Xaricdə təhsil və iş ümidi ilə minlərlə manat ödəyən şəxslər indi nə vəd edilən xidmətlərə çata, nə də pullarını geri ala bilirlər.
Lent.az xəbər verir ki, belə bir problemlə bir qrup paytaxt sakini ''Xəzər Xəbər''ə müraciət edib.
Məlumata görə, bir qrup vətəndaş ''Aid-Group'' xaricdə təhsil şirkəti və onun rəhbəri Nigar Fərhaddan şikayətçidir.
Şikayətçilərdən Aliyə Əfəndiyeva deyir ki, sosial şəbəkələrdə şirkətin reklamlarını görüb, müraciət edib. Üç övladının Kanadada təhsil alması üçün mart ayında 17 min manat ödəniş edib, Nigar Fərhadla müqavilə bağlayıb.
Kiminin övladı üçün, kiminin isə özü üçün xaricdə yeni həyat qurmaq ümidi beləliklə yarımçıq qalıb.
Ramin Bedimirzadə də ABŞ-də təhsil almaq üçün müqavilə əsasında 4350 manat ödədiyini deyir. Şikayətçinin sözlərinə görə, nə təhsil prosesi başlayıb, nə də ödədiyi məbləği geri ala bilib.
Şikayətçilər deyirlər ki, onların sayı bununla məhdudlaşmır. İddialara görə, zərərçəkənlərin sayı çoxdur və dəymiş zərərin məbləği də kifayət qədər böyükdür. Onlar başlarına gələnlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.
''Aid Group'' şirkətinin mövqeyini öyrənmək üçün ofisinə müraciət olunsa da qapısı bağlı olub. Şirkətin sosial şəbəkə səhifələrində qeyd olunan əlaqə nömrələrinə zəng edilsə də, zənglər cavabsız qalıb. Hazırda şikayətçilər pullarının qaytarılmasını və məsələyə hüquqi qiymət verilməsini gözləyirlər.
Lent.az-ın məlumatına görə, sosial şəbəkələrdə artıq AİD Group şirkətinin ofisinin bağlandığı, şirkətin rəhbəri Nigar Fərhadın isə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı yazılır.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik: