Hazırda ailə quran cütlüklərin müəyyən bir hissəsi bir çox səbəblərdən təbii yolla övlad sahibi ola bilmirlər. Buna görə də alternativ variant olan süni mayalanma yolunu seçirlər. Məhz bu üsulla xeyli ailə körpə sahibi olur.
Son günlərdə isə deputat Siyavuş Novruzovun parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında süni mayalanma ilə bağlı dedikləri cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub.
O, çıxışında süni mayalanma ilə dünyaya uşaq gətirməyin yanlış olduğunu bildirib:
““Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisə uzun illərdir təqdim olunub. Ancaq bu sənədin milli mentalitetimizə uyğun olmadığını hesab edirəm. Çünki süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz. Düzdür, hüquqi, tibbi və teoloji nöqteyi-nəzərdən baxa bilərik, mən daha çox teoloji istiqamətdə baxıram. Əgər Allah qismət etməyibsə, əleyhinə getmək olmaz. Bunu parlamentdə müzakirə etməyin heç bir yeri yoxdur. Əgər başqa ölkələrdə bunu tətbiq edirlərsə, özləri bilərlər. Məsələn, Rusiyada bir nəfər 40 uşaq dünyaya gətirir, ancaq bunu Azərbaycanda tətbiq etmək olmaz”.
Bəs, görəsən süni mayalanma ilə dünyaya gələn uşaqla təbii doğuşla dünyaya gələn uşağın arasında hansı fərqlər var?
Məsələ ilə bağlı ginekoloq Ləman Əliyeva Lent.az-a açıqlamasında bildirib ki, heç kim kənardan uşağa baxıb onun süni mayalanma ilə dünyaya gəlib-gəlmədiyini bilə bilməz.
Onun sözlərinə görə, bunu fərqləndirmək mümkün deyil:

“Amma süni mayalanma zamanı hər bir detal dəqiqliklə yoxlanılır. Spermatozoidlə mayalandırılan və seçilən yumurta hüceyrələri bütün genetik xəstəliklərə qarşı yoxlanılır. Bu baxımdan düşünürəm ki, süni mayalanma ilə doğulan uşaqlarda gələcəkdə hər hansı bir xəstəliyin yaranması ehtimalı çox azdır. Bu gün müqayisə etsək, təbii mayalanma ilə doğulan uşaqlarda genetik xəstəliklərin yaranması ehtimalı daha çoxdur”.