Sosial şəbəkəni çirkləndirən "kütlə" - Söyüş söyənləri bu cəzalar gözləyir
10 fevral 2026 17:17 (UTC +04:00)

Sosial şəbəkəni çirkləndirən "kütlə" - Söyüş söyənləri bu cəzalar gözləyir

0

Sosial şəbəkələrdə insanların bir-birlərinə qarşı əxlaqsız ifadələr işlətdiyini, təhqir və alçaldıcı sözlər yazdıqlarını görürük. Qanunlara dəyişiklik edilməsinə baxmayaraq hələ də söyüşlərin “public” formada normal ifadə kimi yazılması, deyilməsi təəssüf hissi yaradır.

Bəs görəsən, sosial şəbəkələrdə söyüş, təhqir, böhtan xarakterli məlumatların hüquqi məsuliyyəti nədir?

Hüquqşünas Şamil Paşayev Lent.az-a açıqlamasında bildirib ki, sosial şəbəkədə söyüş söymək, təhqir etmək 500 manatdan 2000 manatadək cəriməyə səbəb ola bilər:

Şamil Paşayev

"Dünyanın müxtəlif ölkələrində sosial şəbəkələrdə, eləcə də həyatda söyüş, təhqir, böhtan atma və alçaltmayla bağlı insanlar bir-birlərini məhkəməyə verirlər. Ölkəmizdə də bununla bağlı qaydalar müəyyənləşib. Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında zərərçəkmiş tərəfindən məhkəmələrə müraciət oluna bilər. CM-nin 148-1-ci (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsi isə ictimai xüsusi ittiham qaydasında prokurorluq orqanları tərəfindən istintaq edilir.

Son günlər İnzibati Xətalar Məcəlləsinə (388-1.) edilən dəyişikliyə əsasən, sosial şəbəkələrdə və internet platformalarında söyüş söymək, əxlaqsız ifadələr işlətmək,  qeyri-etik jestlər etmək, insan bədənini milli-mənəvi dəyərlərə zidd şəkildə nümayiş etdirmək kiməsə qarşı təhqir və alçaldıcı ifadələr işlətmək inzibati məsuliyyətə səbəb olur. Bu əməllərə görə 500 manatdan 2000 manatadək cərimə, halların ağırlığından asılı olaraq 30 gündən 2 ayadək inzibati həbs tətbiq edilə bilər. Pozuntu təkrar törədildikdə cəza daha da ağırlaşdırılır.

Bundan başqa, əgər insanlar şərəf və ləyaqətlərinin alçaldığını güman edirlərsə, məhkəməyə müraciət edib təkzib etdirə, eyni zamanda təzminat ala bilərlər. Bu, işin xarakterindən asılı olaraq dəyişir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 524

Oxşar yazılar