"Bizimlə heç kim maraqlanmır" - Yanan yataqxanadan  REPORTAJ
11 yanvar 2023 18:40 (UTC +04:00)

"Bizimlə heç kim maraqlanmır" - Yanan yataqxanadan REPORTAJ

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Suraxanı rayonu şəhid Kərəm Vəliyev adına ikimərtəbəli yataqxana binasının ikinci mərtəbəsində yanğın hadisəsi baş verib.

Yanğının ikinci mərtəbədə olmasına baxmayaraq aşağı mərtəbədəki mənzillər də yararsız hala düşüb. Buna səbəb binanın qəzalı vəziyyətdə olması və yanğının söndürülməsi üçün istifadə edilən suyun ikinci mərtəbədən aşağı tökülməsi olub. 

Lent.az-ın əməkdaşı hadisənin təfərrüatını daha yaxından öyrənmək üçün hadisə yerinə gedib. 

Binanın qarşısında FHN-in və polis maşınlarının dayandığını görsək də, ilk nəzər yetirdiyimiz “Qaçqınkom”un və İcra Hakimiyyətinin əməkdaşları oldu. Amma çox təəssüf ki, onlardan heç kim gözə dəymədi. 

Yanğın baş verən mərtəbəyə qalxaraq sakinlərin şikayətlərini dinləyirik. Yangınsöndürən əməkdaşların sözlərinə görə, hadisə işıq naqilində qısaqapanma səbəbindən baş verib.

Sakinlər şikayətçidir...

Yataqxananın birinci mərtəbəsindəki bir otaqlıq evdə yaşayan Kəmalə Bağırova suyun axması nəticəsində evinin yararsız hala düşdüyünü deyir. İki uşaqla həmin evdə yaşayan Kəmalə xanım övladlarının asma xəstəsi olduğu üçün evinin nəmişliyi səbəbindən səhər 9-dan küçədə qaldığını dilə gətirib. 

Şikayətçi nə “Qaçqınkom”un, nə də İcra Hakimiyyətinin onların problemi ilə maraqlanmadığını bildirib:

“Bizimlə heç kim maraqlanmır. “Qaçqınkom”un sədrinə deyirəm ki, sənin səlahiyyətindədir, sən maraqlanmalısan. Dedi ki, mənlik heç nə yoxdur. Üstümə qışqırdı, heç otağıma girmədi, evimlə maraqlanmayıb çıxdı getdi. Polis maraqlanır, FHN gəlib baxır amma bu rayonun səlahiyyətli şəxslərindən heç kim gəlib maraqlanmır”.

Digər sakin isə iddia edir ki, bina başqa bir şəxs tərəfindən alınıb:

“Kimə müraciət etsək, deyir ki, bina alınıb. Kim alıbsa, gəlsin təmir eləsin. Belə hadisə baş verib, nə icra nümayəndəsi var, nə də “Qaçqınkom”dan bir nəfər gəlib. Heç veclərinə də deyil. Necə olur ki, hamı eşidib gəlir, amma bu nümayəndəlik eşitmir? Elə əlimizi uzatsaq, onu kabinetdən çıxara bilərik. 50 ildir burada yaşayıram. Nə qədər çəkiliş çağırmaq olar?”. 

Şikayətlər bitmir…

Lent.az-ın əməkdaşı bu şikayətlərin ünvanlandığı Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbəsi üzrə nümayəndəliyinə gedib. İcra nümayəndəsinin məzuniyyətdə olduğu, onu hazırda müavininin əvəzlədiyi bildirildi. Amma çox təəssüf ki, müavin də yerində yox idi. Elə bu zaman nümayəndəliyin məsləhətçisi otağında çıxaraq həmin ərazinin icranın balansında olmadığını dedi:

“Həmin yanan yataqxana İcra Hakimiyyətinin balansında deyil. Elə buna görə də biz bu barədə heç bir fikir bildirə bilmərik”.

Məsələni aydınlaşdırmaq üçün daha sonra Mənzil-Kommunal İstismar sahəsinə müraciət etdik. Qarşılaşdığımız mənzərə əvvəlki ilə eyni oldu. Sahə rəisi və müavini otaqlarında yox idi...

Ən sonda Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Suraxanı rayonu üzrə sektor müdiri Əkbər Qənbərliyə müraciət etdik. Uzun axtarışların sonunda Əkbər bəy suallarımızı cavablandırdı 

O bildirdi ki, sakinlərə dəymiş ziyan komitə tərəfindən qarşılanacaq. Amma torpaqlarımız işğaldan azad olunduğu üçün vətəndaşların yeni binaya köçürülməsi yalnız Zəngilanda öz kəndlərində baş tuta bilər. Onların tez bir zamanda paytaxtda başqa yerə köçürülməsinə bina yoxdur.

Onun sözlərinə görə, çox yaxın vaxtda onları öz el-obalarında mənzillə təmin edəcəklər.

Bu gündən videogörüntüləri təqdim edirik:

# 3531
avatar

Fidan İlqar

Oxşar yazılar