İllərlə övladı olmayan, sonsuzluqdan əziyyət çəkən şəxslərin yaxın qohumlarının yenidoğulmuş övladlarını götürüb, saxladığına çox şahid olmuşuq. Qohumlar arasındakı qarşılıqlı razılaşma ilə icra olunan bu prosesdən həmin uşaqların da xəbəri olmur.
Bəs görəsən, uşaq doğulduğu an onu heç bir sənədləşmə olmadan qohumlara vermək olur? Bu prosesin hüquqi gedişatı necə tənzimlənir?
Hüquqşünas Ramil Süleymanov Lent.az-a açıqlamasında bildirib ki, öz körpəsini qohumlara övladlığa vermək qanunvericiliklə tənzimlənir:
“Əvvəlcə tərəflər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən DOST mərkəzlərinə yeni doğulmuş körpənin övladlığa götürülməsi ilə bağlı müraciət etməlidirlər. Bəzən sənədləşmə barədə müraciətlərdə nazirlik ilk növbədə bioloji valideynlərin adının yazılmasını, daha sonra yenidən qeydiyyatla digər ata-anaya keçirilməsini tələb edir. Uşağın sənədlərinə birbaşa övladlığa götürmək istəyən şəxslərin adının yazılması ilə bağlı qanunvericilikdə müddəalar əksini tapmır.
Sənədləşmə işləri bitdikdən sonra rəy verilir. Bundan sonrakı mərhələdə məhkəmə keçirilir. Məhkəmədə uşağın övladlığa verilməsi barədə qərar qəbul edilir. Bundan sonra uşağın doğum haqqında şəhadətnaməsinin ata-ana qrafasına ata-ananın adı yazılır”.
Hüquqi cəhətdən öz yenidoğulmuş övladını qohumlara verməklə bağlı heç bir məhdudiyyət yoxdur. Bəs görəsən, dini cəhətdən bu doğru hesab olunurmu?
Din adamları bildirir ki, övladı olmayan insana müəyyən şərtlər çərçivəsində uşaq vermək olar.
Uşaq əsl ata-anasının kim olduğunu bilməlidir, çünki Allah buyurur: "Oğulluğa götürdüyünüz uşaqları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir". (əl-Əhzab, 5). Həmçinin, uşağın doğma ata-anası üzərində haqları (məsələn, miras hüququ) yenə də qalır.
Əgər uşağı övladlığa götürən ər-arvadın başqa uşaqları varsa, bu uşaq yetkinlik yaşına çatdıqdan sonra oğlandırsa, ögey anaya və qızlarına, qızdırsa, ögey ataya, eləcə də oğlanlarına naməhrəm sayılır. Naməhrəmlərə şamil olunan bütün məsələlər (məsələn, hicabda olmaq, evlənməyin halal olması və s.) onlara da aid olur. Yalnız həmin uşağın 2 yaşına qədər ögey ana tərəfindən əmizdirilməsi istisnadır və bu halda məhrəm sayılır.