Azərbaycan hökumətinin gördüyü mərhələli və koordinasiyalı tədbirlər nəticəsində bu il iyulun 18 və 19-da Suriyadan 7-si qadın və 9-u uşaq olmaqla, ümumilikdə 16 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Bu barədə Lent.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.
Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul dövlət qurumlarından ibarət işçi qrupun üzvləri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi təmin olunub.
Daha sonra, Azərbaycanın Suriyadakı və Türkiyədəki səfirlikiləri, o cümlədən İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri, habelə təyyarə biletləri ilə təmin edilib və ölkəyə gətiriliblər.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.