«20 Yanvar» faciəsinin 23-cü ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər hazırlanıb. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, bu gün rayon rəhbərliyi, rayonun ictimai təşkilatlarının, Sosial Müdafiə Fondu, «20 Yanvar» cəmiyyəti və Veteran Təşkilatları Şurasının nümayəndələrinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə məhz bu yeni inzibati binada görüş keçirilib. Görüş «20 Yanvar» cəmiyyəti üçün yeni tikilmiş qərargahda keçirilib.
Tədbirdə çıxış edən Səbail RİH başçısı Asif Əsgərov qeyd edib ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunub. İcra başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanıb. Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara olan diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirib. Tədbirin sonunda RİH tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərilib və ərzaq bağlamaları təqdim olunub.
Qeyd edək ki, yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçəri şəhərdəki «Cümə məscidi»ndə şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcək.