Regionlarda imtahanda daha çox köçürmə var - Nəzarətçilər tanıdıqları şagirdləri "sıxmır?"
09 fevral 2026 14:27 (UTC +04:00)

Regionlarda imtahanda daha çox köçürmə var - Nəzarətçilər tanıdıqları şagirdləri "sıxmır?"

1

Dövlət İmtahan Mərkəzinin statistikalarına əsasən, regionlarda keçirilən buraxılış və qəbul imtahanlarında yol verilən qayda pozuntuları paytaxtdan iki dəfə çox olub.

Bəs görəsən, hansı səbəblərdən regionlarda köçürmə halları və digər pozuntular daha çoxdur? Burada nəzarətçilərin rolu varmı?

İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis Ramin Nurəliyev Lent.az-a açıqlamasında bildirib ki, regionlarda köçürməyə şərait nəzarətçilərin tanıdıqları şagirdlərin qayda pozuntusuna yol verməsindən də qaynaqlana bilər:

Ramin Nurəliyev: Azərbaycan MDB məkanında ali təhsilin səviyyəsinə görə  qabaqcıl ölkələrdəndir - AZƏRTAC

Qəbul imtahanlarının Bakıda və ya rayonlarda keçirilməsindən asılı olmayaraq, Dövlət İmtahan Mərkəzi əvvəldən sona qədər təhlükəsiz və problemsiz şəkildə onun tamamlanmasından məsul olan qurumdur. DİM maksimum çalışmalıdır ki, imtahanlarda hər hansısa neqativ hal yaşanmasın. Həm köçürmə halları, həm də başqa qanun pozuntuları istər-istəməz hər il abituriyentlər tərəfindən təkrarlanacaq. Onlar qeyri-leqal addımlarla daha yaxşı "nəticə" göstərməyə səy edəcəklər.

İmtahan zalına daxil olması qadağan olunan telefon və digər əşyaların abituriyentlərin üzərindən aşkarladığı, yaxud köçürməyə şərait yaradıldığı vaxt DİM-in tətbiq etdiyi cəza tədbirləri (imtahan nəticələrinin ləğvi ) təqdirəlayiqdir. Lakin bu cəzanın bir məqamı var, həmin şagird imtahanın digər mərhələsinə də daxil ola bilmir. Buna qarşıyam, çünki bir imtahanda törədilən hadisə digərini əhatə etməməlidir. Lakin ümumilikdə, abituriyentlər anlamalıdırlar ki, hansısa qanun pozuntusuna yol verdikdə, tələbə adından məhrum olacaq.

Təəssüf ki, abituriyentlər bu riski nəzərə almadan, yenə də pozuntulara cəhd edirlər. DİM rəsmiləri statistikalara əsaslanıb bildirirlər ki, region məktəblərindəki keçirilmiş imtahanlarda köçürmə halları daha çoxdur. Yəni nəzarətçilər imtahanı kifayət qədər ciddi apara bilmirlər. Regionda imtahan nəzarətçisi olan müəllimlər öz işlədikləri bölgədəki şagirdlərin bir qismini tanıya bilirlər. Əgər o müəllim zalda da tanıdığı abituriyentləri görürsə, onun atdığı neqativ addımlara da göz yuma bilər. Bu kimi ehtimallar regionlarda ona görə daha çoxdur ki, Bakıda həm məktəb, həm şagird, həm də nəzarətçi sayı artıqdır.

Bundan əlavə, DİM-in əsas heyəti, mütəxəssisləri adətən mərkəzi yerlərdə fəaliyyət göstərirlər. Bölgələrə göndərilən nümayəndələr isə əsas məktəblərin birində olurlar. Bunun da müəyyən qədər təsiri var. Yəni nəzarətə ciddi diqqət edilmədiyi halda köçürmə hallarının baş verməsi qaçınılmazdır. Ötən dəfə regionda imtahan verən şagird zala telefonla daxil olmağa çalışmışdı. Fikrimcə, imtahanın inzibatı binasının giriş hissəsində bütün elektron cihazlar yoxlanılmalıdır. Böyük ticarət mərkəzlərinin girişində elektron cihazlar vasitəsi ilə yoxlanış edildiyi kimi imtahan binasının girişində də bu qayda tətbiq edilməlidir. Hesab edirəm ki, bunlar o qədər də böyük maliyyə vəsaiti tələb etmir.

Bununla yanaşı nəzarətçilərin mütəmadi olduğu böyük zallarda kameralar yerləşdirilməlidir. Əlbəttə, bunlar olduğu təqdirdə də, köçürməyə səy göstərənlər olacaq. Lakin hər bir halda abituriyentlərə neqativ addım atmağa müəyyən qədər imkan verməyəcək. Şagird anlayacaq ki, imtahana elektron cihazla daxil olsam, o, girişdə müəyyənləşə bilər. Belə olduqda, o, cihazı üzərində daşımamağa çalışacaq, çünki yekunda imtahandan xaric olunacağını biləcək.

Məhz buna görə də, düşünürəm ki, DİM imtahanların inzibati binalarının giriş hissələrində xüsusi yoxlama cihazlarının quraşdırılmasını tətbiq edə bilər. Bu həm beynəlxalq təcrübədə tətbiq olunub, müsbət nəticə vermiş addımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 720

Oxşar yazılar