"Nikahı qadağan etmək şəxslər arasında cinsi əlaqəni qadağan etmir" - HÜQUQİ ŞƏRH
11 iyun 2024 16:00 (UTC +04:00)

"Nikahı qadağan etmək şəxslər arasında cinsi əlaqəni qadağan etmir" - HÜQUQİ ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycanda qohum evliliyi qanunla qadağan edilir. 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Lakin bu, Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmır. Kimlərsə bunu təqdir, kimlərsə də tənqid edir. 

Lent.az cəmiyyətdə gedən bu müzakirələri nəzərə alaraq tanınmış hüquqşünasdan məsələyə münasibət öyrənməyə çalışıb. 

Norma Hüquq Mərkəzinin rəhbəri Şamil Paşayev saytımıza açıqlamasında qeyd edib ki, burada insanların düşəncəsi daha önəmlidir:

"Xalaqızı, əmioğlu kimi qohum evliliyi qanunla qadağa edilməsi rəsmiləşir, ancaq düşüncə  dəyişməsə qanunvericilikdə bunu qadağan etməklə effektiv nəticə əldə etmək mümkün deyil, əksinə fəsadları ola bilər. 

Nikahı qadağan etmək şəxslər arasında cinsi əlaqəni və ya vətəndaş nikahını qadağan etmir. Şəxslər birlikdə yaşaya bilər. Sadəcə, dövlət qeydiyyatına alınmayacaqlar. Onların uşaq dünyaya gətirməsi, valideynlik hüququnun verilməsi qanunla qadağan edilə bilmir. Bu sadəcə nikahsız ailələrin sayının artmasına səbəb olacaq. 

Qohum evliliklərinin qarşısını almağın ən effektiv yolu şəxslərin şüurunda, düşüncəsində dəyişiklik etməkdir. Qohum evliliyinin tibbi fəsadları haqqında bilgiləndirmə işləri aparılmasa, bu işi qadağa ilə aradan qaldırmaq mümkün olmayacaq. 

Azərbaycanda insanların yalnız öz qohumları və ya öz həmkəndliləri (yenə də uzaq qohumları) ilə evləndiyi ailələr, məkanlar var. Qadağanın tətbiqi onları dayandıra bilməyəcək. Şəxslər gələcəkdə qohumları ilə evlənə bilmək üçün müxtəlif yollar axtaracaqlar. Bura uşaqların övladlığa verilməsindən tutmuş, sənəd üzərində qohumluqdan imtina etməyə kimi müxtəlif variantlar daxildir. Belə olduqda onların rəsmi qohumluğu qalmayacaq və nikaha daxil ola biləcəklər. Ona görə də, bu proses daha çox bilgiləndirmə yolu ilə şəxslərin şüurunda dəyişiklik edərək aparılmalıdır. Onlar  bu nikahdan dünyaya gələcək uşaqların xəstə doğulması və uzaq perespektivdə cılızlaşma və başqa  təhlükələri dərk etməlidir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4812
avatar

Oxşar yazılar