Azərbaycanda pensiya kapitalı tələbi 40 min 320 manatdır. Yaşa görə pensiya almaq istəyən şəxslər ya bu kapitala, ya da 25 il staja sahib olmalıdırlar. Lakin bəzən həmin kapital pensiya almaq üçün təyin olunan limitdən keçə bilir.
Bəzən insanlara təcili pul lazım olur və bu zaman onlar toplanmış və artıq qalan pensiya kapitalından istifadə etmək istəyirlər. Amma bunun Azərbaycanda mümkün olub-olmadığından xəbərsizdirlər və nə etməli olduqlarını bilmirlər.
Lent.az-a açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki, kapital limitini dolduran şəxsin pensiya yaşını gözləməsi lazımsızdır:
“Əmək haqqı məsələlərində qanunun tələbləri həm işverən həm də işçi tərəfindən pozulur. Bəzən maaş yüksək olur, lakin onun qeydiyyatı sistemə “minimum əmək haqqı” kimi daxil edilir.
Ümumiyyətlə əmək haqqı sistemi ilə bağlı o qədər çətinliklər mövcuddur ki, işçi haqqını müdafiə etmək istəmir. İlk növbədə ona görə ki, hər il təqaüd yaşı artırılır. İşçi bilmir ki, o qədər yaşayacaq ya yox. Bundan əlavə, indiki qiymətlər və inflyasiya imkan vermir ki, təqaüdçü aldığı məbləği təyinatı üzrə istifadə etsin. Pensiya dərman preparatları, kommunal xərclər və qidalanmaya çətinliklə çatır. Əgər şəxsin evi yoxdursa, kirayə qalırsa, bu hal daha da qəlizləşir. Adam gərək su və çörəklə qidalana ki, aldığı məvacib ayboyu ona çatsın. Ona görə də pensiya ilə bağlı məsələlər bir çox vətəndaşa maraqlı deyil. Gənc yaşdan onlar passiv gəlir əldə etməyi düşünürlər.
Əgər şəxs limitini doldurubsa o, nə üçün pensiya yaşını gözləməlidir? Gözləməsi belə, lazımsızdir. Yəni bu sistem köklü dəyişilməlidir. İşçi bilsə ki,onun əmək haqqısına uyğun təqaüd veriləcək və ya kapitaldan yararlana biləcək o zaman haqqını tələb edər.
Əgər pensiya kapitalından istifadə etmək mümkün deyilsə, o zaman dərman preparatları ilə bağlı qanunda dəyişiklik olmalıdır.Yaşlı insanlar dərman vasitələrinə ehtiyac duyurlar. Onlar üçün zəruri və yüksək qiymətə olanlar pulsuz şəkildə verilməl, komunallar təqaüdçülər üçün fərqli tariflə hesablanmalıdır. Nəqliyyat 65 yaşdan yuxarı yaşı olan şəxslər üçün şəkilli vəsiqə ilə ödənişsiz edilməlidir. Bir çox insan heç təqaüd yaşınadək yaşamır. Onların kapitalı nə üçün övladlar arasında bərabər paylanılmır?! Bunların hər biri xarici ölkələrin təcrübəsində illərdir mövcuddur. Ölkəmizdə də gənclər təqaüd yaşına çatmadan problemləri düşünüb özünə güzəran qurmağa çalışır”,-deyə iqtisadçı qeyd edib.
Qeyd edək ki, pensiya kapitalından istifadə etmək məsələsi Milli Məclisdə də təklif olunub, lakin hələ ki, bu barədə addımlar atılmayıb.