Yeni il ərəfəsində “Azərikimya” İstehsalat Birliyinin nümayəndələrinin Sumqayıt Tarixi Muzeyinin əməkdaşları ilə görüşü keçirilib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İstehsalat Birliyinin nümayəndələri muzeyin yaranma tarixçəsi, onun ekspozisiyaları haqqında geniş məlumat alıb və burada Sumqayıtın neft-kimya sənayesinin inkişaf tarixini, bu sahədə uzun illər fədakarlıqla çalışmış kimyaçıların əmək yolu ilə bağlı foto-şəkillər və sənədlərlə tanış olublar.
Sumqayıtın Tarixi muzeyinin 45 illiyi münasibətilə kollektivi təbrik edən “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Birliyin son illərdəki fəaliyyətini, istehsalat və sosial inkişafını əks etdirən, xüsusi olaraq hazırlanmış albomu muzeyin yeni eksponatlarından biri kimi muzey rəhbərliyinə təqdim edib.
Görüş zamanı «Azərikimya» İstehsalat Birliyində son illər baş verən pozitiv dəyişiklikləri əks etdirən slayd-şou nümayiş etdirilib və video-çarx muzeyə hədiyyə edilib.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Olya İslamova İstehsalat Birliyi kollektivinin muzeylə daimi əlaqə saxladığına, bütövlükdə muzeyə və onun kollektivinə göstərilən diqqət və qayğıya görə Birlik rəhbərliyinə minnətdarlığını bildirib.