Kanadanın Toronto şəhərində Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Azərbaycan Milli Hökumətinin yaranmasının 67-ci ildönümü ilə əlaqədar toplantı keçirilib.
Kanadada yaşayan soydaşımız, GAİP İnsan Haqları Mərkəzinin rəhbəri Oğuz Türkün verdiyi məlumata görə, anım mərasimi süquta uğramış Güney Azərbaycan Milli Hökumətinin marşı ilə başlayıb: “Kanadada yaşayan azərbaycanlılar və başqa türklər tariximizdəki bu şanlı tarixi qeyd etmək üçün toplaşdılar. Mərasimdə Kanada Türk Federasiyasını sədri Hüseyn Nurgel, “Heydərbaba” media şirkətinin rəhbəri Yaşar Purəli, İraq Türkmənləri Cəmiyyətinin rəhbəri Əli Özkan və başqa təşkilat rəhbərləri də iştirak etdilər. Məruzəçilər çıxış edərək Milli Hökumətin yaradılması və süqutu ilə bağlı ətraflı məlumat verdilər”.
Qeyd edək ki, 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Azərbaycan Milli Hökuməti yaradılıb. Bir il sonra 1946-cı il dekabrın 11-də İran şahı Məhəmmədrza Pəhləvinin rəhbərliyi altında Təbrizə qoşun yeridilərək Azərbaycan Milli Hökuməti devrilib.