İşdən çıxarılan həkimlər etiraza qalxdı: "34 ildir stomatoloq idim, ixtisara saldılar"  - YENİLƏNİB
07 yanvar 2026 14:41 (UTC +04:00)

İşdən çıxarılan həkimlər etiraza qalxdı: "34 ildir stomatoloq idim, ixtisara saldılar" - YENİLƏNİB

3

Bölgələrdən olan həkimlərin TƏBİB-in qarşısındakı etirazı ilə bağlı Lent.az-ın sorğusuna qurumdan bildirildi ki, bəzi regionlarda stomatoloqların sayının real ehtiyacı üstələməsi əlavə maliyyə yükünün yaranmasına səbəb olub:

TƏBİB-in tabeliyində olan tibb müəssisələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” çərçivəsində sığortaolunan şəxslərə tibbi xidmətlərin ödənişsiz göstərilməsini təmin edir. 

Bununla yanaşı, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2130 nömrəli Fərmanı ilə təsdiq edilmiş TƏBİB-in Nizamnaməsinin 3.1.7-ci yarımbəndinə əsasən, Xidmətlər Zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tarifləri, həmçinin sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tarifləri TƏBİB-in Müşahidə Şurasının müvafiq qərarları ilə tənzimlənir. 

Stomatoloji xidmətlərin əksəriyyəti (149 adda xidmət) icbari tibbi sığorta təminatına daxil deyil və yalnız ödənişli əsaslarla həyata keçirilir. Bu xidmətlərin tarifləri TƏBİB-in Müşahidə Şurasının 21 iyul 2025-ci il tarixli 18-1/17-Q/2025 nömrəli qərarı ilə təsdiq edilib.

Son dövrlərdə stomatoloji xidmətlərin təşkili və şəffaflığın artırılması məqsədilə aparılan geniş təhlillər zamanı müxtəlif regionlarda stomatoloqların xidmət həcmi, iş yükü və real ehtiyac göstəriciləri araşdırılıb. Təhlillər nəticəsində bəzi stomatoloji xidmətlərin faktiki tələbatdan artıq olduğu, mövcud resursların qeyri-səmərəli istifadə edildiyi, ödənişlərin tam şəkildə nağdsız qaydada rəsmiləşdirilməməsi səbəbindən büdcə daxilolmalarının azaldığı müəyyən edilib. 

Eyni zamanda bəzi regionlarda stomatoloqların sayının real ehtiyacı üstələməsi əlavə maliyyə yükünün yaranmasına səbəb olub. Araşdırmalar göstərmişdir ki, stomatoloji xidmətlərin göstərilməsi zamanı istifadə olunan maddi resurslar (işçi heyəti üzrə əməkhaqqı xərcləri, avadanlıqların saxlanması, dərman və sərfiyyat materialları, kommunal xərclər və s.) bu xidmət üzrə əldə edilən maliyyə gəlirlərini üstələyir. Bunun nəticəsində stomatoloji xidmətlərin mövcud şəraitdə əvvəlki həcmlərdə davam etdirilməsi iqtisadi cəhətdən səmərəli hesab edilmir və bu sahədə əlavə optimallaşdırma tədbirlərinin görülməsi zərurəti yaranmışdır. 

Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən, əmək şəraitinin şərtlərini dəyişdirmək, eləcə də işçilərin sayını və ya ştatlarının ixtisar edilməsi işəgötürənin hüquqlarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının və ya ştatlarının ixtisar olunması əmək müqaviləsinə xitam verilməsi əsaslarından hesab olunur. 

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stomatoloji xidmətlərlə bağlı aparılan təhlillərə və maliyyə-iqtisadi əsaslandırmalara uyğun olaraq, stomatoloqların sayının (ştatlarının) optimallaşdırılması, o cümlədən ixtisar edilməsi prosesi əmək qanunvericiliyinin tələblərinə ciddi riayət olunmaqla təmin edilir". 

***

14:14

Azərbaycanın müxtəlif rayonlarından olan stomatoloqlar TƏBİB-in qərarına etiraz edirlər.

Lent.az APA-ya istinadən xəbər verir ki, TƏBİB-in binasına gələn stomatoloqlar 150–200 min əhalisi olan rayonlarda hər xəstəxanada yalnız 3 stomatoloq ştatının saxlanıldığını və tələbin daha yüksək olduğunu vurğulayırlar.

“Zaqatala rayonundan gəlmişəm. Zaqatala endemik zonadır. 130 min əhalisi var. Rayonda 22 təhsilli həkim var. 19 həkimi ixtisar edib, cəmi 3 həkim saxlayıblar. 130 min əhaliyə 3 həkimin xidmət etməsi nə dərəcədə düzgündür? 34 ildir fəaliyyət göstərən həkimi ixtisar etmək nə dərəcədə doğrudur? Deyirlər imtiyazlı həkimlər var. Özüm şəkər xəstəsiyəm, bəs niyə ilk növbədə məni ixtisar edirlər? Aramızda ürək xəstəsi olan, körpəsi olan var. Hamısını ixtisar ediblər. Niyə insanlar özəl klinikaya getməyə məcbur qalmalıdır?”, - stomatoloq Ülkər Qazıyeva bildirib.

Ülkər Qazıyeva TƏBİB rəhbərliyinin onların suallarını cavablandırmadığını qeyd edib. O, artıq üçüncü dəfədir TƏBİB-in binasına gəldiklərini əlavə edib.

“184 min əhalisi olan Xaçmazda 27 stomatoloq var. Hər 3-4 min nəfərə xidmət göstərəcək 1 stomatoloq lazımdır. Onları da ixtisar edirlər. Bizi maliyyələşdirmirlər, bütün materialların, hətta assistentin ödənişini özümüz edirik. Bundan əlavə, aylıq 1200-1800 manat ödəniş istəyirlər. Verdikləri maaş da 531 manatdır. Onsuz da Azərbaycanda həkim çatışmazlığı var. Bu ixtisarların əsası nədir? Heç bir sualımız cavablandırılmır. Regionlar üzrə 1140 nəfər həkimi ixtisar etmək istəyirlər”, - stomatoloq Aydın Rəşidov vurğulayıb.

33 ildir stomatoloq kimi çalışdığını bildirən Xavər Babayevanın sözlərinə görə, onlara heç bir təminat verilməyib, avadanlıqla təmin edilməyiblər.

***

saat 13:34

Bölgələrdən gəlmiş bir qrup tibb işçisi işdən çıxarıldığı üçün TƏBİB-in qarşısında etiraz edirlər.

Lent.az xəbər verir ki, bu barədə həkimlər sosial şəbəkələrdə paylaşım ediblər.

Stomatoloq kimi çalışan həkimlərin sözlərinə görə, onlar ixtisar edilərək işdən çıxarılıblar, indi isə iş tapa bilmirlər. 

"Heç bir yerdə işləmirik. Nə etməliyik? biz işimizə bərpa olunmaq istəyirik. Səbəbsiz yerə bizi ixtisara saldılar, indi isə səsimizi eşidən yoxdur",- deyə onlar bildiriblər. 

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Lakin qurumdan sorğumuza cavab ala bilmədik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 9566

Oxşar yazılar