Sakinlər müəllimə niyə etiraz edir? - Astarada baş verənlərə RƏSMİ REAKSİYA
28 mart 2023 12:54 (UTC +04:00)

Sakinlər müəllimə niyə etiraz edir? - Astarada baş verənlərə RƏSMİ REAKSİYA

Lənkəran-Astara regional təhsil idarəsi Astara rayonunun Motalayataq kəndində sakinlərin keçirdiyi etiraza münasibət bildirib. 

Qurumdan Lent.az-a verilən açıqlamada bildirilir:

"Astara rayonu Motalayataq kənd sakini Ağayeva Elnazə Bəyəhməd qızı martın 15-də axşam saatlarında yaşadığı evi tərk edib və onun itkin düşməsi ilə bağlı ailəsi tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib. 

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində Ağayeva Elnazə Bəyəhməd qızı 16 mart tarixində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edirik ki, Elnazə Ağayeva ailəlidir, iki övladı var.

Baş vermiş hadisə ilə bağlı Motalayataq kənd sakinləri Ağayeva Elnazə Bəyəhməd qızının oğurlandığını iddia ediblər. Bu işdə Motalayataq kənd tam orta məktəbinin gənclərin çağırışaqədərki hazırlıq rəhbəri Əliyev Ramin Böyükağa oğlunu və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Məlikzadə Rauf İlham oğlunu ittiham etməklə, hər iki şəxsin tutduqları vəzifələrindən azad olunmalarını tələb edirlər. 

Rayonun hüquq-mühafizə orqanları tərəfindən verilən məlumatda, Əliyev Ramin Böyükağa oğlunun və Məlikzadə Rauf İlham oğlunun baş vermiş hadisə ilə heç bir əlaqəsinin olmadığı bildirilib. 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun əməkdaşları martın 27-də Motalayataq kənd tam orta məktəbində olub, məktəb kollektivi və kənd sakinlərinin nümayəndələri ilə görüşüb, hüquq-mühafizə orqanlarının verdiyi məlumatı onların diqqətinə çatdırıb".

***

27 mart, saat 18:36

Astara rayonunun Motalayataq kənd sakinləri Sarvan Qurbanov adına kənd orta məktəbin Riyaziyyat və İnformatika müəllimi Ramin Böyükağa oğlu Əliyevin işdən çıxarılmasını tələb edirlər.

Lent.az-a daxil olan məlumata görə, sakinlər həmin müəllimin dəfələrlə kənddə əxlaqsız hərəkətlər etdiyini, ayrı-ayrı evli qadınlarla münasibətdə olduğunu iddia edirlər. Bu səbəbdən kənd camaatı Ramin Əliyevin məktəbdə müəllim kimi işləməsinin düzgün olmadığını deyirlər. 

Məsələni aydınlaşdırmaq üçün Lənkəran-Astara regional təhsil idarəsinə müraciət etdik.

Lənkəran-Astara regional təhsil idarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Alim Əliyev Lent.az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Məsələ nəzarətə götürülüb. Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək”. 

# 9612
avatar

Arzu Qurbanlı

Oxşar yazılar