Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə BANM tələbə özünüidarəetmə qurumunun təsis konfransı keçirilib. Lent.az-ın məlumatına görə, konfransda çıxış edən BANM rektoru Elmar Qasımov bildirib ki, ölkə prezidentinin həyata keçirdiyi demokratik islahatlar və gənclər siyasəti gənclərin ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakını tələb edir: “Boloniya prosesinin əsas şərtlərindən biri tələbələrin ali məktəblərin idarə edilməsində yaxından iştirak etməsidir. Məhz buna görə də bu qərara gəldik ki, BANM-də bu qurumun yaradılması həyata keçirilsin. Bu, tələbələrə öz ideyalarını, layihələrini həyata keçirmək üçün verilən gözəl bir şansdır”.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev isə bildirib ki, ölkədə uğurlu gənclər siyasəti həyata keçirilir. Gənclərlə iş dövlət siyasətinin əsas tərkib hissəsidir: “Yeni yaranan təhsil ocağı üçün bu gün çox əlamətdar olacaq. Ölkədəki ali məktəblərin bir çoxu bu prosesə qoşulmayıb. Amma BANM Boloniya prosesinin bu şərtinə indidən əməl eləyir. BANM tələbələrinin əksəriyyəti ali məktəbə yüksək balla daxil olub. Ümid edirəm ki, həmin tələbələr təhsildə yüksək nailiyyətlər əldə etməklə bərabər, ölkədə gedən quruculuq işlərində, ictimai fəaliyyətdə də aktiv olacaqlar”.
Daha sonra BANM tələbə özünüidarəetmə qurumunun sədr seçkiləri başlayıb. İclasda BANM tələbə özünüidarəetmə qurumunun sədri, fakültə sədrləri və qurumun adı seçilib.