“Əl-Qaidə” lideri Üsamə bin Ladeni Pakistanda keçirdiyi əməliyyatda öldürdüyü iddia edilən ABŞ xüsusi təyinatlılarının keçmiş üzvü Robert O'Nil bu missiya üçün nə qədər pul qazandığını açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, O'Nill illərdir "Əl-Qaidə" liderinin ölümünə görə məsuliyyət daşıdığını iddia edib və bu prosesdəki təcrübələrini ictimaiyyətlə açıq şəkildə bölüşüb. Hətta bu yaxınlarda “Netflix”də yayımlanan “ABŞ-ın insan ovu” sənədli filmində də rol alıb.
O'Nillin iddiasını eyni əməliyyatda iştirak edən başqa bir xüsusi əməliyyat əsgəri Matt Bissonnette də səsləndirib. Bununla belə, O'Nil ictimai rəydə daha çox ön planda yer alıb.
“Sadə adamlardıq, maaşla dolanırdıq...”
2011-ci ilin may ayında əməliyyatdan sonra çoxlu müsahibələr verən O'Nill bu vəzifədən nə qədər qazandığını ilk dəfə "Ticarət sirləri" adlı podcast proqramında açıqlayıb.
Verilişin aparıcısı Ceyson Tartik “Əməliyyata gedəndə cibinizdə nə qədər pul var idi?” sualını verib. O'Nill suala belə cavab verib:
"Mən maaşımla dolanırdım. İki həftədən bir təxminən 2500 dollar alırdım".
Özü kimi digər əsgərlərin də “adi insanlar” olduğunu vurğulayan O’Nil kapitan Riçard Fillipsin Somali quldurlarından xilas edilməsi əməliyyatında iştirak etdiyini də xatırladıb.
"Kapitanı xilas etdik, amma yenə də pulsuzduq"
"Qızımın məktəbində Pasxa çayı süfrəsinə getmişdim. Elə bu zaman mənə zəng gəldi: Somali quldurları kapitan Fillipsi qaçırdılar. Komandamı hərəkətə keçirməyə çağırdılar" deyən O'Nill hadisədən cəmi 15 saat 46 dəqiqə sonra Hind okeanında əməliyyatda iştirak etdiyini söyləyib.
Bin Ladeni kim öldürüb?
O'Nill Netflix sənədli filmində 11 sentyabr hücumlarından sonra başladılan qlobal təqibi və "Neptun Nizəsi" əməliyyatının bir hissəsi kimi Pakistanda bin Ladenin sığınacağının aşkar edilməsini və terrorçu liderin öldürülməsini anladır.
Pakistanın Abbottabad şəhərindəki evində Üsamə bin Laden sinəsindən və başından güllə yarası alıb və cəsədi ABŞ hərbçiləri tərəfindən dənizə atılıb.
Həm O'Nill, həm də Bissonnette ölümcül atəş açdıqlarını iddia etsə də, ABŞ hökuməti onu kimin öldürdüyünü rəsmən təsdiqləməyib. Bu münasibət həm də xüsusi təyinatlıların “məxfiliyə sadiqlik” prinsipi ilə üst-üstə düşür.