilə müvafiq tədbirlərin yerinə yetirilməsinin təmin edilməsi, yağış barmaqlıqlarının su götürmə vəziyyətinin təhlil olunması, su toplanmasına səbəb olan amillərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.
Müşavirənin sonunda rayon təsərrüfatının 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlığın yekununun vəziyyəti ilə əlaqədar müzakirələr aparılmış, bir sıra məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.