Ögey oğul və qızlardan ögey ata və ana üçün aliment almaq olur? – CAVAB 
31 iyul 2024 12:37 (UTC +04:00)

Ögey oğul və qızlardan ögey ata və ana üçün aliment almaq olur? – CAVAB 

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu ailənin başqa üzvlərinin aliment öhdəlikləri ilə bağlıdır.

Maraqlıdır, görəsən, ögey oğul və qızlardan ögey ata və ana üçün aliment almaq olur? 

Lent.az xəbər verir ki, ailənin digər üzvlərinin aliment öhdəlikləri Ailə Məcəlləsinin 88-93-cü maddələri ilə tənzimlənir.

Həmin öhdəliklərin həyata keçirilməsi qaydası aşağıdakı kimidir:

Ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi:

Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ögey ata və ana oğul və qızlarını tərbiyə etmişlərsə və ya saxlamışlarsa, özlərinin yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) saxlanmaq üçün maddi yardım ala bilmirlərsə, əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış ögey oğul və qızlarından məhkəmə qaydasında saxlanmaq üçün təminat verilməsini tələb edə bilərlər.

Ögey ata və ana ögey oğul və qızları 5 ildən az tərbiyə etmiş və ya saxlamışlarsa, habelə ögey oğul və qızların tərbiyəsi üzrə öz vəzifələrini lazımınca yerinə yetirməmişlərsə, məhkəmə ögey oğul və qızları ögey ata və ananı saxlamaq vəzifəsindən azad edə bilər.

Yuxarıda qeyd olunan şəxslərə aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir.

Qeyd: Aliment tələb edən ailə üzvünü eyni zamanda bir neçə şəxs saxlamağa borclu olduğu halda məhkəmə onların maddi və ailə vəziyyətindən asılı olaraq aliment vəzifəsinin yerinə yetirilməsində onlardan hər birinin iştirakının miqdarını (yəni, hər birinin ödəməli olduğu məbləği) müəyyən edir, həm də məhkəmə bütün bu şəxslərə və ya onlardan yalnız birinə, yaxud da bir neçəsinə qarşı iddia verilməsindən asılı olmayaraq aliment verməyə borclu olan bütün şəxsləri nəzərə alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2781
avatar

Arzu Qurbanlı

Oxşar yazılar