Lənkəranda  internatı söküb   yerində mərkəz tikirlər? - RƏSMİ AÇIQLAMA  - YENİLƏNİB
06 avqust 2025 12:52 (UTC +04:00)

Lənkəranda internatı söküb yerində mərkəz tikirlər? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Lənkəran-Astara Regional Təhsil İdarəsi Lənkəran şəhər xarici dillər təmayüllü internat tipli gimnaziyanın fəaliyyətinin dayandırılması barədə yayılan xəbərlərə münasibət bildirib.

Lent.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev bildirib ki, Lənkəran şəhər xarici dillər təmayüllü internat tipli gimnaziyanın fəaliyyətinin dayandırılması, ibtidai siniflərin ləğv olunması və ya digər təhsil müəssisələrinə köçürülməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir:

"Təhsil müəssisəsində yeni tədris ilindən təmayül istiqamətlərinin genişləndirilərək xarici dillərlə yanaşı, digər humanitar sahələri də əhatə etməsi planlaşdırılır. Xarici dillər istiqamətində təhsil alan şagirdlərin təhsili məhdudlaşmır, əlavə olaraq sosial-humanitar (tarix və s.) istiqamətlərdə yeni imkanlar yaradılır. Bu isə şagirdlərin seçim imkanlarını artırmaqla yanaşı, onların maraq və biliklərinə uyğun daha geniş təhsil mühiti formalaşdıracaq.

Həmçinin təhsil müəssisəsindəki ibtidai sinif şagirdlərinin başqa müəssisələrə köçürülməsi, yeməkxananın ləğv edilməsi və müəssisədə çalışan əməkdaşların fəaliyyətinə xitam verilməsi məsələləri müzakirə mövzusu deyil. Şagirdlər əvvəlki illərdə olduğu qaydada təhsillərini öz gimnaziyalarında (uzadılmış gün rejimində) davam etdirəcəklər. Hazırda birinci siniflərə qəbul prosesi davam edir.

Qısası, təhsil müəssisəsi öz fəaliyyətini tam qaydasında davam etdirir və yeni tədris ilinə daha geniş imkanlarla hazırlaşır".

***

17:24

01.08.25

Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyada çalışan ibtidai sinif müəllimləri və valideynlər narazılıq edirlər.

Lent.az-a daxil olan şikayətdə bildirilir ki, gimzaniyanın ibtidai siniflər yerləşdiyi korpusu ləğv olunacaq və Lənkəran-Astara Regional Təhsil İdarəsi oraya köçürüləcək. Buna görə də ibtidai siniflər məcburən başqa məktəblərə yerləşdiriləcəklər.

“Məktəbin həyətində bir neçə korpus var. İbtidai siniflərlə yeməkxana eyni, yuxarı siniflər isə digər korpusdadırlar. Əvvəlcə gimnaziya barədə şayiələr dolaşırdı ki, adı dəyişilərək Humamitar tipli İnternat olacaq. Sonra məktəbin ibtidai siniflər yerləşən korpusunda regional idarənin yerləşəcəyi, həyətindəki köhnə korpuslardan birində isə müəllimlərin işə qəbulu mərkəzi açılacağı bildirildi. Belə olduğu təqdirdə 250-280 nəfərlik ibtidai sinif şagirləri məcburən başqa məktəblərə köçürüləcək.

Hazırda sözügedən korpusda ekspertiza işləri aparılır. Deyirlər ki, bina möhkəm və dayanıqlı olarsa, təmir, olmazsa sökülüb, yenidən tikiləcək. Hər iki halda da regional idarənin oraya köçürüləcəyini söyləyirlər.

Gimzaniyada təhsil alanlar əsasən qazi və şəhid övladlarıdır. Bu məsələdən də ən çox onlar narahatdırlar. Çünki günorta saat 2-yə qədər uşaqlar dərslə məşğul olur, daha sonra yemək yeyib, dərslərinə hazırlaşırlar. Valideynlərin böyük hissəsi də işləyir. Onlar uşaqlarını məktəbə qoyub, rahatlıqla işə gedə bilirlər. Amma korpus sökülərsə, bu zaman nə edəcəyimizi bilmirik”, - şikayətdə qeyd olunub.

Şayiələri dəqiqləşdirmək üçün Lənkəran-Astara Regional Təhsil İdarəsinə ünvanladığımız sorğuya cavab ala bilmədik. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2466

Oxşar yazılar