Həftənin bu günü insanlar stresli və əsəbi  olur - ALİMLƏR AÇIQLADI
17 iyul 2025 16:37 (UTC +04:00)

Həftənin bu günü insanlar stresli və əsəbi olur - ALİMLƏR AÇIQLADI

Tədqiqatçılar insanların ən çox həftənin hansı  günü əsəbi və özlərini toparlaya bilməz vəziyyətdə olduqlarını müəyyən ediblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeni araşdırma həftənin əvvəlində – xüsusən də bazar ertəsi günü hiss edilən narahatlıq stress hormonu olan kortizolun səviyyəsinin uzun müddət yüksək qalmasına səbəb ola bildiyini göstərib. İlk baxışda zərərsiz görünən bu “bazar ertəsi məyusluğu” əslində ürək-damar sistemi və ümumi sağlamlıq üçün ciddi nəticələrə yol aça bilər.

Alimlər İngiltərədə aparılan uzunmüddətli yaşlanma araşdırması olan ELSA layihəsinin 3500-dən çox iştirakçısının məlumatlarını təhlil ediblər. Onlar müəyyən ediblər ki, yaşlı insanlar arasında bazar ertəsi günü narahatlıq yaşayanların saçlarında kortizol səviyyəsi digər günlərdə narahatlıq yaşayanlara nisbətən təxminən 25 faiz yüksək olub. Hormonun bu səviyyədə yığılması bədəndə aylarla toplanan uzunmüddətli stressi göstərir.

Diqqətçəkən məqam odur ki, “bazar ertəsi narahatlığı” effekti həm işləyən insanlarda, həm də artıq təqaüddə olanlarda müşahidə olunub. Bu isə həftənin ilk günü ilə orqanizmdəki stress mexanizmlərinin aktivləşməsi arasında güclü fizioloji bağlılığın olduğunu, insanın məşğulluğundan asılı olmayaraq təsir etdiyini göstərir.

Tədqiqatçıların sözlərinə görə, bazar ertəsi sadəcə həftənin başlanğıcı deyil, həm də ciddi bioloji tətikləyicidir. Bu gün hipotalamo-hipofizar-böyrəküstü vəzi oxu adlanan sistemin fəaliyyətini poza bilər – bu sistem isə kortizolun istehsalına cavabdehdir. Bu sistemin uzunmüddətli hiperaktivliyi yüksək qan təzyiqi, metabolik pozğunluqlar və immun sisteminin zəifləməsi ilə əlaqələndirilir.

Araşdırma həmçinin əvvəllər qeyd olunan bir tendensiyanı da təsdiqləyir: infarktların ən çox məhz bazar ertəsi günləri baş verməsi, bu gün orqanizmdə yaranan fizioloji dəyişikliklərlə əlaqəli ola bilər.

“Xüsusilə yaşlı insanlar üçün yeni həftənin başlanması uzunmüddətli təsir göstərə bilən biokimyəvi reaksiyalar zəncirini işə sala bilər. Bu, təkcə işlə bağlı deyil, həm də bazar ertələrinin bioloji ritmimizə necə dərindən yerləşməsi ilə bağlıdır”, – tədqiqatın həmmüəllifi professor Tarani Çandola bildirib.

Alimlər hesab edirlər ki, bazar ertələrinin orqanizmə təsirinin dərindən öyrənilməsi, xüsusilə yaşlı insanlar arasında ürək-damar xəstəliklərinin profilaktikasına yönəlmiş yeni proqramların yaradılması üçün başlanğıc nöqtəsi ola bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546

Oxşar yazılar