Pambıq tarlasında zəhərlənən işçilər - GÜNAHKAR KİMDİR?
23 iyun 2022 12:08 (UTC +04:00)

Pambıq tarlasında zəhərlənən işçilər - GÜNAHKAR KİMDİR?

Xəbər verdiyimiz kimi, Beyləqanda pambıq tarlasında işçilər arasında kütləvi zəhərlənmə olub. Belə ki, 16 işçi zəhərlənib. Onlardan bəziləri evə buraxılsa da, bəziləri hələ də xəstəxanadadır. Son məlumata görə, işçilər tarlada istifadə olunan dərmandan zəhərləniblər. 

Bəs, həmin işçilərə kompensasiya ödənəcəkmi? Onların hüquqları necə qorunacaq?

Bu haqda Lent.az-a açıqlama verən hüquqşünas Azər Quliyev bildirib ki, əvvəlcə bu hadisə araşdırılmalıdır:

"İlk olaraq əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən, əgər daha ağır nəticələrə səbəb olunubsa, eyni zamanda hüquq mühafizə orqanları tərəfindən bu hadisə araşdırılmalıdır. Yoxlamanın nəticəsinə əsasən, əgər işçilərə zərər dəyibsə, bu zərəri işə götürən ödəməlidir. Bu işdə məsuliyyət daşıyan və təqsirkar vəzifəli şəxs varsa, ağırlıq dərəcəsindən asılı olaraq intizam, inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilər".

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətindən bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.

Araşdırmaların nəticəsi barədə sizləri də məlumatlandıracağıq. 

# 2196
avatar

Aytəkin Cəlali

Oxşar yazılar