<b>Tələbə qəbulu: dövlət nə sifariş verir, abituriyent nəyi seçir? – <span style="color:red;">ARAŞDIRMA </b>
30 yanvar 2014 15:39 (UTC +04:00)

Tələbə qəbulu: dövlət nə sifariş verir, abituriyent nəyi seçir? – ARAŞDIRMA

Abituriyentlər kənd təsərrüfatı ixtisaslarında oxumaq istəmir.


- “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “2009–2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”
- “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə Dövlət Proqramı”
- “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”,
- “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” ölkə başçısının fərmanı...

Bütün bunlar ölkədə təhsil sisteminin, ayrı-ayrı sahələrin inkişaf tələbatına uyğun kadr potensialının hazırlanmasına yönəldilmiş ən mühüm strateji siyasət proqramlarıdır. Bu strateji tədbirlərin daha keyfiyyətli yerinə yetirilməsi üçün təhsilə investisiya qoyuluşunun həcmi də ildən-ilə artır. Məqsəd rəqabətə davamlı milli iqtisadiyyatın formalaşdırılması və onun inkişaf dinamikasının sürətləndirilməsinə təkan verə biləcək mütəxəssis hazırlığını stimullaşdırmaq, əmək bazarını müasir tələblərə cavab verən ixtisaslı kadrlarla təmin etməkdir.

Belədə maraqlı bir sual ortaya çıxır: Təhsil sahəsindəki inkişaf meylləri, ali məktəblərə qəbul imtahanlarında abituriyentlərin əldə etdiyi nəticələr, ixtisas seçimi bu strateji hədəflərə nə dərəcədə cavab verir? Ali təhsil almaq istəyən gənclər daha çox hansı ixtisasları seçir?

Bu və ya digər sualların ən dəqiq cavabı “Abituriyent” jurnalının bir neçə gün əvvəl çapdan çıxmış 12 sayında verilir. Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin ötənilki tələbə qəbulunun elmi-statistik təhlillərin yer aldığı bu nəşrdə bütövlükdə təhsil sahəsindəki vəziyyətin dövlətin yuxarıda sadalanan strateji proqram və planları ilə nə dərəcədə uzlaşıb-uzlaşmadığı daha aydın görünür.

Hamı üçün faydalı “Abituriyent”

Yeri gəlmişkən, TQDK-nın ənənəvi olaraq hər ilin sonunda nəşr etdiyi bu jurnal təkcə abituriyentlər üçün deyil, həm də dövlətin təhsil siyasətini həyata keçirən qurumlar, araşdırma mərkəzləri, təhsil ictimaiyyəti, ölkənin strateji inkişaf istiqamətlərini müəyyənləşdirən mərkəzi hakimiyyət strukturları üçün əvəzsiz mənbədir. Belə ki, məhz bu jurnallardakı elmi-statistik təhlillərlə Azərbaycanda və ölkənin ayrı-ayrı bölgələrində təhsilin mövcud vəziyyəti, ali təhsil almaq istəyənlərin hansı sahələrə daha çox üstünlük verməsi, gənclərin hansı ixtisaslara meyllənməsi, yaxud hansı ixtisasların boş qalması (hətta dövlət sifarişli yerlər olsa belə - E.S.) aydın şəkildə göstərilir. Məhz bu mənada TQDK-nın həmin nəşrinin sonuncu buraxılışlarını ölkənin bütün sahələrini əhatə edən strateji sənəd kimi dəyərləndirmək olar. Bu jurnaldakı materiallar həm də ölkəmizin davamlı sosial-iqtisadi tərəqqisi, qloballaşma və informasiya cəmiyyəti quruculuğu prosesləri, ayrı-ayrı sahələrdə yüksək peşəkarlıqla işləyə bilən kadr potensialının yetişdirilməsi sahəsindəki boşluqların aradan qaldırılması üçün lazım olan tədbirləri müəyyənləşdirməyə imkan verir.

Gənclər hansı sahəyə meyllənir?

Qayıdaq ali təhsil almaq istəyən gənclərin ixtisas seçmə meyllərinin dövlətin elan etdiyi və birbaşa dəstəklədiyi strateji hədəflərlə nə dərəcədə uzlaşmasına. Xatırladaq ki, 2010/2011-ci tədris ilindən başlayaraq, ali təhsil müəssisələrinə tələbə qəbulu həm dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi əsasında, həm də ödənişli qaydada aparılır. Dövlət sifarişi əsasında təhsil adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir. Bu, o deməkdir ki, müəyyən ixtisaslar üzrə mütəxəssis hazırlığını dövlət sifarişinə uyğun yerinə yetirən universitetlərə maliyyə vəsaitləri tələbələrin sayından asılı olaraq verilir. Belə maliyyələşmə mexanizminin tətbiqi həm də ali təhsildə keyfiyyətin yüksəlməsinə, universitetlər arasında dövlət sifarişi əsasında təhsil alan tələbə uğrunda rəqabət mühitinin yaranmasına xidmət edir. Qaydalara əsasən, dövlət sifarişi ilə mütəxəssis hazırlığında mülkiyyət formasından asılı olmayaraq, bütün universitetlər iştirak edə bilər. Bu zaman qəbul imtahanında yüksək nəticə əldə edərək dövlət sifarişli ixtisaslarda təhsil almaq hüququ əldə edənlərin təhsili üçün nəzərdə tutulan vəsait həmin universitetin hesabına köçürülür.

TQDK-nın təhlilləri göstərir ki, 2013/2014-cü tədris ili üçün ali məktəblərə dövlət sifarişi əsasında 11036 (əlavə olaraq 53 yer müsabiqədən kənar) tələbə qəbulu nəzərdə tutulmuşdu. Bu yerlərin böyük əksəriyyəti (40,29 faizi) I qrup üzrə ixtisasların payına düşür. Sonrakı yerləri 22,73 faizlə II qrup, 23,50 faizlə III qrup və 13,49 faizlə IV ixtisas qrupu tutur. Əvvəlki illə müqayisədə 2013-cü ildə dövlət sifarişli yerlərin sayı 4,21 faiz (446 yer) artıb. Artırılan yerlərin 4,78 faizi I ixtisas qrupunun, 6.09 faizi II, 0,54 faizi III, 6.05 faizi isə IV qrupun payına düşüb. Dövlət sifarişli yerlərə tələbə qəbulunda 29 dövlət, 12 özəl universitet iştirak edib. Ali təhsil müəssisələri arasında dövlət sifarişi əsasında ən çox mütəxəssis hazırlamaq imkanına Bakı Dövlət Universiteti (3051 yer), Azərbaycan Dövlət İqtisad Universiteti (2088 yer) və Azərbaycan Dövlət Pedaqoji Universiteti (1748 yer) malik olub.

Daha hazırlıqlı gənclərin dövlət sifarişli yerlərin müsabiqəsində iştirak etməsi üçün (kənd təsərrüfatı ixtisasları istisna olmaqla) I ixtisas qrupu üzrə keçid balı 250, II qrupda 300, III və IV qruplarda isə 350 bal həddində müəyyən edilib. Ötən il dövlət sifarişli yerlərin müsabiqəsində ümumilikdə 26 min 152 abituriyent iştirak etmək hüququ qazanıb. Bu abituriyentlərin 44,44 faizi (11 min 622
nəfər) I qrupun, 18,05 faizi (4 min 721 nəfər) II qrupun, 23,62 faizi (6 min 176 nəfər) III qrupun, 13,89 faizi (3 min 633 nəfər) isə IV qrupun payına düşüb.

Abituriyentlər kənd təsərrüfatı ixtisaslarını bəyənmir...

Təhlil göstərir ki, ödənişli ixtisaslar üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin yalnız 69,78 faizi dövlət sifarişi əsasında qəbul aparılan yerlərin müsabiqəsində iştirak etmək hüququ qazanıb. Bu göstərici I qrupda 98,56 faiz, II qrupda 44,44 faiz, III qrupda 56,43 faiz, IV qrupda isə 88,22 faiz təşkil edib. Göründüyü kimi, bu sırada da ilk yeri I ixtisas qrupunu seçmiş abituriyentlər tutur. Bütövlükdə ötən il dövlət sifarişi əsasında ayrılan 11036 plan yerinə 10913 abituriyent qəbul olub.

Bütövlükdə ötən il dövlət sifarişli ixtisaslara qəbul üçün müəyyən edilmiş tələbə qəbulu planı 98,89 faiz yerinə yetirilib. Dövlət sifarişli yerlər üzrə müsabiqədə I ixtisas qrupundan 6327 abituriyent iştirak edib və sifariş 99,73 faiz yerinə yetirilib. II ixtisas qrupunda bu analogiya müvafiq olaraq 3977 və 99,60 faiz, III qrupda 5476 və 97,88 faiz, IV qrupda isə 2693 və 96,91 faiz olub. Yəni dövlət sifarişinin ən yüksək yerinə yetirilmə faizi I qrupda, ən az IV qrupda olub. Ən maraqlısı odur ki, IV qrupda boş qalan yerlər əsasən kənd təsərrüfatı ixtisaslarına aiddir. Halbuki, Azərbaycan hökuməti həm ali təhsilin inkişafına dair qərar və proqramlarında, həm də sosial-iqtisadi inkişaf üzrə strategiyada məhz iqtisadiyyat ixtisasları, bunların arasında isə aqrar sahə üzrə kadr hazırlığının gücləndirilməsini əsas hədəf seçib. Başqa sözlə, dövlət daha çox kənd təsərrüfatının iqtisadiyyatı ixtisasları üzrə tələbə qəbulunu maliyyələşdirir. Amma təhlillər göstərir ki, bu istiqamət heç də abituriyentlərin çoxunun marağında deyil.

Göründüyü kimi, dövlət sifarişi əsasında qəbul aparılan yerlərə qəbulolma faizi ümumilikdə yüksək olsa da, kənd təsərrüfatı və texnologiya mühəndisliyi ixtisaslarına dövlət sifarişi tam həcmdə yerinə yetirilməyib. Bu tendensiya təkcə 2013-cü ildə deyil, əvvəlki illərdə də müşahidə olunub. Araşdırmalar göstərir ki, dövlət sifarişi ilə qəbul aparılan ixtisaslarda tələb olunan müsabiqə şərtlərini ödəyən orta və yüksək hazırlıqlı gənclər bu ixtisaslara az meyl göstərirlər.

...Niyə?

“TQDK-nın “Abituriyent” jurnalının 12-ci sayında dərc etdiyi elmi-statistik təhlillərdə bu sualın da cavabını tapmaq olar. Jurnaldakı materiallardan görünür ki, sonuncu qəbul imtahanları zamanı kənd təsərrüfatı ixtisaslarına abituriyentlərin maraqlarını artırmaq üçün Azərbaycan Dövlət Aqrar Universitetinə əlavə dövlət sifarişli yerlər ayrılsa da, bu, gözlənilən nəticəni verməyib. Belə ki, bu tədbir “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi”, “Aqromühəndislik” və “Əczaçılıq” ixtisaslarına qəbula ciddi təsir göstərdiyi halda, “Torpaqşünaslıq və aqrokimya”, “Aqronomluq”, “Baytarlıq” və “Su bioehtiyatları və akvabitkilər” ixtisaslarına qəbulda əhəmiyyətli dəyişiklik yaratmayıb. Hətta “Zootexniklik”, “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi”, “Meşəçilik” ixtisaslarına bir nəfər belə, qəbul olmayıb. Deməli, abituriyentlərin kənd təsərrüfatı ixtisaslarına marağını artırmaq üçün təkcə dövlət sifarişli yerlərin artırılması kifayət etmir. Elə TQDK-nın müvafiq ixtisaslar üzrə kadr hazırlığı aparan universitetlərlə apardığı məsləhətləşmələr isə göstərir ki, gənclərin bu ixtisaslara meyil və maraqlarını gücləndirmək üçün dövlət tərəfindən bir sıra stimullaşdırıcı sosial tədbirlərə ehtiyac var. Buraya tələbələrə digər ixtisaslarla müqayisədə yüksək təqaüd verilməsi, yataqxana və universiteti bitirdikdən sonra yüksək maaşlı iş yeri ilə təminat məsələləri daxil ola bilər.

Bu tip məsələlərin necə və hansı yolla həll ediləcəyi isə aidiyyəti dövlət strukturlarının işidir. Artıq TQDK real nəticələri ortaya qoyub, indi qalır gəncləri dövlətin prioritet elan etdiyi sahələrə həvəsləndirmək, abituriyentlərin meyl və maraqlarını daha çox gərəkli ixtisaslara istiqamətləndirmək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3392

Oxşar yazılar