Adətən 365 günlük il təxminən 31 536 000 saniyə davam edir. Lakin keçən əsrdə bir il bundan xeyli uzun olub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 1972-ci il tarixin ən uzun ili hesab olunur.
Niyə 1972-ci il bu qədər uzun oldu?
1972-ci il həm yüksəkillik idi, həm də əlavə iki saniyə ilə uzadıldı. Bu “sıçrayış saniyələri” 30 və 31 dekabr tarixlərində dünya vaxtına əlavə edilib.
Nəticədə ilin ümumi uzunluğu 31 622 402 saniyə təşkil edib.
Əlavə saniyələr nəyə görə lazım idi?
Mütəxəssislər izah edir ki, əlavə olunan saniyələr planetimizin qeyri-bərabər dönmə sürətinə görə yaranan kiçik uyğunsuzluqları aradan qaldırmaq üçün vacib idi. Müasir dünyada qlobal vaxt atom saatlarına əsaslanır.
Atom saatları, adətən sezyum atomunun sabit titreşimləri əsasında işləyir və illərlə dəqiq qalır. Lakin bu dəqiqliyə baxmayaraq, atom vaxtı Yer kürəsinin real dönmə ritmi ilə tam üst-üstə düşmür. Çünki Yer sabit sürətlə fırlanmır, bəzən çox kiçik, millisekundluq gecikmələr yaranır.
Bu uyğunsuzluqları aradan qaldırmaq üçün zaman-zaman “sıçrayış saniyələri” əlavə olunur. Bu, xüsusilə GPS, telekommunikasiya, birja əməliyyatları və elmi ölçmələr üçün həyati əhəmiyyət kəsb edir.
Tarixdə ilk əlavə saniyə
Birinci sıçrayış saniyəsi 1972-ci ilin iyununda beynəlxalq razılaşma əsasında əlavə edilib. Həmin ilin sonunda isə yığılan fərqi tam kompensasiya etmək üçün daha bir saniyə artırılıb. 1970-ci illərdən bu günə qədər dünya vaxtına təxminən 30-a yaxın belə saniyə əlavə olunub.
Başqa hansı il ən uzun sayılır?
Bəzi alimlər eradan əvvəl 46-cı ili də qeyd edirlər. O zaman Yuli Sezar astronomların məsləhəti ilə təqvimi günəş ilinə uyğunlaşdırmaq üçün ilin uzunluğunu 445 günə qədər artırıb.