Yol polisindən bayram XƏBƏRDARLIĞI
06 noyabr 2026 11:04 (UTC +04:00)

Yol polisindən bayram XƏBƏRDARLIĞI

0

Qarşıdan xalqımızın qürur və iftixar mənbəyi olan 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü gəlir. Bu günlər bizə Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını və xalqımızın sarsılmaz birliyini bir daha xatırladır.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, qarşıdakı qeyri-iş günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağı gözlənilir.

İdarə sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi riayət etməyə, səfər zamanı diqqətli və məsuliyyətli olmağa çağırır.

Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitənizin texniki sazlığını, xüsusilə əyləc sisteminin, işıq cihazlarının və təkərlərin vəziyyətini yoxlayın. Hərəkət zamanı sürəti yol və hava şəraitinə uyğun seçin, müəyyən edilmiş sürət həddini aşmayın, təhlükəli ötmə və manevrlərdən çəkinin, ara məsafəsini qoruyun. Təhlükəsizlik kəmərindən istifadə edin, sükan arxasında mobil telefonla diqqətinizi yayındırmayın. Uzun məsafəli səfərlər zamanı yorğun və yuxusuz halda avtomobil idarə etməyin, mütəmadi olaraq fasilələr verin. Xüsusilə hərəkətin intensiv olduğu yollarda diqqətli olun, tələskənliyə yol verməyin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə alın.

Piyadalara da müraciət edərək yol hərəkəti qaydalarına ciddi riayət etməyi, yolu yalnız müəyyən olunmuş yerlərdən keçməyi, xüsusilə sutkanın qaranlıq vaxtlarında və məhdud görünmə şəraitində daha diqqətli olmağı tövsiyə edirik.

Arzu edirik ki, qarşıdakı bayram günləri hər birimiz üçün xoş xatirələrlə yadda qalsın, bütün səfərlər təhlükəsiz və rahat başa çatsın.

Zəfərimiz əbədi, bayrağımız daim uca olsun! Bayramınız mübarək, yollarınız təhlükəsiz olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar