“Kolorit” kafesində baytarlıq nəzarəti olmadan saxlanılan heyvanlar aidiyyəti üzrə təhvil verilib.
Lent.az-a AQTA-dan bildirilib ki, zoonoz xəstəliklərin baş vermə riskinin aradan qaldırılması və biotəhlükəsizliyin qorunmasına təhlükə hesab ediləcək qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində nəzarət tədbirləri gücləndirilib.
Bu məqsədlə vəhşi heyvanların, quşların saxlanıldığı ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında monitorinqlər aparılır. Onların miqdarı və növləri müəyyən edilir, toplanıb müvafiq tələblər gözlənilməklə təbiət ərazisinə buraxılması və ya heyvan rifahı tələblərinə cavab verən heyvanat parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı sahibkarlıq subyektlərinə tapşırıqlar verilir. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi diqqətə çatdırılır.
Aparılan monitorinqlər zamanı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 2094 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ələkbərzadə Fərid Fərhad oğluna məxsus “Kolorit” kafesində müəyyən edilmiş baytarlıq nəzarəti olmadan saxlanılan heyvan və quşlar (5 baş göyərçin, 15 baş dovşan, 2 baş xoruz, 4 baş tısbağa) aidiyyəti üzrə təhvil verilib və digər zəruri tədbirlər görülür.