Süni intellektlə hava proqnozunu  öyrənmək - Təhlükə qaçınılmazdır
07 may 2026 15:07 (UTC +04:00)

Süni intellektlə hava proqnozunu öyrənmək - Təhlükə qaçınılmazdır

0

Süni intellekt vasitəsilə hava proqnozlarına baxmaq adət halına çevirilib. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, yeni nəsil modellər bəzi hallarda fəlakətli hava hadisələrini düzgün proqnozlaşdıra bilmir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, süni intellekt texnologiyaları iqlim dəyişikliklərinin yaratdığı qeyri-sabitlik qarşısında hələ də zəif qalır.

1970-ci ildə Şərqi Pakistan sahillərində baş verən Bhola siklonu tarixdə ən ölümcül təbii fəlakətlərdən biri olub. Saatda 205 kilometr sürətlə əsən küləklər və 10 metrlik dalğalar nəticəsində yüz minlərlə insan həyatını itirib. Sonrakı illərdə fiziki qanunlara əsaslanan kompüter modellərinin tətbiqi bu cür hadisələrin proqnozlaşdırılmasını xeyli yaxşılaşdırıb.

Hazırda isə süni intellektin tətbiqi ilə hava proqnozlaşdırılması yeni mərhələyə keçib. Bununla belə, alimlər bildirir ki, bu sistemlər əvvəllər qeydə alınmamış ekstremal hadisələri müəyyən etməkdə çətinlik çəkir.

Tədqiqatçılar bu problemi “boz qu quşu” fenomeni adlandırır. Söhbət nadir baş verən və tarixi məlumat bazalarında demək olar ki, yer almayan hadisələrdən gedir. Süni intellekt isə əsasən mövcud məlumatlara əsaslandığı üçün bu cür halları nəzərə almaqda çətinlik çəkir.

Mütəxəssislərin fikrincə, qlobal istiləşmə nəticəsində qeyri-adi hava hadisələrinin sayı artdıqca, bu problem daha da aktuallaşır. Ənənəvi, fizika qanunlarına əsaslanan modellər isə bu baxımdan daha etibarlı hesab olunur.

Çikaqo Universitetinin dosenti Pedram Hassanzadə bildirib ki, süni intellekt ekstremal hava hadisələrinin proqnozunda tez-tez uğursuz olur. Onun sözlərinə görə, belə hadisələrin proqnozu məlum məlumatlardan kənara çıxmağı tələb edir ki, bu da mövcud modellər üçün çətin məsələdir.

Kaliforniya Universitetinin San-Dieqo kampusunun dosenti Rouz Yu isə qeyd edib ki, problem təkcə səhvlərdə deyil. Onun sözlərinə görə, süni intellekt bəzən ciddi təhlükələr zamanı belə normal hava şəraiti ilə bağlı yanlış proqnozlar təqdim edir.

Bununla yanaşı, ekspertlər bildirir ki, süni intellekt gündəlik və tipik hava şəraitinin proqnozlaşdırılmasında effektivdir və bu sahədə dəqiqliyi getdikcə artır. Xüsusilə texniki imkanların məhdud olduğu regionlarda bu texnologiya mühüm rol oynayır. Alimlər sonda vurğulayır ki, süni intellektdən yalnız köməkçi vasitə kimi istifadə olunmalıdır. Əks halda, sürətə üstünlük verilməsi insanın analitik düşünmə qabiliyyətinin zəifləməsinə və peşəkarlığın azalmasına səbəb ola bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar