Skuter qəzaları ilə bağlı tez-tez xoşagəlməz hadisələr yaşanır, Dövlət Yol Polisinin tez-tez istifadəçilərə xəbərdarlıq etməsinə baxmayaraq, yenə də, problem həll olunmur. Günün istənilən saatı parklarda, dənizkənarı bulvarda gəzintiyə çıxanda, mütləq ki, bir skuterlə toqquşma həddinə çatırıq. Onlar gah ya bir-birləri ilə yaraşırlar, gah zolaq olmasına rəğmən üstümüzə çıxırlar, gah da kimisə yıxıb yerə, şəhərə çıxdığına peşman edirlər. Maraqlıdır ki, bu skuter istifadəçilərinin çoxu da, azyaşlılar, yeniyetmələrdir.
Bəs görəsən, azyaşlıların skuter idarə etməsi ilə bağlı qanunda hansısa məsuliyyətə dair maddə nəzərdə tutulubmu?
Hüquqşünas Ramil Süleymanov Lent.az-a açıqlamasında bildirib ki, 16 yaşdan aşağı şəxsin törətdiyi inzibatı pozuntularla bağlı tədbir görülə bilmir:
“Bir sıra inkişaf etmiş ölkələrdə skuterlərlə bağlı qadağalar tətbiq olunur və onlar nəqliyyat vasitəsi kimi dövriyyədən çıxarılıb. Buna misal kimi Fransanı göstərə bilərik.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsinə əsasən isə, inzibati məsuliyyətə cəlb etmənin yaşı 16-dır. Lakin təəssüf ki, qanunda müəyyən olunmuş yaşdan aşağı uşaqların da, skuter sürmələri faktı mövcuddur. Buna görə də, onlar tərəfindən vurulmuş zərərlər, törədilmiş inzibati pozuntular cəzalandırıla, barələrində hər hansısa tənbeh tədbirləri görülə bilmir.
Lakin hesab edirəm ki, skuter icarəyə verən hüquqi və ya fiziki şəxslər bu məsələdə məlumatlandırılmalıdırlar. Çağırışlarda mütləq bildirilməlidir ki, skuterlərin azyaşlılar tərəfindən idarə olunması nəticəsində törədilən inzibati xətaya, və ya yaxud onların vurduqları maddi zərərə görə birbaşa valideynləri məsuliyyətə cəlb olunacaq.
Bu problemin həlli ilə bağlı qanunvericiliyə əlavə və düzəlişlərin olunması, həmçinin valideynlərin məsuliyyətinin müəyyən olunmasını təklif edirəm”.
Nəqliyyat sahəsi üzrə eksperti Eldəniz Cəfərov isə bildirib ki, skuter problemini yalnız cərimə ilə tənzimləmək olar:
![]()
“Bakıda elektrikli skuterlərin, xüsusi elektrikli fərdi nəqliyyat vasitələrinin istismarı ilə bağlı qanunvericilikdə xeyli dəyişikliklər edilib. Lakin gənclər bu qayda-qanunlardan xəbərsizdirlər və bir çox hallarda onları pozurlar. Məhz bu pozuntular da, ağır faciələrə, yol qəzalarına səbəb olur. Buna görə də, qanunvericilikdə əksini tapan tənbeh kimi cərimələrin edilməsi qaçınılmazdır. Məsələni yalnız cərimə ilə tənzimləmək olar.
Bununla yanaşı nəqliyyat vasitələrini kirayə verən şirkətlər də, qarşılarına qoyulmuş tələblərə əməl etməli və skuter kirayə götürən müştərilərə qaydalar barədə əvvəlcədən məlumat verməlidirlər. Onlara yol hərəkəti haqqında qanundakı dəyişikliklər, cərimələrlə bağlı məlumatlar, skuterdən istifadə qaydaları bildirilməlidir. İstifadəçi bütün tələblərlərlə razılığını bildirdikdən sonra kirayə götürməsinə icazə verilməlidir”,-deyə ekspert fikrini yekunlaşdırıb.