Namaz qılan adamlara qəhvə içmək olarmı?  - Onlarla salamlaşmaq  olmaz
05 avqust 2025 16:19 (UTC +04:00)

Namaz qılan adamlara qəhvə içmək olarmı? - Onlarla salamlaşmaq olmaz

Ən çox çay içən xalqlardan biri olsaq da, arada qəhvəni də dadıb, özümüz üçün “istirahət” elan edirik. Bu, hərdən fərqlilik üçün, hərdən ağız dadımızı dəyişmək, hərdən də baş ağrımızı dindirib, sakitliyə çəkilmək üçün olur. Bəzən isə deyirlər ki, qəhvə namaz qılanlar üçün icazəli deyil.

Bəs bu fikir nə dərəcədə doğrudur?

Lent.az xəbər verir ki, mütəxəssislərin fikrincə, qəhvə sərxoşedici təsir bağışlamadığı üçün haram hesab olunmur.

Qəhvə bitkisinin toxumlarından hazırlanan, tərkibində kofein olan, zehni açıq saxlayan bir içkidir. Ən əsası qəhvə alkoqollu deyil, sərxoşedici təsiri yoxdur və nə Qurani-Kərimdə, nə də səhih hədislərdə qadağan olunmuş içkilər siyahısında yer almır. İslamda haram olan içkilərin əsas xüsusiyyəti sərxoşedicilik və ağılı örtməkdir, bu isə qəhvəyə aid deyil.

Namaz qılan bir insan üçün əsl sual bu olmalıdır: qəhvə mənim ibadətimə mane olurmu? Əgər cavab “xeyr”dirsə, deməli, burada narahat olmağa əsas yoxdur. Əksinə, bəzi hallarda qəhvə namaza daha ayıq və diqqətli şəkildə yanaşmağa da kömək edə bilər.

Həmçinin daha bir mübahisəli mövzu da namaz qılan şəxslərin əl-ələ verib,  qarşı cinsin nümayəndəsi ilə salamlaşması ilə bağlıdır.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev Lent.az-a açıqlamasında bildirib ki, İslam dinində bu məsələ hökmlə tənzimlənib:

"İstər qadın, istərsə kişi müsəlmandırsa, (namaz qılan olub-olmamasının fərqi yoxdur) İslam qayda-qanunlarına riayət edirsə, məhrəm olmayan şəxslərlə əl-ələ verib görüşmələri icazəli deyil.

Qadının atası, hər iki babası, əmiləri, dayıları onun məhrəmidir. O, onlarla əl-ələ görüşə bilər. Kişinin isə anası, nənələri, ailəlidirsə qaynanası, xalaları, bibiləri, bacıları məhrəmləridir. Kənar adamlar isə hər iki cins üçün naməhrəm hesab olunur.

Qadınlar həkim, müəllim və ya digər vəzifələrdə çalışa bilərlər. Onların bu işlərlə məşğul olmalarına dində qadağa yoxdur. Bununla yanaşı bəzi işlər var ki, qadınlar ehtirama görə o işlərə cəlb olunmasalar daha yaxşıdır. Məsələn, yeməkxanalarda qabyuyan, küçədə təmizlik edən xadimə və s. Yaxşı olar ki, bu işlərə kişilər cəlb olunsun. Qadın maksimum nəcib, səliqəli-səhmanlı və ona ehtiram gətirən işlərdə işləsə daha yaxşıdır. Onun gələcəkdə ana olmasına problem yaratmayan, həyəcanlı və qorxulu hallar törətməyən işlər qadınlar üçün uyğundur",-deyə Hacı Fuad Nurullayev fikrini yekunlaşdırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546

Oxşar yazılar