"Facebook"u tərk edən TANINMIŞLAR  - "Redaktəsiz cəmiyyət"
27 iyul 2021 17:00 (UTC +04:00)

"Facebook"u tərk edən TANINMIŞLAR - "Redaktəsiz cəmiyyət"

Müxtəlif məqsədlər üçün istifadə etdiyimiz sosial şəbəkələr hər kəs üçün kiçik tribunadır. İstifadəçilər burada baş verən hadisələrə münasibət bildirir, dostlarını məlumatlandırır, öz fəaliyyətləri haqqında informasiya verir, foto, film, yazı paylaşırlar...

Onlar da bir vaxt hamı kimi aktiv sosial şəbəkə istifadəçiləri idi... Hər gün fərqli mövzuda paylaşımları ilə rastlaşırdıq. Lakin indi yoxdurlar. Səhifələri də bağlıdır. Sanki heç vaxt şəbəkədə olmayıblar.   

Lent.az feysbuk hesablarını bağlayan məşhurların siyahısını təqdim edir:

Salam Sarvan, şair. tərcüməçi 

"İki il qabaq Asturiasın “Senyor Prezident” romanının tərcüməsinə başladım. Bu işi "Facebook"da ola-ola görmək mümkün olmayacaqdı: oralar mənim vaxtımı da, enerjimi də çox alırdı. Ona görə də profilimi bir müddətə bağlamalı oldum. Amma iş elə gətirdi ki, tərcüməni bitirəndən də sonra qayıdası olmadım. Gördüm, belə daha rahatdı. Anladım ki, "Facebook" mənimçün informasiya selindən, xəbər burulğanından ibarət aldanış imiş. Düzü, mən bunacan üç-dörd dəfə eksperment aparmışdım. Sosial şəbəkələrdən, saytlardan on gün uzaq dururdum, sonra qayıdıb həmin müddətdə buraxdığım bütün xəbərləri bitdə-bitdə oxuyurdum. Görürdüm ki, həmin müddətdə şəxsi həyatımda da, dünyanın gedişatında da zərrə qədər dəyişiklik olmayıb. Və gülməkdən ölürdüm ki, onda bu qədər informasiya nəyə lazımmış?! Yəni anladım ki, sosial şəbəkələr bu vəhşi informasiya əsrinin mənimçün məharətlə qurduğu tələdir. Hərçənd başa düşürəm ki, bu axından birdəfəlik ayrılmaq çətindi, nə vaxtsa o tələyə yenidən düşə bilərəm".

Vüsalə Mahirqızı,  “APA Group”un rəhbəri 

"Sosial media vaxtımı çox alırdı. Həmçinin oradakı müzakirələr, daha çox kampaniya xarakterli prosesləri izləmək adamı yorur. Ona görə də hesabımı deaktiv etdim".

Zamin Hacı, jurnalist 

"Facebook vaxtımı çox alırdı. Şəxsi baxımdan məni narahat edən məsələlər çox idi. Elə bir dövr çatdı ki, mən artıq facebookdan doydum. Onun mənə verəcəyi şeylər, məndən aldığı şeylərdən daha az idi. Oradan daha az faydalanmağa başladım. Bir az da belə deyək oradakı bazar motivləri xoşuma gəlmədi. Əvvəl ünsiyyət baxımdan yaradılmışdı və yazırdılar ki, heç vaxt pullu olmayacaq. Amma sonradan məlum oldu ki, orada hər şey pulludur. Kim isə səhifə açır, müəyyən məbləğ ödəyərək həmin səhifəni önə çıxarır. Sən də istədin-istəmədin həmin səhifələri görməyə məcbur olursan. Kiminsə intellektual, cəmiyyət üçün yararlı açıqlaması, fikirləri pullu reklamların altında it-bata düşür". 

Şəhriyar Del Gerani, şair

"Maraqsızdır artıq... Redaktəsiz cəmiyyətdir. Biz küçədə o tərbiyyəsizliyi, mədəniyyətsizliyi görəndə pis oluruq. Orada da bunları görəndə pis oluruq. İstəmirəm o ovqat gəlib mənim oturduğum yerə, evimə girsin. Ümumiyyətlə, smartfon telefodan imtina etmişəm. Sadə telefon işlədirəm. İstəmirəm əlimdəki telefon məndən ağıllı olsun. Cəmiyyətin bütün iyrəncliklərini orada görürəm. Artıq bir ildir ki, hesabımı bağlamışam. 
2008-ci ildə Facebookda profil açmışdım". 

Sevinc Çılğın, şair

"Bir zamanlar mən də sosial şəbəkələrin ən aktiv üzvü idim. 7 il əvvəl hamısını bir gündə bağlayıb, getdim. Bəlkə də, həyatda ən doğru addımım budur. Fikirləşirəm ki, real həyat daha maraqlı və rahatdır. Hamıya imkan vermək lazım deyil ki, səninlə ünsiyyətdə olsun. Çünki sənin ranqında olan və olmayan yüzlərlə, minlərlə adam istədiyi an sənə yaza, münasibət bildirə bilir. Öz şəklini, fikrini sanki onlarla bölüşmək məcburiyyətindəsən. Fikirləşirəm ki, insan ətrafını, ünsiyyətdə olması gərəkən insanları özü seçməlidir. Mən qərar verə bilərəm ki, mənimlə kim ünsiyyətdə olsun, mən kimlərlə ünsiyyətdə olum. Bir az əlçatmaz olmaq daha maraqlıdır". 

Eldar Sultanov, Baş Prokurorluğun Mətbuat Xidmətinin sabiq rəhbəri

Eldar Sultanov Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışarkən "Facebook" istifadəçisi idi. O, 2020-ci ildə tutduğu vəzifədən azad edilərək başqa vəzifəyə təyinat aldıqdan sonra "facebook" hesabını dondurdu.

# 9375
avatar

Nigar Adil

Oxşar yazılar